Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:47

Qəhvəxanada kitab oxuyanlara pulsuz çay verilir


Türkiyədə qəhvəxanaların tarixi çox qədim dövrlərə gedib çıxır. Qəhvə içkisinin Osmanlı imperiyası dövründə Yəməndən gətirilərək əvvəlcə imperiyanın ərazisinə, daha sonra Avropaya yayıldığı deyilir. Qəhvə içmək adətinin sürətlə yayılmasını sufilərin adı ilə bağlayırlar. Sufilər ibadət zamanı çox enerji işlətdiklərindən belə bir qüvvətləndirici içkiyə ehtiyacı var imiş. Onlar həm də çox gəzdikləri üçün bu vərdişi geniş əraziyə yaya biliblər.

Bir ehtimala görə, mistik sufi Şazeli təriqətinin banisi Əbülhəsən Şazeli ilk dəfə 1258-ci ildə Məkkə ziyarəti zamanı bu maraqlı içkini kəşf edib və sonradan onu yayıb.

Qəhvəyə qarşı fətva verilsə də...

Ancaq bu, qəhvə və qəhvəxanaların yayılması haqda yeganə rəvayət deyil. Başqa bir ehtimala görə, qəhvə İstanbula yalnız 1517-ci ildə I Sultan Səlimin Misiri fəth etməsindən sonra gətirilib.

Di gəl, qəhvə içilməsinə qarşı çıxanlar da olub. İslam purizmə meylli dindir. Bu səbəbdən ilk dövrlərdə nüfuzlu din xadimləri beyni stimullaşdıran, insana güc verən bu içkiyə qarşı çıxıblar. Hətta Sultan Süleyman dövründə ölkənin baş din adamı olan Şeyxülislam Əbussuud qəhvə içilməsinə qarşı fətva da verib. Bu fətvanın nəticəsində 1543-cü ildə gəmi ilə gətirilən qəhvə dənlərinin dənizə atıldığı deyilir.

Fətvanın təsiri uzun çəkməyib. Qəhvə və qəhvəxanalar sürətlə yayılıb. Üstəlik, qəhvəxanalar təkcə qəhvə içmək üçün deyildi. İnsanlar burada söhbətləşir, yeni ideyaları müzakirə edirdilər.

XVII əsrdə, Sultan I Muradın dövründə qəhvəxanalar yenidən bağlanıb. Bu dövrdə Yaxın Şərqdə uzun müddət səyahət edən fransız orientalisti Atoine Galland öz səfər qeydlərində bunun səbəbini insanların məscidə getməməsi, mollaları və onların moizələrini dinləməməsi, vaxtlarını daha çox qəhvə evlərində keçirməsi ilə əlaqələndirir.

Qədim zamanlarda burada “kıraathane”, yəni qiraət evi kimi tanınan qəhvəxanalar da varmış. Ancaq sonradan əksər yerlərdə kitabın yerini kart oyunları tutub. Türkiyənin şimalında, Qara dəniz sahilində yerləşən Düzcə əyalətindəki kiçik və sakit Akçakoca şəhərində qəhvə evi işlədən Murat Yanmaz bu vəziyyəti dəyişməyə qərar verib. O, kitab oxuyan müştərilərinə çayı pulsuz təklif edir.

Türkiyənin gündəlik “Sabah” qəzeti yazır ki, daha çox insanı kitab oxumağa həvəsləndirmək niyyətində olan Yanmaz qəhvə evinin bir küncündə kiçik bir kitabxana düzəldib və onu Türkiyə və xarici ədəbiyyat klassiklərinin əsərləri ilə doldurub. Oxunmuş kitabın qısa xülasəsini danışa bilən müştərilərə bir həftə pulsuz çay verilir. Qəhvəxanaya get-gedə daha çox insanın gəlməsi Yanmazı sevindirir. Müxtəlif yaş qruplarından olan insanlar buraya kitab oxumağa gəlirlər.

Təhsil qrantı vermək istəyir

Yanmaz Anadolu Agentliyinə müştərilərinə kitab oxumağı sevdirmək və kitabxanasını zənginləşdirmək istədiyini bildirib. O, insanları kitabxanaya daha çox kitab bağışlamağa çağırıb.

“Kitabxanam balacadır, ancaq kitabların sayını 1000-ə çatdırmaq istəyirəm. Kitabım çox olsa onlardan bəzilərini satıb tələbələrə təhsil qrantı vermək istəyirəm”, – o deyib. Onun pulsuz çay kampaniyası təkcə kitab oxuyanlara aid deyil. Yanmaz siqareti tərgidənlərə də çayı bir həftə pulsuz verir.

Türkiyə Naşirlər Birliyi, Okuyay platforması və “Konda” tədqiqat şirkətinin ötən il birgə apardığı araşdırmanın nəticələrinə görə, Türkiyədə kitab oxuyanların sayı son 11 ildə 30%-dən 42%-ə qalxıb.

Hökumət son zamanlar “millet kıraathanesi” kimi tanınan qiraət kafeləri yaradır. Məqsəd qəhvəxananın işsiz insanların və təqaüdçülərin toplaşdığı məkan kimi tanınmasına son qoymaq, onları vətəndaşların kitab oxuyaraq pulsuz içki və şirniyyat ala biləcəyi ictimai yerlərə çevirməkdir.

Prezident Recep Tayyip Erdoğanın göstərişi ilə son iki ildə ölkə boyu 30-dan çox belə qəhvəxana açılıb.

XS
SM
MD
LG