Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:31

Rusiya internetində Primakovun abidəsini lağa qoyurlar


Yevgeny Primakovun heykəli
Yevgeny Primakovun heykəli

AzadlıqRadiosunun Rus xidməti yazır ki, oktyabrın 29-da Rusiyada xarici kəşfiyyatın keçmiş başçısı, keçmiş xarici işlər naziri və keçmiş baş nazir Yevgeny Primakovun anadan olmasının 90 illiyi qeyd olunub.

Bu yubiley münasibətilə Rusiya Xarici İşlər Nazirliyi binasının qarşısında Primakovun heykəli qoyulub.

Lakin Moskva meriyasından fərqli olaraq Rusiyada internet istifadəçilərinin bu hadisəyə münasibəti əsasən mənfi olub.

Onlardan biri olan Viktor Koretski yazıb:

“Moskvada “Fələstin xalqının yaradıcısı”, ərəb terrorizminin sponsoru Yegeny Primakovun abidəsinin açılışı olub. Heykəlin üzü XİN-ə baxır. Kursdan çıxmaylıb ki? Yox, çıxmayıb!”

Başqa bir istifadəçi, Nataliya Gevorkyan da abidə barədə tənqidi düşünür:

“Bütün başqa mülahizə və suallar bir yana, başa düşə bilmirəm ki, onun heykəli (ümumiyyətlə belə bir heykələ ehtiyac vardısa da) niyə ikicə il işlədiyi XİN-in qarşısında qoyulub? Niyə heykəli onun 6 il rəis işlədiyi Yasenevoda, 11 il prezidenti olduğu Ticarət-Sənaye Palatasının qarşısında qoymayıblar?”

İnternetdə Georgi Frangulyanın müəllifi olduğu abidənin özü də sərt tənqid olunur:

Növbəti tvitdə isə deyilir:

“Primakovun heykəli barədə. Tanımaq olur. Amma bu, karikatura və şarja daha çox bənzəyir. Fəqət baxın, cavanlıqda nə gözəl oğlan olub”.

Başqa bir Twitter istifadəçisi də lağ edir:

“Dünən Moskvada, XİN binasının qarşısında Yasir Arafata heykəl qoyublar. Amma nədənsə lövhədə Primakov yazılıb”.

Aleksandr Morozov adlı istifadəçi isə yazıb:

“Primakov həyatda bəstəboyluğuna, bir az əyriliyinə görə Churchill-ə oxşasa da, onun bütün xoşagəlimliyi “intellektual iradəsində” idi. Amma Frangulyan onun boyunu Lavrov qədər uzadıb, sifətini Maksim Gorky-yə bənzədib. O parçalanmış dünya üstündə dayanmış cüssəli Titanı xatırladır. Primakovun üzərində fırtına quşu kimi qonduğu bu parçalanmış vadi yəqin ki, SSRİ-ni və ya RF-i simvolizə edir...”

Heykəlin ideyası həqiqətən də Winston Churchill-in Londonda, parlament binasına baxan heykəlini xatırladır. Amma Churchill-in üzü parlamentə baxırsa, Primakovun üzü XİN-ədir.

Winston Churchill-in Londondakı abidəsi
Winston Churchill-in Londondakı abidəsi

Sergey Medvedev adlı istifadəçi də elə bu barədə yazır:

“Heç olmasa onu Londonun Vestministerindəki müdrik Churchill kimi şişman və bir az da köntöy düzəldəydilər. Amma yox, bu yekə başı, qubernatorun ziyafətinə qonaq gəlmiş Xlestakovun cılız bədəninə yükləyiblər. Amma Frangulyan yaxşı heykəllər düzəldə bilir axı...Elə götürək Brodsky-nin ABŞ səfirliyinin qarşısındakı heykəlini...”

İstifadəçi Tatyana Malkina isə yazır ki, “Moskva şəhərini heykəllə doldurmuş Zurabın vahiməsindən özümüzə gəlməyə imkan tapmamış, indi də Tseretelinin yerini Frangulyan tutub”.

Gennady Volman isə Primakovun heykəlinin siyasi repressiya qurbanlarının anım günündə açılmasını təsadüfi saymır:

“Bununla Kreml prioritetlərini göstərir”.

Başqa bir internet istifadəçisi İgor Matveyevin də tənqidi sərtdir:

“Putinşina öz panteonunu hazırlayır. Kommunistlər də belə edirdilər. Ümid edirəm ki, axırları da belə olacaq”.

XS
SM
MD
LG