Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Yük maşınlarının İrana buraxıldığı bildirilir


Sərhədyanı ərazilərdə mağazaların çoxu bağlıdır
Sərhədyanı ərazilərdə mağazaların çoxu bağlıdır

Bu gün, martın 3-ü səhər saatlarında Astara gömrük-sərhəd məntəqəsinin önündə müşahidə apardıq. Piyada keçiddə gediş-gəliş dayanmışdı. Həm giriş və həm də çıxış qapısının önündə bir nəfər də görmədik. Qapının önündə tibbi maska taxmış sərhədçi gözləyirdi...

Sərhədyanı ərazilərdə olan mağazaların çoxu bağlıdır. İki yerdə çayxananın açıq olduğunu gördük. Çayçı deyirdi ki, müştəri yoxdur:

«Bu virus bizi çörəksiz qoydu»

«Hamı qaçıb gedib. Virusdan qorxurlar. Həm də sərhəd bağlı olduğu üçün gedib-gələn yoxdur. Bu ətrafda yüzə qədər ticarət obyekti var. Hamısı bağlıdır. Gündə burdan Bakı şəhərinə 50-60 taksi çıxardı. Onlar da itib. Bu virus bizi çörəksiz qoydu».

Astara rayon Mərkəzi Xəstəxanası da gömrüyə yaxındır.

Karantində saxlananların etirazı aksiyası
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Xəstəxananın qapısında polislər durub. Orada karantin elan olunub. Xəstəxanada İrandan qayıtmış bir sıra ölkə vətəndaşlarının karantinə alındığı bildirilir. Divara elan vurulub. Elanda da qeyd edilib ki, xəstələr Lənkəran rayon Mərkəzi Xəstəxanasına müraciət edə bilərlər.

Yük maşınlarının isə İrana işlədiyi bildirilir. İrana keçmək istəyən yüzlərlə yük maşını sərhəddə növbəyə durub. Onların, əsasən, Rusiya maşınları olduğu qeyd edilir.


Rusiyaya məxsus yük maşınlarından birinin sürücüsü deyirdi ki, gecə gəlib:

«Rusiyaya tərəvəz aparırıq»

«Maşınları dezinfeksiya edirlər. Sürücüləri yoxlayırlar. İran da elə. Ona görə vaxt gedir. Belə lazımdır. Rusiyaya tərəvəz aparırıq».

Astara yük terminalında 500-nəfərlik çadırlar qurulub. Terminalın direktor müavini Rafael Abdullayev deyib ki, çadırlarda hələ heç kim yaşamır. Onun deməsinə görə, sürücülər isə orada yoxlanılır:

Sərhəddə yük maşınları
Sərhəddə yük maşınları

«Yol polisi 20-25 yük maşınını aparır Rusiya sərhədinə,...»

«İrandan gələnləri burda yoxlayırlar. Şübhə varsa, göndərirlər karantinə. Təcili yardım maşınları, həkim briqadası var. Maşınlar İrandan qayıdandan sonra sürücülər burda yoxlanılır. Sənədləşmə gedəndən sonra verirlər yol polisinə. Yol polisləri 20-25 yük maşınını aparır Rusiya sərhədinə, orada təhvil verir. Bu onun üçündür ki, kənarla kontakta girməsinlər. Burda bütün işlər yüksək səviyyədədir. Nəzarət var».

Astara şəhərinin 20 minə yaxın əhalisi var. Orada idarələr işləyir. Küçələrdə, meydanlarda əvvəlki qələbəlik yoxdur. Tibbi maska taxmış adamlara da rast gəlmək olur.


Şəhər sakini Zabir Ağayev deyirdi ki, azyaşlı oğlu üçün tibbi maska çətinliklə tapıb:

«Bahalaşma da gedir»

«Aptekləri gəzdim, birində tibbi maska tapdım. Əvvəllər 10 qəpiyə aldığımız maskanı 30 qəpiyə aldım. Aptek iki dənədən artıq vermir. Maska gətirilən kimi qurtarır. İranla sərhəddə yaşayırıq. Bu işə ciddi yanaşılmalıdır. İranla gediş-gəliş dayanandan sonra vəziyyət stabilləşir. Qapılar açıq idi, qorxu keçirirdik. Bahalaşma da gedir. İranda gətirilən məhsullar bahalaşmaya imkan vermirdi».

Maskanın qiyməti qalxmaqda davam edir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

«Binalar dezinfeksiya olunsa, yaxşıdır»

Çoxmərtəbəli yaşayış binasında yaşayan Asən Həşimli isə vurğulayıb ki, binalar da dezinfeksiya edilməlidir: «Yaxın günlərə kimi İrana gediş-gəliş var idi. Bizdə elə ailə yox idi ki, İranla əlaqəsi olmasın. Ona görə də binalar dezinfeksiya olunsa, yaxşıdır. Amma etməyiblər».

Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi Şahverən Cavadov deyib ki, lazımi tədbirlər görülür:


«Həmişə olduğu kimi, şəhərdə təmizlik işləri gedir. Qaldı virusla bağlı tədbirlərə, bu işləri Fövqəladə Hallar Nazirliyin əməkdaşları görürlər. Virusla bağlı iki yerdə yoxlama keçirilir. Gömrükdə, bir də yük terminalında».

Astara Təhsil Şöbəsindən isə bildirdilər ki, dərslər dayandırıldıqdan sonra məktəblərdə dezinfeksiya işləri gedir. Məktəbli uşaqlar arasında virusa yoluxma halları aşkarlanmayıb.

Tibbi maskaların tapılmaması ilə bağlı fikirlərə isə, hələlik, Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

İrandan azərbaycanlı vətəndaşlar çıxarılacaq..
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Fevralın 28-də Azərbaycanda koronavirusa ilk yoluxma faktının təsdiqləndiyi açıqlanıb. Fevralın 29-da isə daha iki nəfərin koronavirusa yoluxduğu bildirildi. Ümumilikdə, onlardan ikisinin Azərbaycan, birinin isə Rusiya vətəndaşı olduğu qeyd edilir. Hər üç şəxsin İrandan gəldiyi deyilir. Üstəlik, hazırda son günlər İrandan qayıtmış bir neçə yüz şəxsin Azərbaycanın cənub rayonlarındakı xəstəxanalarda karantinə alındığı vurğulanır. Artıq Nazirlər Kabineti də fevralın 29-u saat 16:00-dan iki həftə ərzində İranla sərhədin bağlandığını açıqlayıb.

Bu gün, martın 3-dən isə martın 10-dək orta və ali məktəblərdə dərslər dayandırılıb.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.9 min civarında olduğu bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Bundan əvvəl isə bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı qeyd edilirdi. İranda 80-ə yaxın şəxsin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

XS
SM
MD
LG