Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:35

Çin şirkətləri uyğurlara görə qara siyahıya salındı


İstanbulda uyğurlara görə etiraz aksiyası, arxiv fotosu
İstanbulda uyğurlara görə etiraz aksiyası, arxiv fotosu

Birləşmiş Ştatlar Çinin 28 təşkilatını qara siyahıya salıb. Onların ölkənin qərbindəki Sincan regionunda uyğurlara və digər əsasən müsəlman etnik qruplara qarşı “insan haqları pozuntuları”nda əli olduğu iddia olunur.

Kommersiya Departamenti oktyabrın 7-də bildirib ki, bu qurumların ABŞ hökumətinin təsdiqi olmadan ABŞ şirkətlərindən məhsul alması qadağan olunur.

Sənəddə deyilir ki, qara siyahıya salınmış qurumlar “Çinin uyğurlara, qazaxlara və digər etnik müsəlman qruplarına qarşı repressiya, kütləvi saxlama və yüksək texnologiyalı nəzarət kampaniyasında” iştirak edib.

Siyahıya Çinin 20 dövlət təhlükəsizlik bürosu, Hikvision video nəzarət firması daxil 8 şirkət, eləcə də “Sense Time” və “Megvii Technology” üztanıma texnologiya şirkətlərinin liderləri daxildir.

Bu addımın Pekinin kəskin reaksiyasına səbəb olacağı gözlənir.

“Çin öz vətəndaşlarının kökünü kəsməyə çalışır”

Çin Sincandakı siyasətindən dolayı beynəlxalq ictimaiyyət tərəfindən getdikcə daha artıq tənqid olunur.

BMT ekspertləri və insan haqları qruplarının bildirməsinə görə, azı 1 milyon uyğur və müsəlman azlıq qruplarının digər üzvləri Sincanda düşərgələrdə saxlanır. Pekin isə həmin saxlama mərkəzlərini “təmayüllü” adlandırır, onlarda təlim, bacarıqlar öyrədildiyini deyir.

ABŞ Dövlət katibi Mike Pompeo ötən ay deyirdi ki, “Çinin Sincandakı repressiv kampaniyası terrorçuluqla bağlı deyil. Çin öz vətəndaşlarının kökünü kəsməyə çalışır”.

Pompeo bunu sentyabrın 22-də Nyu Yorkda, beş Orta Asiya ölkəsinin xarici işləri nazirləri ilə görüşündə bildirib.

Prezident Donald Trump administrasiyası ilk dəfə deyil Çin şirkətlərinə qadağa qoyur. Mayda Huawei telekommunikasiya nəhəngi məhsullarının təhlükəsizliyi ilə bağlı narahatlıq səbəbindən siyahıya salınıb.

Hazırda dünyanın bu iki ən böyük iqtisadiyyatı ticarət müharibəsi aparır, bir-birinin məhsullarına rüsumlar tətbiq edib.

XS
SM
MD
LG