Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

Banklar 'cərrahiyə' əməliyyatında


Hökumət kredit borcu olanlara nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Hökumət kredit borcu olanlara nə vəd edir?

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən banklardan "AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçiləri kompensasiya tələb edirlər. Bununla bağlı onlar dünən, aprelin 30-da qurumun baş ofisində etiraz aksiyası keçiriblər. Onların deməsinə görə, prezident bildirib ki, koronovirus pandemiyası dövründə heç kim işdən çıxarılmamalıdır.

R.Həsənov
R.Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov AzadlıqRadiosuna deyib ki, bankların lisenziyasının ləğvinin pandemiya dövründə məşğulluğun azalması aspektindən qiymətləndirilməsini doğru saymır. Onun fikrincə, bank sektorundakı problemlər kifayət qədər böyükdür. Ekspertə görə, bunların zamanında həll edilməməsi bank sektorunda növbəti mərhələdə ciddi problemlərin yaranmasına, müştərilərin daha ağır fəsadlarla üz-üzə qalmasına gətirib çıxara bilər:

"Görünür, vəziyyət kifayət qədər acınacaqlı olub"

"Həmin insanları başa düşürəm. Kifayət qədər ciddi çətinliklərlə üzləşiblər. Amma nəzərə almaq lazımdır ki, bir bankda 200-300 işçi var ("AmrahBank"da 700-ə yaxın şəxsin çalışdığı deyilirdi). Amma həmin bankda 10 minlərlə, böyük banklarda isə daha çox müştərilər var. Bəzi hallarda elə həmin işçilərin səhlənkarlığı, risk qiymətləndirmələri aparmamaları səbəbiylə həmin 10 minlərlə insan ciddi risk və itkilərlə üzbəüz qalırlar".

R.Həsənov ehtimal edir ki, indiki halda bankların bağlanmasını rəsmi qurumlar istəməyiblər: "Amma, görünür, post-pandemiyanın təsirləri nəzərə alınaraq əsaslandırılmalar aparıla bilib və bu bankların bağlanması zərurəti yaranıb. Ən sonuncu qərar olaraq bağlanma qərarı verilib və, görünür, vəziyyət kifayət qədər acınacaqlı olub".

R.Nurulla
R.Nurulla

"Ölkə və şəxsin ailəsi üçün faciə"

Deputat Razi Nurulla isə hesab edir ki, bir nəfər işçinin belə iş yerini itirməsi ölkə və şəxsin ailəsi üçün faciədir.

R.Nurulla "AmrahBank"da çalışanların bankın probleminin olmaması haqqında dediklərini məsələyə peşəkar və məntiqli yanaşma saymır. Onun fikrincə, məntiqli yanaşma bankın rəhbərliyindən gələ bilər: "İkinci bir tərəfdən isə, "AmrahBank", "Atabank" kimi bankların məsləhətləşmədən, ölkə rəhbərliyinin qarşısına sənəd qoyulmadan bağlanılmasının da mümkün olacağını düşünmürəm. Yəqin ki, bizim bilmədiyimiz məqamlar var və bunlar üzə çıxacaq, ondan sonra bəzi məsələlərə aydınlıq gələcək".

"Onların işlə təmin olunması çətin olacaq"

Deputat deyib ki, bankların kifayət qədər işçiləri var, bütün işçilərin işlə təmin ediləcəklərini söyləmək ciddi olmazdı. Amma, onun fikrincə, bank sahəsində təcrübəyə malik olan insanlar digər banklarda özlərinə iş tapa biləcəklər: "Amma kütləvi olaraq bütün işçilərin işlə təmin olunmaları problemdir. İndiki pandemiya (koronavirus) dövründə iş yerləri azalır, onların da işlə təmin olunması, təbii ki, çətin olacaq".

Mərkəzi Bankın sədri nə deyir?

Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov da mayın 1-də keçirdiyi mətbuat konfransında "AmrahBank"ın əməkdaşlarının aksiya keçirmələrini emosionallıq kimi dəyərləndirib.

E.Rüstəmov
E.Rüstəmov

Banklarda vəziyyətə gəlincə isə, MB sədri hesab edir ki, "AmrahBank" ilə "Atabank"da oxşar vəziyyətdir, kapital itkisinə yol verilib. "Bank rəhbərlərinə kapitalı artırmağı təklif etdik, belə imkanları olmadığı üçün imtina olundu. Belə olan halda onların bağlanması yekdilliklə tövsiyə olundu. Uzunmüddətli qiymətləndirmə əsasında bu qərar verilib", - MB sədri belə deyib.

E.Rüstəmov əlavə edib ki, burada həm də əmanətçilərin maraqlarını qorumaqla "cərrahiyyə" əməliyyatı keçirilib, bu addım ümumi sistemin qorunması baxımından atılıb.

MB sədrinin deməsinə görə, digər iki bankda ("AGBank" və "NBCBank") maliyyə vəziyyətinin dərindən qiymətləndirilməsi gedir.

Onun bu açıqlamasına sözügedən bankların keçmiş rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Mərkəzi Bankın (MB) İdarə Heyəti aprelin 28-də verdiyi qərarla "Atabank" ASC və "AmrahBank" ASC-nin lisenziyaları ləğv edilib.

MB qərarını məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olması, habelə cari fəaliyyətin etibarlı və prudensial qaydada həyata keçirilməməsi ilə izah etmişdi: "...Və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bildiririk ki, "Atabank" ASC və "AmrahBank" ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri Fond tərəfindən tam ödəniləcək".

MB-ın İdarə Heyəti 4 gün əvvəl, aprelin 27-də isə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "AmrahBank" ASC-yə müvəqqəti inzibatçılar təyin etmişdi. Onların idarə olunması üzrə bütün sәlahiyyәtlәr, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvəqqəti inzibatçıya keçib.

Lisenziyası ləğv edilən hər iki bank 1993-cü ildə yaradılıb.

XS
SM
MD
LG