Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:50

Azərbaycan mətbuat azadlığı reytinqində: dibə nə qaldı...


Karikatura
Karikatura

Koronavirus pandemiyası bütün dünyada media azadlığına təhdidləri genişləndirir. Çin və İrandakı kimi avtoritar rejimlər pandemiyanın detallarını açıqlamır. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 21-də yaydığı illik mətbuat azadlığı reytinqində belə deyir.

Qurum bildirir ki, pandemiya mətbuat azadlığını kölgələyən bir sıra böhranlara işıq saldı, onları gücləndirdi.

Reytinqlə üzüaşağı

180 ölkəni əhatələyən reytinqin dibində Türkmənistan və Şimali Koreya yer alıb.

Norveç artıq dördüncü ildir ki, birinci yerdədir, Finlandiya yenə də ondan sonradır.

Azərbaycan 58.48 balla 168-ci yerdədir. Ötən il 166-cı idi.

Qonşulardan Gürcüstan 28.59 balla 60, Ermənistan 28.60 balla 61, İran 64.81 balla 173, Türkiyə 50.02 balla 154-cü yerdə qərarlaşıblar.

149-cu yerdə qərarlaşmış Rusiya “daha incə metodlarla İnternetə nəzarət cəhdlərini” davam etdirir, hesabatda deyilir və ölkə internetini dünyadan ayırmağa imkan verəcək qanunvericilik misal gətirilir.

RSF Macarıstanda medianın senzuraya məruz qalmasından söz açır. Baş nazir Viktor Orban hökumətinin saxta informasiyayla bağlı xüsusi qanunu “tamamilə qeyri-mütənasib və məcburiyyət xarakterli”dir.

RSF növbəti on ilin mətbuat azadlığı üçün vacib olacağını yazır, çünki jurnalistikanın gələcəyinə bir sıra böhranlar təsir göstərəcək: avtoritar rejimlərin aqressivliyindən dolayı geosiyasi böhran; demokratik təminatlar olmadığından texnolji böhran; qütbləşmə və repressiv siyasətlərin yaratdığı demokratik böhran; mediaya şübhə, hətta nifrət səbəbindən etimad böhranı; keyfiyyətli jurnalistikanı tükəndirən iqtisadi böhran.

Həlledici dekada

“Jurnalistikanın gələcəyinə təsir edən böhranlarla əlaqədar bu sahə üçün həlledici dekadaya qədəm qoyuruq. Koronavirus pandemiyası etibarlı informasiya hüququnu təhdid edən neqativ faktorlara işıq salır… 2030-cu ildə informasiya azadlığı, pluralizm, etibarlılıq necə olacaq? Bu sualın cavabı bu gün müəyyənləşir”, – RSF-in Baş katibi Christophe Deloire deyib.

Qurum media azadlığı ilə koronavirus pandemiyasına hökumətlərin reaksiyası arasında aydın bağlılıq olduğunu yazır. 177-ci yerdə olan Çin və 3 pillə geriləyərək 173 yerdə qərarlaşmış İran pandemiyanın miqyasını ört-basdır etməyə çalışıb.

Azərbaycanda media azadlığının, azad sözün boğulmasına dair beynəlxalq qurumlar dəfələrlə narahatlıq dilə gətiriblər. Hakimiyyət təmsilçiləri isə hər dəfə bu tənqid və iradları rədd edir, ölkədə media azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər.

Bu ilin martında parlamentin informasiya qanununa etdiyi dəyişiklik ətrafında da oxşar polemika yaranıb. Dəyişikliyin koronovirusla bağlı dezinformasiyanın yayılması ilə mübarizə məqsədilə olunduğu bildirilsə də, ATƏT, yerli ekspertlər onun jurnalistlərin fəaliyyətini əngəlləyəcəyindən əndişələrini dilə gətiriblər.

XS
SM
MD
LG