Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:28

Deputat: 'Təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir'


Ermənistan hərbi hava qüvvələrinin təlimi. Foto arxiv
Ermənistan hərbi hava qüvvələrinin təlimi. Foto arxiv

İyulun 23-də Ermənistan-Rusiya Birgə Hava Hücumundan Müdafiə sisteminin plan üzrə təlimləri başlanıb.

Ermənistan Müdafiə Nazirliyindən bildirildiyinə görə, təlimlərdə məqsəd kəşfiyyat və zərbə təyinatlı Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı döyüş metodlarının öyrənilməsidir. Təlimlərdə Ermənistan- Rusiya zenit-raket komplekslərinin, qırıcı aviasiyalarının və artilleriya sistemlərinin komandirləri iştirak edirlər.

İndi Bakıda bəzi ekspertlər bu məsələdən bəhs edərkən diqqəti daha çox belə məqama çəkirlər ki, bu təlim-məşqlər Azərbaycan və Ermənistan sərhədi boyunca ağır silahlardan, habelə dronlardan istifadə ilə toqquşmalardan dərhal sonra keçirilir.

E.Şahinoğlu
E.Şahinoğlu

"Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyəcəksə..."

Politoloq Elxan Şahinoğlu AzadlıqRadiosuna deyib ki, bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verməlidir. O, habelə düşünür ki, Ermənistan Müdafiə Nazirliyi bu təxribat xarakterli açıqlamanı Azərbaycanla Rusiyanı yenə qarşı-qarşıya qoymaq üçün də yaya bilər:

"Amma Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyəcəksə, bunu artıq Rusiyanın Azərbaycana əks həmləsi kimi dəyərləndirmək olar".

Politoloq daha sonra da deyib: "Əgər Rusiya hərbçiləri, Rusiya müdafiə naziri Azərbaycan PUA-larına qarşı mübarizə tədbirlərini Ermənistan tərəfə izah edirsə, bu, birbaşa Rusiyanın Azərbaycana qarşı ən azı xoş olmayan siyasətidir. Ona görə açıqlama gözləyirik ki, bu məsələyə aydınlıq gətirsin".

E.Şahinoğlunun vurğulamasına görə, ilk dəfədir eşidir ki, Rusiya Ermənistan hərbçiləri ilə birgə PUA-ların neytrallaşdırılması ilə bağlı təlimlər keçir:

"Bu, Rusiya Müdafiə Nazirliyinin Azərbaycana əks həmləsidir"

"Bunun başqa adı yoxdur, əgər bu fakt doğrudursa, bu, Rusiya Müdafiə Nazirliyinin Azərbaycana əks həmləsidir. Görünür, Rusiyanı da narahat edən Azərbaycanın hərbi-texniki üstünlüyüdür. Bu üstünlüyü aradan qaldırmaq üçün erməni dostlarına kömək etmək qərarı verib".

V.Əhmədov
V.Əhmədov

Deputat Vahid Əhmədov da "Turan" agentliyinə deyib ki, təlimi keçirən də, təlim adı ilə təxribatı törədən də Rusiyadır:

"Təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir"

"Çünki məlumdur ki, Ermənistan faktiki Rusiyadan idarə edilən oyuncaq dövlətdir, Odur ki, təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir".

V.Əhmədov hesab edir ki, Ermənistanın iyulun 12-14-də Tovuz rayonu ərazisində törətdiyi təxribat da, bu təlim kimi, Rusiyanın təhriki ilə Azərbaycana təzyiq idi. Onun fikrincə, amma artıq dünya dövlətləri də başa düşür ki, Rusiya MDB dövlətlərinə təzyiq edir.

V.Əhmədovun deməsinə görə, bu hadisələrdə Türkiyənin Azərbaycanı ən yüksək səviyyədə müdafiə etməsi göstərdi ki, Azərbaycan təklənmiş dövlət deyil, onu müdafiə edən dövlətlər var: "Odur ki, belə təlimlər artıq Azərbaycan üçün təhlükə deyil".

Deputat deyib ki, dövlət başçısı İlham Əliyev Qarabağı azad etməkdə israrlıdır.

Bu fikirlərə Azərbaycan Müdafiə Nazirliyi, Rusiya və Ermənistan rəsmilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Bakı və Yerevanda sorğu: Qarabağ münaqişəsi necə həll oluna bilər?
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

3 il əvvəl imzalanan müqavilə

2015-ciil dekabrın 23-də Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında "Qafqaz regionunda hava hücumundan müdafiə üçün Birləşmiş regional kollektiv təhlükəsizlik sisteminin yaradılması haqqında" Saziş imzalanıb. Müqavilənin 2-ci maddəsinə əsasən, tərəflər hava hücumundan müdafiə imkanlarını təkmilləşdirmək məqsədilə Qafqaz regionunda Kollektiv Təhlükəsizlik Hava Hücumundan Müdafiə (HHM ) sistemi yaradırlar.

Xatırlatma

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Amma Rusiya və Ermənistan bir hərbi ittifaqda da təmsil olunurlar. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT).

XS
SM
MD
LG