Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:50

Hüquqşünas icra başçısı haqqında yazdıqlarına görə həbs təhlükəsilə üzləşib


Balakəndə yaşayan hüquqşünas Fərid Qəribov bir ay öncə Facebook hesabında rayonun icra başçısı İslam Rzayev haqqında yazdıqlarına görə həbs təhlükəsiylə üzləşib. İcra başçısı məhkəmədə ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb, cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Avqustun 11-də Balakən rayon Məhkəməsində icra başçısının şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

31-yaşlı F.Qəribov AzadlıqRadiosu-na bildirib ki, iyulun 24-də sosial media hesabında icra başçısının Balakəndə 9 illik fəaliyyətini təhlil edib, gördüyü özbaşınalıqları, qanunsuzluqları dilə gətirib. Onun sözlərinə görə, “Facebook”da sözügedən statusu yazandan az sonra Balakən rayon Polis Şöbəsinə çağrılıb, orada kobud rəftarla üzləşib:

“İki mülki geyimli polis iş yerimə gəlmişdilər, onlarla getdim. Şöbəyə daxil olanda növbətçi hissədə telefonumu aldılar. Əvvəl Orxan adlı baş leytenantın yanına apardılar. Sonra Anar adlı rəis müavininin otağına apardılar. O da çox kobud ifadələr işlədirdi. Elə ifadələr ki, fikirləşdim, görəsən, mən hara düşmüşəm? Sonradan rəisin yanına apardılar”.

“Telefonumda kod yoxdur deyə...”

F.Qəribov deyir ki, polis şöbəsində onu müxalifətçi olmaqda, icra başçısını təhqir etməkdə günahlandırıblar. O isə polis zabitlərinin nəzərinə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, icra başçısı haqqında da tənqidi fikirlərini paylaşıb. Hüquqşünas bildirir ki, polis şöbəsinə aparılanda icra başçısına görə çağrılması ağlına gəlməmişdi. Çünki icra başçısı vəzifəli şəxs olduğuna görə onun şikayətinə prokurorluq orqanları baxmalıdır:

“Əvvəl mənə çatmadı ki, bunlar mənə niyə “müxalifətçilik edirsən” deyib qışqırırlar. Sonradan bildim məsələ nə yerdədir. Növbətçi hissədən telefonumu gətirdilər. Telefonumda kod yoxdur deyə, rahatca daxil olub, icra başçısı haqqında yazdığım tənqidi silmişdilər. Üstəlik, mənim əvəzimə status yazmışdılar ki, guya icra başçısı ilə görüşdük, təsəvvür eləmədiyim qədər yaxşı adam imiş. Şöbədən çıxan kimi o statusu sildim”.

Hüquqşünasın sözlərinə görə, bundan dərhal sonra təqaüdə çıxmasına 11 ay qalmış atasını da işdən çıxarıblar. Atası bununla əlaqədar Prezident Administrasiyasına və başqa dövlət orqanlarına şikayət edib: “Atam 42 ilin dövlət qulluqçusudur. Müharibə iştirakçısı olub. Təqaüdə çıxmasına 11 ay qalmış - pandemiya dövründə, şəhərə gediş-gəliş dayanan vaxtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırıb, ərizəsini alıb işdən çıxardılar...”

F.Qəribov Facebook hesabında Balakəndə əhalinin içməyə su tapmaması, icra başçısının dəbdəbəli həyat tərzi, Dövlət Gömrük Komitəsində işləyən oğlunun maaşına adekvat olmayan bahalı avtomobil sürməsi, rayondakı imkansız əhalinin torpaqlarının ələ keçirilməsi, büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi barədə yazıb. Qeyd edib ki, icra başçısı haqqında tənqidi fikir səsləndirənlər şərlənib həbs edilməklə hədələnir.

İcra başçısının tələbi, DİN-in təkzibi

İcra başçısı isə iddia ərizəsində yazıb ki, F.Qəribovun onun haqqında yazdıqları böhtandır. Hüquqşünas onun “harın həyat tərzi sürməsi” haqda yazdıqlarıyla onu təhqir edib. Ona görə də həm təhqirə, həm də böhtana görə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Daxili İşlər Nazirliyi F.Qəribovun Balakən rayon Polis Şöbəsində kobud rəftara məruz qalması haqda deyilənləri təkzib edib.

“Həmin vətəndaşa qarşı kobud rəftara yol verilməyib”, - nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosu-na belə deyilib.

İ.Rzayev 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. Bundan öncə isə o, Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.

Cinayət Məcəlləsinin 147.2 maddəsində 2 ilə qədər islah işləri, yaxud 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə; 148-ci maddədə isə 1000 manatdan 2000 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri, yaxud da 6 aya qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

XS
SM
MD
LG