Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

Ələsgər Məmmədli: 'Müxalifəti virusla eyniləşdirmək...'


Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi

Dünən, martın 23-də Müsavat Partiyası və Milli Şuranın Koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu xuliqanlıqda ittiham olunaraq həbs edilib (Məhkəməyə qədər 3 aylıq). Halbuki, onun özü maşınının nümayişkaranə şəkildə vurulduğunu, özünün də hücuma məruz qaldığını açıqlamışdı. Üstəlik, müxalif düşərgədə inzibati qaydada həbs edilən və hədələndiyini iddia edənlər də var.

«Sizinlə eyni düşünməyənləri düşmən kimi təqdim etmək olmaz»

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna müsahibəsində istər T.Yaqublunun həbsini, istərsə də son günlər hökumət təmsilçilərinin bəzi müxalifətçiləri hədəf almasını uğursuz yanaşma adlandırıb. Hüquqşünasa görə, siyasət tərəflərin fərqli düşüncəsi olan bir məqamdır və hamı eyni düşüncədə olsa idi, eyni siyasi komandada olmalı idi:

Ə.Məmmədli
Ə.Məmmədli


«Bir ölkədə demokratik, azad mühit qurmaq istənilirsə, dünya sivilizasiyasının bu günə kimi sınadığı ən uyğun model - demokratik idarəetmə metodunu mənimsəməkdir. O zaman cəmiyyətdə fərqli düşüncələrə sayğılı olmaq lazımdır. Sizinlə eyni cür düşünməyənləri düşmən və ya cəmiyyətin «beşinci», «altıncı» kolonu kimi təqdim etmək olmaz. Fərqli düşüncələr bir-birini sevməyə bilər, amma bu onların eyni mühitdə yaşamaması anlamına gəlmir».

Ə.Məmmədli düşünür ki, Azərbaycanda hədəf edilən siyasi kütlə sistemdaxili müxalifətdir.

«Müxalifətə hörmətlə yanaşılmalı»

Hüquqşünas deyib ki, hökumət təmsilçiləri sistemdaxili müxalifətə hörmətlə yanaşmalı, dediyi söz və fikirlərdə, siyasi əxlaq qaydalarına riayət etməlidirlər: «Bu baxımdan, baş nazirin müavini Əli Əhmədovun açıqlaması nəinki hüquqa, heç əxlaqa uyun deyil. Siyasi müxalifəti hansısa virusla eyniləşdirmək çox böyük təhqiramiz ifadədir. Siyasətçi ifadələrində heç vaxt təhqirə yol verməməlidir».

Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, Baş nazirin müavini Əli Əhmədov dünən, martın 22-də «İki virusa qarşı mübarizə» başlıqlı bir status paylaşıb.

Ə.Əhmədov
Ə.Əhmədov

«Onlar da bütün səylərini Azərbaycana böhtan atmağa,...»

«Məqsəd milli maraqlar uğrunda birləşmək, xalqın və dövlətin inkişafı naminə xidmətlər göstərməkdir. Lakin hamının məmnuniyyətlə faydasını etiraf etdiyi bu strategiyaya qarşı çıxan azsaylı bir qrup var. Söhbət Əli Kərimlinin ətrafında toplaşaraq ayrı-ayrı xarici antiazərbaycan qüvvələrin tapşırığı və maliyyəsi əsasında Azərbaycana qarşı siyasi və ideoloji təxribatlar törətməklə məşğul olan qruplaşmalardan gedir. Virus sağlam bədənə hücum etdiyi kimi, onlar da bütün səylərini Azərbaycana böhtan atmağa, imicini zədələməyə, yönəlmiş şayiə və yalanlar uydurmağa, insanların zehnini zəhərləməyə səfərbər etmişlər», - o yazıb.

Prezident İlham Əliyev isə Novruz bayramı ilə bağlı təbrik nitqində müxalifətin bir kəsimini «beşinci kolon» adlandırmışdı.

Ə.Məmmədli isə hesab edir ki, ölkənin böyük fəlakətlə üz-üzə olduğu bir vaxtda siyasi ritorikalara diqqət yetirilməli, xüsusilə səlahiyyət sahibləri başqalarına yönəlik olaraq daha uyğun siyasi dildən istifadə etməlidir.

Onun fikrincə, həqarət və nifrət nitqinin cəmiyyəti qarşılıqlı olaraq konfrontasiya və uçuruma aparacağı qaçılmazdır, bundan uzaq durmaq lazımdır.

F.Mustafa
F.Mustafa

«Görünür, informasiyalar var»

Deputat Fazil Mustafa isə «Turan» agentliyinə müsahibəsində Ə.Əhmədovun açıqlaması ilə tanış olmadığını söyləyərək məsələyə bir qədər fərqli mövqedən yanaşıb. O, hesab edir ki, dövlətin əlində daha çox informasiyalar cəmlənir və informasiya almaq imkanları genişdir: «Bəlli bir informasiyaya söykənərək bunu ifadə edirlər. Çünki bu, ifadə edilirsə, deməli, arxasında əsaslı informasiyalar durur. Ona görə də bu məsələdə hansı subyektlər ki, ittiham edilir, onlar da fəaliyyətlərini ortaya qoymalıdırlar».

F.Mustafanın düşüncəsinə görə, hazırda bütün dünyaya təhlükə yaradan koronavirusla bağlı məsələdə hakimiyyətin gözlədiyi odur ki, bütün müxalifət qüvvələri bu məsələdə hökumətə dəstək istiqamətində addım atmalıdır: «Bunu cəmiyyət də qınamaz. Açıq şəkildə bildirməlidirlər ki, siyasi fikirlərdə fərqlilik ola bilər, amma bu məsələdə hökumətə hərtərəfli dəstək verməyə hazırıq. Bunu ifadə etməlidirlər. Bu ifadə edilsə, sanki, «bunlar hökumətlə bir yerdədir» fikri yarana biləcəyindən çəkindilər. Məncə, belə ittihamlarla qarşılaşmaq istəmirlərsə, ən kəsə yolu bu məsələdə dəstək verdiklərini ifadə etmələri olar. Bu məsələdə iqtidar-müxalifət anlayışı olmamalıdır və hamı da bu aksiyada fəal iştirak etməlidir».

XS
SM
MD
LG