Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:34

Rusiyanın COVID-19 vaksini ətrafında şübhələr


Arxiv fotosu
Arxiv fotosu

Beynəlxalq səhiyyə rəsmiləri Rusiyanın sonuncu mərhələ klinik sınaqları aparmadığını, bunun vaksinin təhlükəsizliyi və effektivliyi üçün vacib olduğunu deyirlər

Avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin elan elədi ki, ölkəsi dünyada bir ilk olaraq COVID-19 vaksinini qeydiyyatdan keçirib. Ancaq informasiyanın azlığı, testlər natamamlığı, beynəlxalq nəzarətin yoxluğu bu vaksin ətrafında şübhələri gücləndirib.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Matthew Luxmoore yazır ki, Rusiya kütləvi peyvəndləmə proqramına oktyabrda başlamağı planlaşdırır.

550 min dollar

Beynəlxalq səhiyyə rəsmiləri isə Rusiyanın sonuncu mərhələ klinik sınaqları aparmadığını, bunun vaksinin təhlükəsizliyi və effektivliyi üçün vacib olduğunu deyirlər. Onların fikrincə, vaksinin belə sürətlə hazırlanması əslində nüfuz savaşıdır və hökumətləri geosiyasət oynamağa, birinci olmaqdan ötrü başdansovdu iş görməyə sövq edə bilər.

Hökumətin dəstəklədiyi vaksin layihəsinə Gamaleya İnstitutu nəzarət edir, Rusiya Birbaşa İnvestisiya Fondu tərəfindən maliyyələşir. Layihəyə 4 milyard rubl (550 min dollar) sərmayə qoyulduğu bildirilir.

İyun-iyul aylarında vaksinin insan üzərində sınaqları keçirilib. Birinci fazada 38 mülki şəxs və 38 hərbçi, ikincidə isə 100 nəfər iştirak edib. Sınaqların Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Filippində də aparılacağı qeyd olunur.

Vaksin Sputnik-V adlanır, 1957-ci ildə keçmiş Sovet İttifaqının uğurla buraxdığı Sputnik peykinin şərəfinə belə adlandırılıb.

Rusiyada yeni koronavirusa azı 849 min nəfərin yoluxduğu, 14 mindən çox xəstənin vəfat etdiyi bildirilir.

Adətən, vaksin insan üzərində üç mərhələdə sınaqdan keçirilir, sonra kütləvi istehsalı təsdiqlənir. İlk iki mərhələdə kiçik qruplar seçilir, ziyanlı yan təsirlər, immun sistemini stimullaşdırma qabiliyyəti öyrənilir. Sonuncu – 3-cü Fazaya isə minlərlə şəxs cəlb olunur, bəzilərinə potensial vaksin, digərlərinə müqayisəli təhlil üçün təsirsiz maddə vurulur. Rusiyada 3-cü mərhələnin tamamlanmaması güclü şübhələr yaradıb.

“...Rusiyanın iddialarını tanımayacaq”

“Mən 3-cü fazadan keçməmiş vaksini vurdurmazdım. Heç kəs onun təhlükəsiz, effektiv olduğunu bilmir. Onlar tibb işçilərini və əhalini riskə atırlar”, – Nyu York şəhərində Icahn Tibb Məktəbinin mikrobiologiya departamentinin professoru Florian Krammer Twitter-də yazıb.

“Vacib olan Covid-19 vaksinini birinci hazırlamaq deyil, ən yaxşı olmaqdır, yəni təhlükəsizlik və effektivlik sübut olunmalıdır. Ciddi elmi və etik standartlara əməl olunmayınca beynəlxalq ictimaiyyət Rusiyanın iddialarını tanımayacaq”, – bunu isə Vaşinqtondakı Corctaun Universitetinin O'Neill Milli və Qlobal Səhiyyə Qanunu İnstitutundan Lawrence Gostin deyib.

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev Rusiyanın yanaşmasını müdafiə edib. Onun sözlərinə görə, Gamaleya İnstitutunun hazırladığı vaksin sınanmış texnologiyalara əsaslanır və bütün bunlar ABŞ-ın maliyyələşdirdiyi vaksin sınaqlarında istifadə olunan eksperimental metodlardan üstündür.

“Qərb korporasiyaları narahatdırlar ki, Rusiyanın vaksin istehsalçıları ilə müqayisədə pis görünəcəklər, rusiyalılar onları qabaqlayıblar”, – o, Rusiyanın “Vedomosti” qəzetinə deyib.

Dünya Səhiyyə Təşkilatı (DST) Rusiyanı vaksin tədqiqatında beynəlxalq qaydalara əməl etməyə çağırıb.

“İstənilən vaksin... müxtəlif sınaqlardan keçəndən sonra bazara çıxarılmalıdır”, – DST-nin sözçüsü Christian Lindmeier ötən həftə deyirdi.

Rusiya vaksini kimə maraqlıdır

Dünyada yeni koronavirusa 20,6 milyon nəfərin yoluxduğu təsdiqlənib, 750 minədək xəstə vəfat edib. DST 25 vaksinin hazırda klinik sınaq mərhələsində, 100-dən artıq vaksinin hazırlanmaqda olduğunu bildirir. ABŞ-da Moderna şirkəti dünyada 89 tədqiqat mərkəzində 30 min yetkin yaşlı üzərində 3-cü faza sınaqları həyata keçirir.

Moskva isə azı 20 ölkənin artıq onun vaksininə maraq göstərdiyini bildirir. Filippin Prezidenti Rodrigo Duterte avqustun 10-da deyib ki, vaksin hazır olan kimi Rusiyadan onu almaqla bağlı Putin-in təklifini qəbul edib və özü şəxsən sınaqlarda iştiraka hazırdır.

Məqalədə deyilir ki, vaksin yarışmasının Çin, Birləşmiş Ştatlar kimi iştirakçıları öz proqramlarını həyata keçirərək Rusiyanın vaksinindən üz çevirsələr, Qərbdən kənar ölkələr də Moskvaya üz tuta bilərlər.

Ancaq Rusiya şübhələrə rəğmən vaksininin təhlükəsiz və effektiv olduğunu sübut edərsə, onda bu, böyük uğur olar. Di gəl, bu da aylar çəkə bilər, bəzi tədqiqatçılar isə uğur şansı görmürlər.

Rusiyanın açıqlamasının vaxtı “məhsulun səmərəsinə dair yetərli datanın olmadığı” anlamına gəlir, bunu “The New York Times” qəzetinə Florida Universitetində yoluxucu xəstəliklər eksperti Natalie Dean deyib. Onun sözlərinə görə, insanlar üzərində ümidverici nəticələr vermiş ilkin sınaqlar sonrakı fazalarda baş tutmayıb.

Dünyada bir sıra optimist tədqiqatçılar deyirlər ki, virusa qarşı vaksinin hazırlanması ən azı 2020-ci ilin sonunadək çəkəcək. Bu gün istifadə olunan bir çox vaksinlərin hazırlanması illərə, hətta onillərə başa gəlib.

XS
SM
MD
LG