Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

'Kapitalbank'dakı hesablardan pulu necə çəkməsindən danışır


Bank kartları
Bank kartları

«Kapitalbank»ın 124 müştərisinin hesablarından pul çəkməkdə suçlanan 29-yaşlı Səddam Nəzərli bu işi necə gördüyünün təfərrüatlarını danışır. Deyir ki, bankdakı hesabların qorunmasındakı boşluqlar barədə sonradan onların özünü də xəbərdar edib. Hətta gedib bankda əməkdaşlarla görüşüb, bu haqda məsləhətlərini də verib.

Bütün bunlar barədə oktyabrın 3-də öz məhkəməsində ətraflı danışan Səddam öncə onu vurğulayır ki, işsizlik, borc üzündən bu addımı atıb: «Xeyli vaxtdı işsiz idim, borc içində batırdım. Çıxış yolları axtarırdım. Bir müddət market işlətdim, onda da ziyana düşdüm. Görəndə ki, heç cür alınmır, plan qurdum, bu yolla vəziyyətdən çıxmağa cəhd elədim. Əvvəl bir hesabdan çıxarmağı yoxladım. Gördüm ki, alınır, başladım bu işi görməyə...».

Səddam deyir ki, əvvəlcədən planı təxminən 40 min pul çıxarmaq olub. Çünki 30 min manata qədər borcu olub. Bilib ki, əvvəl-axır onu yaxalayacaqlar, həbsdə olduğu müddətdə, heç olmasa, 10 min manata qədər də ailəsi üçün ehtiyat qoymaq istəyib: «Fikirləşirdim ki, azyaşlı oğlum mən həbsdən çıxana qədər yaşaya bilsin...».

O bildirir ki, proqramlar vasitəsilə «Kapitalbank»ın «Birkart» müştərilərinin hesabına daxil olub, anasının onda olan kartına pul köçürürdü. Sonra da həmin pulları nağdlaşdırırdı. Xeyli pul çıxarandan sonra Türkiyəyə gedib. Bir müddət orada qalandan sonra Bakıya qayıdıb. Dediyinə görə, ona təəccüblü gəlib ki, o vaxta qədər nə onu axtaran olub, nə ailəsinə zəng gəlib. Hətta Bakıya qayıdanda da fikirləşirmiş ki, hava limanında onu saxlayacaqlar. Amma bu baş verməyib.

Özü banka zəng edib, boşluqlar barədə məlumat verib

Digər tərəfdən də, müştərilərin hesablarından bu qədər pulun yoxa çıxmasından bankın xəbərsiz olması ona inandırıcı gəlmirmiş: «124 nəfərin hesabından pul çıxarmışdım. Necə ola bilərdi ki, bir nəfər banka şikayət eləməsin, bank buna görə araşdırma aparmasın? Gördüm ki, bunlardan xəbər yoxdur, fikirləşdim ki, bu işi ictimailəşdirim. Bank hesablarından ayrı-ayrı adamların mobil nömrələrinə pul köçürdüm. Yenə səs-soraq çıxmadı. Özüm banka zəng elədim, dedim ki, sizdə belə boşluqlar var, filan problemləri aradan qaldırmalısınız. Düzü, hiss elədim ki, mənə inanmadılar...».

Bir neçə gün sonra ona zəng gəlib, şəxs özünü bankın əməkdaşı Emin kimi təqdim edib. Dediyinə görə, dərhal telefonundakı proqram vasitəsilə zəng gələn nömrəni yoxlayıb və onun bir çox telefonlarda «Emin BMCMİ» (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) kimi qeyd olunduğunu görüb. Səddam bildirir ki, artıq həmin vaxt bank yox, polis əməkdaşı ilə danışdığını bilirdi, amma hiss etdirməyib: «Polis məndən bank işçisi kimi hər şeyi soruşdu, mən də izah elədim. Sonra məni banka görüşə çağırdılar. Ora getdim və hər şeyi izah elədim. Yenə də əvvəl inanmırdılar. Amma izahlarımdan sonra mənə inandılar...».

«Kapitalbank»ın məhkəmədə iştirak edən təmsilçisi söylənən fikirlərə münasibət bildirməyib.

Səddam deyir ki, amma bank sonda ona qarşı haqsızlıq edib – hesablardan çıxarılan vəsaitin məbləğini şişirdib. Bununla da ona ittiham verilən maddəni ağırlaşdırıblar. Halbuki, əvvəldən özü diqqət edib ki, çıxardığı məbləğ 50 min manatdan çox olmasın. Çünki qanunda 50 min manata qədər məbləğ xeyli miqdarda, ondan yuxarı isə külli miqdarda sayılır.

İttihamda Səddamın hesablardan 85 min manat çıxardığı iddia olunsa da, «Kapitalbank» ona qarşı 39 min manatlıq mülki iddia qaldırıb. Çünki bank özü müştərilərə pulu ödəyib, indi həmin vəsaiti təqsirləndirilən şəxsdən istəyir.

«Görün indi 390 min olsaydı, neyləyərdilər...»

Təqsirləndirilən şəxsin sözlərinə görə, onun bu əməlindən sonra bank bəzi təhlükəsizlik addımları atıb: «O kartlarda əvvəl SMS xidməti - təsdiq kodu göndərilməsi məsələsi yox idi. Bu işdən sonra bank 6-rəqəmli təsdiq kodunu tətbiq etməyə başladı».

Səddam sualları cavablandıranda deyib ki, qohum-qonşuya birdən-birə bu qədər pulunun olmasını mərc oyununda udmasıyla izah edib.

Bundan başqa, o, «Birkart» hesablarından müxtəlif telefon nömrələrinə pul göndərərkən bu sıraya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Hətəm adlı bir əməkdaşını da əlavə edib – ona da pul göndərib: «Hətəmin hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək. Biləcək ki, bunu Səddam edib. Elə də oldu...».

Ona ünvanlanan suallardan biri də belə olub: «Niyə 39 min? Məsələn, 390 min manat götürüb, daha bir neçə il də həbsdə yatmağı da planlaşdıra bilərdin...».

Onun cavabı belə olub: «Mənim məqsədim sadəcə, borcumu vermək olub. 40 minə görə üstümdən o tərəf-bu tərəfə keçirdilər ki, yerini de. Görün indi 390 min olsaydı, neyləyərdilər...».

S.Nəzərliyə CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) və 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 177.3.2 maddəsində 5 ildən 10 ilə qədər həbs, 272.2.1 maddəsində isə 4-6 min manat cərimə və ya 2 ildən 4 ilə qədər həbs nəzərdə tutulub.

XS
SM
MD
LG