Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Facebook 5,4 milyard hesabı bağladığını deyir


İllüstrativ foto
İllüstrativ foto

Facebook sosial şəbəkəsi noyabrın 13-də bildirib ki, bu il 5,4 milyard saxta hesabı bağlayıb. “Frans Pres” agentliyi yazır ki, bu, sosial mediada manipulyasiya və dezinformasiyaya qarşı savaşın davam etdiyini göstərir.

Facebook saxta hesabların çoxaldığı bir dönəmdə müdafiəsini gücləndirdiyini, həmin hesablar yaranandan bir neçə dəqiqə sonra onları bağladığını bildirir.

“Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik”, – internet şirkəti son şəffaflıq hesabatında bildirir.

“Hər gün bu aşkarlama sistemləri vasitəsilə milyonlarla saxta hesab yaratmaq cəhdini önləyirik”, – hesabatda vurğulanır.

Cəmi istifadəçilərin 5 faizə qədəri...

Facebook bildirir ki, bu ilin ikinci və üçüncü rüblərində saxta hesablar sosial şəbəkənin dünyadakı fəal istifadəçilərinin beş faizə qədərini təşkil edib. Bu hesabları yaradanlar özlərini mövcud olmayan şəxs, yaxud qurum kimi göstərirlər.

Sosial şəbəkə bu cəhdlərin aşkarlanmasına ciddi maliyyə ayırır. Bəzən bu hesablar müəyyən siyasi və sosial gündəmləri olan koordinasiyalı kampaniyaların tərkib hissəsi olur.

Hesabatda o da vurğulanır ki, hökumətlər istifadəçilər barədə getdikcə daha artıq informasiya tələb edirlər. Onların başında Birləşmiş Ştatlar gəlir.

Bu ilin birinci yarısında hökumətlər istifadəçi datasından ötrü Facebook-a 128 min 617 müraciət ediblər ki, bu da 16 faizlik artım deməkdir.

Bu müraciətləri göndərən hökumətlərin siyahısında ABŞ-dan sonra Hindistan, Böyük Britaniya, Almaniya və Fransa gəlir.

Facebook ABŞ-dan 82 min 461 hesabla bağlı 50 min 741 müraciət alıb.

“Biz hökumətlərin hesabla bağlı informasiya xahişini, hüquqi baxımdan etibarlılığından əmin olmaqdan ötrü diqqətlə nəzərdən keçiririk”, – Facebook-un baş müşavir müavini Chris Sonderby onlayn postunda yazıb.

“Müraciəti hansı hökumətin etməsinin fərqi yoxdur”, – o əlavə edib.

XS
SM
MD
LG