Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:31

AŞPA məruzəçisi səfərini yekunlaşdırıb


T.S.Evarsdottir
T.S.Evarsdottir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) «Azərbaycanda bildirilən siyasi məhbus işləri» üzrə məruzəçisi Torhild Sunna Evarsdottir Azərbaycana üçgünlük səfərini yekunlaşdırıb. AŞPA məruzəçinin üç məhbus – Tale Bağırzadə, Abbas Hüseynov, Əfqan Muxtarlı və Səid Dadaşbəylinin işi üzrə faktaraşdırıcı səfər etdiyini bildirir.

«Azərbaycan hakimiyyətinə rəsmi görüşlərimin təşkili və ümumilikdə səfərimi asanlaşdırdığı üçün təşəkkür etmək istərdim. Bu konstruktiv münasibət məni ürəkləndirdi», – xanım Evarsdottir deyib.

«Həmin üç məhbusdan əlavə, mən hökumətin bir sıra tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, hüquqşünaslar, QHT təmsilçiləri, yerli diplomatik icmanın üzvləri ilə də görüşdüm», – məruzəçi əlavə edib.

«Bu intensiv səfər mənə hesabatım üçün möhkəm təməl yaratdı. Hesabatda mövcud durum nəzərdən keçiriləcək, gələcək proqres üçün tövsiyələr irəli sürüləcək», – yazan məruzəçi hesabatı bu ilin sonunadək AŞPA-nın Hüquqi işlər komitəsinə təqdim edə biləcəyinə ümidvar olduğunu vurğulayıb.

Məruzəçi İlqar Məmmədovla bunlardan danışıb...

ReAL Partiyasının sədri, keçmiş məhbus İlqar Məmmədov sentyabrın 7-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda səfərdə olan məruzəçisi Torhild Sunna Evarsdottir ilə görüşüb.

Bu barədə İ.Məmmədov bildirib.

Partiya sədri məruzəçinin hazırlayacağı hesabatla bağlı geniş söhbət apardıqlarını söyləyib: «Əslinə qalarsa, məruzəçi ilə görüşüm bir növ 2019-cu ilin iyununda Strasburqdakı görüşümüzün davamı sayıla bilər. Görüşdə ölkədə siyasi məhbus kateqoriyalarının tam təmin olunması və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının tam şəkildə icra edilməsi barədə fikir mübadiləsi apardıq. Həm də vurğuladıq ki, bunun üçün siyasi partiyaların, sivil toplumun, beynəlxalq qurumların sərəncamında olan bütün alətlərin öz yeri var və bunlardan istifadə olunmalıdır».

İ.Məmmədov daha sonra da deyib: «Məruzəçinin yanvarda təqdim edəcəyi hesabatına qədər məncə, bütün siyasi məhbusların azad edilməsi inandırıcı görünmür. Amma bu ilin təcrübəsi göstərdi ki, müəyyən irəliləyiş mümkündür və ondan da böyüyünə doğru çalışmalıyıq».

AŞPA-nın Azərbaycanda siyasi məhbus sayılan şəxslər üzrə məruzəçisi Torhild Sunna Evarsdottir sentyabrın 5-də Azərbaycana gəlmişdi. Səfər çərçivəsində o, Ali Məhkəmə, Ədliyyə Nazirliyi təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşlər keçirib. Səfərin sentyabrın 7-də başa çatdığı bildirilir.

Sədr: «...Avropa Məhkəməsinin qərarları ilə bağlı seminarlar keçirilir»

Sentyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Torhild Sunna Evarsdottirin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşüb.

Bu barədə Ali Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Ş.Yusifov Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. O, habelə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsindən bəhs edib. «Qeyd edib ki, hər həftə Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarla bağlı seminarlar keçirilir. Məhkəmə sisteminə hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb və bu təqdir olunur», - məlumatda yazılıb.

Hüquq müdafiəçiləri məruzəçi ilə görüşüblər

Sentyabrın 5-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbus sayılan şəxslər üzrə məruzəçisi Torhild Sunna Evarsdottir bir qrup hüquq müdafiəçisi ilə görüşüb. Bunu AzadlıqRadiosuna Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülalıyev bildirib.

Komitə sədri deyib ki, görüşdə Azərbaycanda siyasi məhbus problemi ətrafında fikir mübadiləsi aparılıb.

O.Gülalıyevin sözlərinə görə, məruzəçi Azərbaycanda hakimlərin 75 faizinin yeniləndiyi, vəkillərin sayının artırıldığı barədə məlumatlara malik olduğunu bildirib: «Görüşdə olan hüquq müdafiəçiləri kimi biz də bildirdik ki, istər hakimlərin tərkibinin yenilənməsi, istərsə də vəkillərin sayının artırılması heç də məhkəmələrin müstəqil olması göstəricisi ola bilməz. Bu yenilənmə ölkədə siyasi məhbus məsələsinə son qoymur. Çünki siyasi məhbus problemi hakimiyyətin mahiyyətindən irəli gəlir. Bir qrup siyasi məhbusu azad edir, yeni qrup şəxsləri həbsə alır».

Hüquq müdafiəçisi deyir ki, məruzəçiyə 2018-ci il Gəncə, 2017-ci il Tərtər hadisələri barədə məlumatlar veriblər. Eyni zamanda, bu hadisələr zamanı saxlananlara işgəncələr verilməsi, bəzilərinin hakim önünə çıxmazdan əvvəl həlak olmaları barədə şikayətlərin olduğunu çatdırıblar.

O.Gülalıyevin sözlərinə görə, məruzəçi də öz növbəsində səfər müddətində bəzi siyasi məhbuslarla da görüşəcəyini, bu istiqamətdə obyektiv hesabat hazırlayacağını söyləyib: «İnanıram ki, məruzəçi ölkəmizdəki siyasi məhbus problemi ilə bağlı obyektiv sənəd hazırlayacaq. Bu sənəd siyasi motivlərlə həbs olunmuş günahsız şəxslərin azadlığa çıxmasına böyük töhfə verəcək».

O.Gülalıyev deyib ki, görüşdə hüquq müdafiəçiləri İntiqam Əliyev, Xədicə İsmayıl, Rəsul Cəfərov, bloqer Mehman Hüseynov, həbsdən yenicə azad olan jurnalist Seymur Həzi iştirak ediblər.

T.S.Evarsdottir elə dünən, sentyabrın 5-də Azərbaycana gəlib.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin verdiyi məlumata görə, T.S.Evarsdottir səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirməlidir. Səfərin sentyabrın 7-də başa çatacağı gözlənir.

İslandiyadan olan deputat T.S.Evarsdottir ötən il iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib. Həm də məruzəçi təyin edilən deputat «Azərbaycandakı siyasi məhbuslar» adlanan hesabat hazırlamalıdır. Bu, həmin vəzifədə onun Azərbaycana ilk səfəridir.

Xatırlatma

Yerli hüquq müdafiəçilərin hazırladıqları siyahılara görə, Azərbaycanda 120-yə yaxın siyasi məhbus var. Amma hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

2017-ci ildə baş verən Tərtər hadisələri zamanı bir sıra hərbi qulluqçular dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb ediliblər.

2018-ci ilin yayında isə Gəncədə icra hakimiyyəti başçısına sui-qəsd olub, sonra baş verən hadisələrdə iki polis əməkdaşı qətlə yetirilib.

Bütün bu proses boyu ümumilikdə 80 civarında şəxsin həbs edildiyi açıqlanıb. Hüquq müdafiəçiləri bu hadisələrdə bir sıra qaranlıq mətləblərin olduğunu, məhkəmədə həmin məqamların aydınlaşmadığını iddia edirlər. Rəsmilər isə belə iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG