Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:47

İlham Əliyev: 'Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik'


“Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Mən dərhal göstəriş verdim ki, hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri görsün.”

Bunu iyulun 21-də Bakının Xətai rayonunda ölkənin ərazi bütövlüyü uğrunda həlak olan insanların ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində prezident İlham Əliyev deyib.

“Üçüncü mərtəbəyə qədər qalxmışdılar”

O əlavə edib ki, ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər:

“Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən, başqa heç kim”.

“Mən istintaqı qabaqlamaq istəmirəm”

İlham Əliyev əlavə edib ki, indi istintaq gedir:

“Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir”.

AŞPA həmməruzəçisi: 'Müxalifət düşmən deyil'
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

“Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər”

Əliyev bir qədər keçmiş dövrlərə qayıdaraq deyib ki, Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı:

“O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək. İndi istintaq materialları bunu artıq göstərir. Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər…”

Prezident vurğulayıb ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var:

“Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər…”

Əliyev bundan əvvəl oxşar fikirləri iyulun 15-də Nazirlər Kabinetinin iclasında da dilə gətirmişdi. Amma ondan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təmsil olunduğu Milli Şura bəyanat yayaraq həmin deyilənləri təkzib elədi.

Milli Şura: “ Rusiya ilə silah alverindən "otkat" alıb”

Bəyanatda yazılırdı ki, Milli Şura və AXCP həmin aksiyasının təşkilatçısı olmayıb, həmin aksiyada iştirak etməyib:

“Bu, torpaqlarını azad etmək əzmini və iradəsini nümayiş etdirən xalqın etirazı idi. Bu, xalqın milli ruhunun diri olmasının, öz doğma torpaqlarını heç kimə güzəşt etmək məramından uzaq olmasının aydın bir ifadəsi idi. AXCP sədri Əli Kərimli bəyanat verərək bu çətin günlərdə dövlətin və ordunun yanında olduğunu bildirib və dövləti bütün qüvvələrini səfərbər etməyə səsləyib”.

Bəyanatda da sonra deyilirdi:

“Bu qədər dürüst, vətənpərvər mövqedən sonra Xalq Cəbhəsi Partiyasını, onun rəhbərliyini xain, satqın adlandırmaq, heç iştirak etmədiyi aksiyada təxribat törətməkdə suçlamaq hər gün artan sosial narazılıq, ictimai qəzəb, beynəlxalq etimadsızlıq fonunda rejimin çarəsizliyinin və psixoloji gərginliyinin etirafıdır. İlham Əliyev rejimi ölkənin müdafiə xərclərini müxtəlif əyri yollarla ofşor hesablara göndərib, Rusiya ilə silah alverindən "otkat" alıb”

Əli Kərimlinin dedikləri

Partiya sədri Əli Kərimli də bildirib ki, cəbhəçilərin həbsi prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında AXCP haqqında söylədiklərinin nəticəsidir.

Xatırlatma

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar.

Hüquq müdafiəçiləri bu hadisələrlə bağlı ümumilikdə 70-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər. Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb. Saxlananların 10-dan çoxunun AXCP üzvü olduğu deyilir. Onlardan bəzilərinin artıq həbs edildiyi açıqlanıb.

XS
SM
MD
LG