Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Moskva sovet marşalının heykəlinə görə Çexiyanı hədələyir


Praqada sovet marşalı Ivan Stepanovich Konevin heykəli
Praqada sovet marşalı Ivan Stepanovich Konevin heykəli

Çexiya paytaxtının rayonlarından birində bələdiyyənin sovet marşalı İvan Konevin heykəlinin şəhərin meydanlarından birindən götürülməsinə dair qərarı Rusiya və Çexiya Respublikası arasında diplomatik qarşıdurmaya səbəb olub.

Sentyabrın 13-də Çexiya Xarici İşlər Nazirliyi Duma deputatlarından birinin bəyanatı ilə bağlı Rusiya səfirini izahat üçün dəvət edib.

Həmin millət vəkili Konevin heykəlinin meydandan götürülməsinə səs vermiş bələdiyyənin başçısını “nasist rəsmisinə” bənzətmişdi.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Praqa rayon meriyasının qərarı “cavabsız qalmayacaq”.

Çexiyada bəziləri Konevi II Dünya Müharibəsində ölkə ərazisinin əksər hissəsini nasistlərdən təmizləmiş xilaskar kimi görürlər.

Amma əksər çexlərin fikrincə bu sovet marşalı, müharibədən sonrakı illərdə Mərkəzi və Şərqi Avropaya zorla kommunist ideologiyasını qəbul etdirmiş fiqurlardan biri olub.

Sovet hərbi komandanına Praqada qoyulmuş abidəyə bir neçə dəfə vandalizm hücumu olub.

Bu hücumlardan sonuncuları bu yaxınlarda, avqustun 21-də Çexoslovakiyaya 1968-ci il sovet hərbi müdaxiləsinin ildönümündə baş verib. O vaxt heykəlin üstünə rəng atılmış, postamentinə “cəllad” sözü yazılmışdı.

Uzun mübahisələrdən sonra Praqanın 6-cı rayonunun meri Ondrej Kolar heykəlin brezentlə örtülməsinə göstəriş verib.

Lakin Praqadakı rusiyayönlülər bir neçə dəfə örtüyü sökmüş, heykəlin postamentinə gül-çiçək qoymuşdular.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinsky ötən həftə heykəlin parkdan götürülməsinə göstəriş vermiş Koları “nasistə” bənzətmişdi.

Rusiya səfirinin Çexiya XİN-ə dəvət edilməsinə gəlincə isə xarici işlər nazirinin müavini Chmelar xatırladıb ki, Praqa Moskva ilə Dostluq və Əməkdaşlıq Müqaviləsinə hörmətlə yanaşır, amma Konevin heykəli barədə qərar Çexiyanın daxili işidir.

Sentyabrın 12-də Çexiyadakı Rusiya səfirliyinin verdiyi bəyanatnda deyilir ki, Praqa 6 rayonunun apardığı kampaniya Qırmızı Ordu əsgərlərinin xatirəsinə təhqirdir və Çexoslovakiya və onun paytaxtının nasistlərdən azad edilməsində çexlər və slovaklar da iştirak ediblər.

Bundan bir gün sonra Rusiya XİN bəyan edib ki, heykəlin götürülməsi qərarı ikitərəfli münasibətlərdə “nəzərçarpacaq qıcıq” yaradıb və bu münasibətlərə kölgə salıb:

"Biz ümid edirik ki, bu misli görünməmiş qərarın təşəbbüsçüləri ağıllarını başlarına yığacaq və bu hərəkətlərin mümkün nəticələrini dərk edəcəklər”.

Çexiyanın Vladimir Putinlə yaxın münasibəti ilə tanınan prezidenti Milos Zeman Koları tənqid edib və deyib ki, Konevin heykəli öz yerində qalmalıdır.

Avqust ayında heykələ edilmiş hücumlardan sonra rayonun hakimiyyət orqanları abidənin yaxınlığına çex, rus və ingilis dillərində lövhə yerləşdirmişdi.

Bu lövhədə Konevin 1956-cı il Macarıstan üsyanının yatırılmasındakı və Berlin hasarının ucaldılmasındakı rolu barədə məlumat verilirdi.

Bəzi tarixçilər bildirirlər ki, Konev habelə 1968-ci ildə Çexoslovakiyaya sovet hərbi müdaxiləsinin hazırlanmasında fəal iştirak edib.

Kolar AP agentliyinə bildirib ki, o adamlara “baş vermiş tarixi hadisələri gizlətməyən tam məlumat” vermək istəyib.

Xəbər verilir ki, hazırda rayon meri və onun ailəsinə polis qoruması verilib, beləki onlara qarşı ölüm hədələri edilib.

Kolar Konevin heykəlinin yerində “Praqanın xilaskarlarına” abidəsinin qoyulması üçün müsabiqə elan etmək istəyir.

O demişdi ki, bələdiyyənin gəldiyi konsensusa görə Konevin heykəlinə “başqa bir layiqlı yer” tapılmalıdır.

Ümumiyyətlə, bütün Avropa boyunca müharibədən sonra qoyulmuş sovet abidələri ilə bağlı ziddiyyətlər yaranıb.

Bundan əvvəl Bolqarıstan paytaxtı Sofiyada da sovet əsgərlərinə qoyulmuş abidəyə vandalizm hücumları olub.

Estoniya 2007-ci ildə Tallindəki bürünc sovet əsgəri heykəlini meydandan götürdükdən sonra onun internet sistemini iflic etmiş kiberhücumlara məruz qalmışdı.

XS
SM
MD
LG