Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:25

Piylənmə və COVID-19: 'İki pandemiyanın toqquşması'


İllüstrativ foto
İllüstrativ foto

Alimlər SARS-CoV2 koronavirusunun yaratdığı xəstəliklə köklüyün əlaqəsini hələ də öyrənməkdədir

Artıq çəkidən əziyyət çəkənlərin COVID-19-u daha ağır keçirməsinə dəlil sayı artmaqdadır. Bu haqda “Reuters” agentliyi yazır.

Alimlər SARS-CoV2 koronavirusunun yaratdığı xəstəliklə köklüyün əlaqəsini hələ də öyrənməkdədir. Ancaq onlar bəzi faktorlardan danışırlar.

Şişmanlıq ürək kimi vacib orqanlarda piy yığılmasına səbəb olur, insulin müqaviməti, yüksək qan təzyiqi ilə sonuclanır. Bu da o deməkdir ki, köklük çox vaxt diabet, ürəyin, ağciyər və qaraciyərin zəifləməsi ilə xarakterizə olunur.

Aşırı piy qatı respirator sistemə də təsirini göstərir. Başqa sözlə, insan təngnəfəs olur, qanına, bədəninə daha az oksigen qəbul edə bilir. Piy iltihab və immun funksiyalarına da təsirsiz ötüşmür.

Piy toxuması və ACE2

“Piylənmə bədənin demək olar hər bir orqanına əlavə təzyiq və metabolik gərginlik yaradır. Buna görə COVID-19-un ağırlaşma riskini gücləndirməsi də təəccüblü deyil”, – Britaniyanın Oksford Universitetindən pəhriz və əhalinin sağlamlığı üzrə professor Susan Jebb deyib.

Adipoz toxuma kimi də tanınan piy toxumasında angiotensin yaradan ferment (ACE2) adlanan enzim yüksək səviyyədədir. Yeni koronavirus da hüceyrələrə daxil olmaqdan ötrü ACE2-dən istifadə edir.

Qanında, yaxud başqa toxumalarında ACE2 yüksək səviyyədə olan şəxslərin COVID-19 infeksiyasına yoluxma ehtimalı daha böyükdür.

London Kral Kollecində piylənmə üzrə ekspert Francesco Rubino köklük- COVID əlaqəsini “iki pandemiyanın toqquşması” adlandırır.

“Koronavirus pandemiyası piylənmə ilə daha sərt mübarizənin vacibliyini önə çəkir. COVID-19 pandemiyasından çıxarılan bir dərs odur ki, piylənmə mütləq müalicə olunmalıdır”, – o vurğulayıb.

Hazırda dünyada yeni koronavirusa 16,2 milyon nəfərin yoluxduğu təsdiqlənib, 649 minə yaxın xəstə vəfat edib.

XS
SM
MD
LG