Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:52

İran Avropaya sentyabrın 6-dək vaxt verdi


Javad Zarif Sergei Lavrov-la görüşdə
Javad Zarif Sergei Lavrov-la görüşdə

İran Avropaya xəbərdarlıq edib ki, sentyabrın 6-dək nüvə sazişiylə bağlı yeni şərtlər təklif etsin. Tehran əks halda nüvə sazişindən kənar “güclü addım atacağını” vurğulayıb.

Bunu İran hökumətinin sözçüsü Ali Rabiei sentyabrı 2-də İranın Xarici işlər naziri Mohammad Javad Zarif-in rusiyalı həmkarı Sergei Lavrov-la görüşündən öncə deyib.

“Bir çox məsələlər üzrə nöqteyi nəzərlər yaxınlaşmaqdadır və hazırda Avropanın nüvə sazişi öhdəliklərini yerinə yetirməsilə bağlı texniki müzakirələrə aparılır”, – Rabiei IRNA agentliyinə deyib.

Ali Rabiei
Ali Rabiei

O əlavə edib ki, Prezident Hassan Rohani ilə fransalı həmkarı Emmanuel Macron arasında telefon danışıqlarından sonra bu iki ölkənin baxışları yaxınlaşıb, ancaq Avropa ölkələri sentyabrın 6-dək yeni şərtlər irəli sürməsələr, Tehran sazişdən uzaqlaşaraq “güclü addım atacaq”. İran həmin tarixdən sonra nüvə öhdəliklərini daha da məhdudlaşdıracağını bildirmişdi.

Zarif isə Lavrov-la görüşdə ikitərəfli, regional məsələlərin, Suriya və Əfqanıstanın, nüvə sazişinin müzakirə olunacağını söyləyib.

“Rusiya hökuməti çətin vaxtlarda İran İslam Respublikasının yanında olub və biz çətin vaxtlarda yanımızda dayanmış dostlarımıza fərqli yanaşacağıq”, – Zarif Moskvaya çatınca jurnalistlərə söyləyib.

Bu arada Xarici işlər nazirinin müavini Abbas Araghchi sentyabrın 2-də Fransaya gedir. O, 2015-ci il nüvə sazişinin xilası üzrə təklifləri müzakirə edəcək.

***

İranın Xarici işlər naziri Mohammad Javad Zarif sentyabrın 2-də Moskvaya yola düşüb. O, rusiyalı həmkarı Sergei Lavrov-la ikitərəfli və regional məsələləri müzakirə edəcək.

Tərəflərin Fars körfəzindəki vəziyyəti, Birləşmiş Ştatların ötən il tərk etdiyi nüvə sazişini müzakirə edəcəyi gözlənir. Açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova verib.

Gündəlikdəki digər məsələlər Suriya, Əfqanıstan, Yəmən, “ticari və iqtisadi əməkdaşlığın” genişləndirilməsidir.

Rusiya da 2015-ci ildə nüvə sazişini imzalayıb və İranla Birləşmiş Ştatların arasında gərginliyi azaltmağa çağırır.

ABŞ Prezidenti Donald Trump sazişdən çıxandan sonra İranın neft sənayesi və maliyyə sektoruna sanksiyaları bərpa edib. O, İran yaxınlığında sularda gəmilərin hərəkətini bərpa etməkdən ötrü beynəlxalq dəniz patrulunun yerləşdirilməsinə çağırır.

Son vaxtlar beynəlxalq gəmilərə hücumlara görə Birləşmiş Ştatlar İranı ittiham edib. İran isə ittihamları rədd edib. Bütün bunlar regionda gərginliyi artırıb.

Zarif 2015-ci ildə nüvə danışıqlarında İranın əsas təmsilçisi olub.

İran da bu ildə saziş çərçivəsində öhdəliklərini məhdudlaşdırmağa başlayıb. Bu arada Britaniya, Fransa, Almaniya sazişi qoruyub saxlamağa cəhd edir.

Trump nüvə sazişindən çıxmasını bu sənədin İranın raket proqramını, regionda yaraqlılara dəstəyini əhatə etməklə əsaslandırıb.

İran isə yaraqlıları dəstəkləmədiyini, nüvə proqramının sırf dinc məqsədli olduğunu deyir.

Lavrov və Zarif sonuncu dəfə mayda Rusiyada görüşüblər.

XS
SM
MD
LG