Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:46

Koronavirus daha çox ölkəni ‘caynağına keçirir’


İranda İİKK qüvvələri koronavirusla mübarizə aparır, 1 mart, 2020-ci il
İranda İİKK qüvvələri koronavirusla mübarizə aparır, 1 mart, 2020-ci il

Dünyada koronavirusun yayıldığı ölkələrin sayı artır. ABŞ-ın daha bir neçə ştatı da virusa yoluxma halları aşkarlayıb. Hava şirkətləri uçuşları təxirə salmaqdadır.

Martın 1-də Şotlandiya və Dominikan Respublikası, həmçinin ABŞ-da Rod Aylend və Nyu York ştatları ilk yoluxma hallarını elan ediblər. Vaşinqton ştatında koronavirusdan ilk ölüm halı açıqlanandan sonra həyəcan durumu elan olunmşdu. Artıq ştatda ikinci ölüm halı, daha iki yoluxma da aşkarlanıb.

“United Airlines” daha çox reysi təxirə salacağını bildirib. Bu arada bir çox səyahətçilər də istirahət və biznes ziyarətlərindən imtina edərək evdə qalmağı üstün tuturlar. “American Airlines Group” bildirib ki, gələn iki həftə ərzində tələbi stimullaşdırmaqdan ötrü reyslərin vaxtını dəyişməyə görə ödəniş tutmayacaq.

63 ölkə

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 1-də bildirməsinə görə, artıq dünyada 86 mindən çox adam virusa yoluxub, azı 2 min 900 nəfər dünyasını dəyişib. Virusun ötən ilin sonunda Çinin mərkəzindəki Vuhan şəhərində baş qaldırdığı bildirilir.

Virusun səbəb olduğu COVID-19 xəstəliyi artıq azı 63 ölkədə təsdiqlənib.

Koronavirusun ən çox yayıldığı ölkələrdən olan İranda martın 1-də yoluxma hallarında sıçrayış olduğu açıqlanıb.

İran rəsmiləri yeni 385 yoluxma halının aşkarlanması ilə ümumi yoluxanların sayının 978-ə çatdığını bildirir. Daha 11 nəfərin ölümü koronavirus qurbanlarının sayını 54-ə qaldırıb.

Bir çox ekspertlər isə real rəqəmlərin daha artıq olduğunu deyirlər.

Qazaxıstan martın 2-də elan edib ki, martın 5-dən başlayaraq iranlıların ölkəyə girişini yasaqlayacaq. Digər ölkələr də İrana reysləri dayandırıb.

Virusun episentri sayılan Çində martın 1-dək azı 2 min 761 nəfər vəfat edib, 79 min 826 nəfər yoluxub. Hökumətin tətbiq etdiyi səyahət qadağaları iqtisadiyyatı iflic edib.

Yaponiya və Avropa ölkələri

Yaponiyada karantinə alınmış “Diamond Princess” gəmisinin 130-dək heyət üzvü tamamilə çıxarılıb. Gəmidəki 3 min 700-dən çox adamın hər beş nəfərindən biri virusa yoluxmuşdu. Artıq gəminin tam boşaldığı və növbəti səyahətə hazırlandığı bildirilir.

Yaponiyanın Baş naziri Shinzo Abe ötən həftə virusla mübarizəyə 2,5 milyard dollarlıq fövqəladə iqtisadi paket ayrıldığını elan edib. Onun sözlərinə görə, ölkə Tokio Olimpiya Oyunlarınadək virusun qarşısını almağın mümkün olub-olmayacağını bilməlidir.

Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək Tokioda keçirilməlidir.

Avropa ölkələrindən Britaniyada 23, İtaliyada 1100-dən artıq COVID-19 yoluxması, 29 ölüm halı qeydə alınıb. Amazon şirkəti martın 1-də elan edib ki, İtaliyada iki əməkdaşı koronavirusa yoluxub.

Çexiya Respublikası da virusun əhatə dairəsinə düşüb. Martın 1-də üç nəfərdə virus aşkarlandığı açıqlanıb. Onlardan ikisi İtaliyada olmuş çexiyalı, biri isə orada təhsil almış amerikalıdır. Səhiyyə naziri Adam Vojtech yoluxma hallarının heç birinin ağırlaşmadığını söyləyib.

XS
SM
MD
LG