Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:36

BBC: İran koronavirusa aid real məlumatları gizlədib


Bu foto İran xəstəxanalarından birində çəkilib
Bu foto İran xəstəxanalarından birində çəkilib

BBC bildirir ki, ona məxfi kanalla göndərilmiş dövlət sənədləri İranda koronavirusa dair yoluxma və ölüm statistikasının əhəmiyyətli dərəcədə azaldıldığını göstərib.

BBC iyulun 3-də xəbər verib ki, sözü gedən məxfi rəqəmlər İranda iyulun 20-dək COVID-19 simptomları ilə qeydə alınmış 42 min ölüm halının baş verdiyini göstərir.

Halbuki İran Səhiyyə Nazirliyinin rəqəmlərinə görə eyni dövrdə ölənlərin sayı 14 min 405 olub.

BBC-yə anonim mənbədən göndərilmiş məlumatlara xəstəxanalara gündəlik xəstə qəbulu, xəstələrin ad, soyad, cinsi, simptomları və pasient olduqları müddət barədə informasiyalar daxildir.

BBC bunu da bildirir ki, bu məlumatlar onda olan müvafiq informasiyalara uyğun gəlir.

Rəsmi məlumatlar daim şübhə yaradıb

İran koronavirus pandemiyasının erkən mərhələsindən epidemiyanın ən ağır zərbə vurduğu ölkələrdən biridir.

Lakin İranın koronavirusa yoluxanlar və COVID-19-dan ölənlərin statistikasına dair məlumatları beynəlxalq miqyasda daim şübhə ilə qarşılanıb.

Statistik məlumatları inamsızlıq yaradan başqa bir ölkə Çindir.

BBC bildirir ki, anonim mənbənin göndərdiyi məlumatlar İranda xəstəliyə dair gündəlik informasiyanın məqsədli şəkildə manipulyasiya edildiyini göstərir.

Materialları BBC-yə ötürən mənbə bildirib ki, məqsədi real vəziyyətə “işıq salmaq” və koronavirus pandemiyası ilə bağlı “siyasi oyunlara” son qoymaqdır.

Məlumatlar göstərir ki, mart ayında ölüm hallarının artımı rəsmi rəqəmlərin göstərdiyindən daha kəskin olub.

Rəsmilərin ziddiyyətli bəyanatları

İran Səhiyyə Nazirliyi bildirir ki, koronavirusa yoluxma və ölüm hallarına dair Dünya Səhiyyə Təşkilatına (DST) göndərilən məlumatlar şəffafdır.

Lakin BBC bir keçmiş millət vəkili və İran Səhiyyə Nazirliyinin bir rəsmisinin hökumətin həqiqi rəqəmlərin açıqlanmasından qorxduğu barədə dediklərini yada salıb.

Millət vəkili Nouroldin Pirmoazzen deyib ki, hökumət yoxsulların və işsizlərin küçələrə çıxıb etiraz edəcəyindən narahatdır.

İranın iqtisadi vəziyyəti pandemiyadan əvvəl də pis idi.

ABŞ-ın İranla imzalanmış 2015-ci il nüvə sazişindən çıxması nəticəsində İran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Bunun nəticəsində yaşanan iqtisadi çətinliklər noyabr ayında antihökumət etirazlarına təkan verib.

Tehran və Vaşinqton arasında münasibətlər ABŞ bu ilin yanvarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasem Soleimanini Bağdad hava limanı yaxınlığında dron zərbəsi ilə öldürdükdən sonra daha da gərginləşib.

İran bu hadisəyə cavab olaraq İraqda amerikalıların da yerləşdirildiyi iki hərbi bazaya raket zərbələri endirib.

Raket atəşləri nəticəsində Tehran hava limanından qalxan sərnişin təyyarəsi səhvən vurulub.

Kiyevə uçmalı olan təyyarədə 176 nəfər həlak olub.

XS
SM
MD
LG