Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Birləşmiş Ştatlarda etirazlarda azı 11 nəfər öldürülüb


Atlantada polis əməkdaşları etirazçılarla həmrəylik göstərərək diz çökür
Atlantada polis əməkdaşları etirazçılarla həmrəylik göstərərək diz çökür

Birləşmiş Ştatlarda son günlər keçirilən etirazlarda azı 11 nəfər ya polis, ya talançılar, ya da naməlum şəxslər tərəfindən öldürülüb. Onlarla adam yaralanıb.

Son bir həftədə minlərlə saxlanan olub. Los Ancelesdə 2 min 500, Nyu Yokrda 2 min nəfər saxlanıb.

Las Veqasda iyunun 1-də güllələnən bir polis əməkdaşının vəziyyəti ağırdır, St.Luisdə isə elə həmin gecə dörd polis əməkdaşı xəsarət alıb.

Həm dinc, həm də zorakı etirazlarda polisin aşırı gücdən istifadə etməsi etirazçıların tələb etdiyi polisdə islahatların necə vacib məsələ olduğunu göstərir.

Ötən gecəki zorakılıq və talandan sonra ABŞ-da gün ərzində dinc etirazlar gözlənir.

Vaşinqton küçələrində zirehli maşınlar, hərbçilər və polis küçələrdə mövqe tutub.

Axşam 7-dən sonra komendant saatı tətbiq olunmasına baxmayaraq bəzi etirazçılar küçələrdən çəkilməyib.

İyunun 2-də açıqlanmış Reuters/Ipsos sorğusuna görə, yetkin amerikalıların 64 faizi “hazırda etiraz edənlərə rəğbət duyduğunu” deyib. 27 faiz bunun əksini, 9 faiz əmin olmadığını söyləyib.

***

Trump iğtişaşları hərbi qüvvələrlə yatıracağını deyir

Trump-ın hərbçiləri işə salmaq təhdidi ölkədə və xaricdə kəskin debatlara səbəb olub. Prezidentin belə bir addım atmaq hüququ varmı, onun administrasiyası insan haqlarına necə əməl edir – bu suallar ətrafında müzakirələr gedir.

AB-nin xarici siyasət rəhbəri Josep Borrell iyunun 2-də reportyorlara deyib ki, “Birləşmiş Ştatlar xalqı kimi biz də George Floyd-un ölümündən sarsılmışıq”. Ancaq o xəbərdarlıq edib ki, rəsmilər “öz vəzifələrindən George Floyd-un çox, çox kədərli ölümündə olduğu kimi istifadə etməməlidirlər”.

“Bu, hakimiyyətdən sui-istifadədir və pislənməlidir”, – deyən Borrel əlavə edib ki, bütün cəmiyyətlər “gücdən aşırı istifadəyə qarşı ayıq-sayıq olmalıdırlar”, polisin öz işini hüququn aliliyi və insan haqlarına hörmətlə görməsini təmin etməlidirilər.

Trump iyunun 1-də 1807-ci ildə qəbul olunmuş “Qiyamlara qarşı Akt”a istinad edib. Sonuncu dəfə bu qanun 1992-ci ildə tətbiq olunub. O zaman Los Ancelesdə qaradərili sürücü Rodney King-i döymüş polis əməkdaşlarına bəraət verilməsi iğtişaşlara səbəb olmuşdu.

Floyd-un ölümü dünyanın müxtəlif yerlərində etirazlara səbəb olub. Avstraliyanın Sidney şəhərində küçələrə çıxan nümayişçilər “Nəfəs ala bilmirəm” şüarını qışqırıblar. Bu, həm Floyd-un, həm də 2015-ci ildə Sidneydə həbsxanada ölmüş 26 yaşlı aborigenin son sözləri olub.

Bəzi ölkələr isə Trump-ın sözlərindən ona qarşı istifadə ediblər.

Honq Konq lideri Carrie Lam Trump administrasiyasını “ikili standart”da ittiham edib. Lam Honq Konqda demokratiya tələbilə keçirilən yürüşlərin zorakılıqla yatırdılmasında roluna görə tənqid olunur.

***

ABŞ Prezidenti Donald Trump ölkədə yayılmış iğtişaş və talanı dayandırmaq üçün ordudan istifadə etməklə hədələyib.

Prezidentin iyunun 1-də açıqlamasına görə, qubernatorlar “küçələrdə üstünlüyü ələ almaqdan ötrü” yetərli sayda Milli Qvardiya əsgəri çıxarmaqla bağlı onun tövsiyəsinə əməl etməzsə, hərbi qüvvələri işə salacaq.

Qanunvericilik prezidentə fövqəladə hallarda hərbçilərdən hüquq mühafizə məqsədilə istifadəyə icazə verir. İndiyədək hərbçilərdən təbii fəlakətlər zamanı amerikalılara kömək üçün istifadə olunub.

Trump mayın 31-də Vaşinqtonda və ölkənin digər yerlərində baş vermiş vandalizmi pisləyib. Etirazlara mayın 25-də Minneapolisdə qaradərili George Floyd-un ağdərili polis əməkdaşının əlində ölməsi səbəb olub.

Prezident Floyd-un ölümünü “ağır faciə” adlandırsa da, administrasiyanın zorakı xarakter almış nümayişlərə tolerant yanaşmayacağını vurğulayıb.

“İğtişaşları, talanı, vandalizmi, hücumları və əmlakın dağıdılmasını dayandırmaq üçün minlərlə ağır silahlanmış əsgərləri, hərbi heyəti, hüquq-mühafizə əməkdaşlarını cəlb edirəm”, – prezident deyib.

Bəzi şəhərlərdə komendant saatı elan olunub

Trump iğtişaşları qızışdırmaqda “peşəkar anarxistləri, zorakı kütləni, talançıları, Antifanı” ittiham edib. Prezident bundan qabaq Antifanı terrorçu təşkilat adlandırmışdı. Bu şəbəkə daha çox ifrat-solçu silahlı mübarizəni təşviq edir.

Trump daha sonra bir gün qabaq törədilmiş yanğında ziyan görmüş kilsənin qarşısında əlində İncil foto çəkdirib.

Vaşinqtonun meri axşam 7-dən komendant saatı elan edib. Mayın 31-də talan və iğtişaşlar baş vermiş şəhərlərdə də iyunun 1-dən komendant saatı elan olunub.

Bu arada Floyd-un autopsiyasının nəticəsi açıqlanıb. Autopsiyanı həyata keçirmiş həkimlərdən biri Michael Baden mətbuat konfransında deyib ki, onun ölümünə boyun hissəsinə polis əməkdaşlarının təzyiqi nəticəsində yaranmış təngnəfəslik səbəb olub.

İnternetdə yayılmış videoda Derek Chauvin adlı ağdərili polis əməkdaşının diziylə Floyd-un boynunu sıxdığı, onun isə dəfələrlə nəfəs ala bilmədiyini söylədiyi görünür.

Chauvin-ə üçüncü dərəcəli qətl və adamöldürmə ittihamı irəli sürülüb, ancaq Floyd-un ailəsi və vəkilləri deyirlər ki, ittiham birinci dərəcəyə qaldırılmalı, insidentdə iştirak etmiş digər polis əməkdaşlarına da ittiham irəli sürülməlidir.

XS
SM
MD
LG