Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Azərbaycan məktəblisi əlini yuyurmu


Arxiv fotosu
Arxiv fotosu

dünyada təhsilə indiyədək ən böyük zərbəni COVID-19 vurub, 190-dan çox ölkədə 1,6 milyardadək şagirdi əhatələyib

Dünyada 820 milyona yaxın şagird məktəbdə əlini yuya bilmir. Bu isə onları COVID-19 və digər yoluxucu xəstəliklərə yoluxma riskiylə üz-üzə qoyur. Dünya Səhiyyə Təşkilatı və BMT-nin uşaq fondu olan UNICEF-in avqustun 13-də yaydığı birgə hesabatında belə deyilir.

BMT-nin məlumatına görə, dünyada təhsilə indiyədək ən böyük zərbəni COVID-19 vurub, 190-dan çox ölkədə 1,6 milyardadək şagirdi əhatələyib.

Araşdırma üzə çıxarıb ki, ötən il dünya üzrə məktəblərin 43 faizində sabun və su kimi əsas əlyuma vasitələrinə çıxış olmayıb. Bu isə pandemiya dövründə məktəblərin təhlükəsiz fəaliyyət üçün əsas şərt sayılır.

Məktəblərdə əsas əlyuma vasitələrinə çıxışı olmayan 818 milyon uşaqdan üçdə birindən çoxu Saharaaltı Afrikada yaşayır.

Pandemiyanın əvvəlində səhiyyə və humanitar böhran riskinin böyük olduğu 60 ölkədə uşaqların 75 faizi məktəbdə əlini yuya bilmirdi. Uşaqların yarısının isə əsas su xidmətinə çıxışı olmayıb.

Qaydalar

Hesabata görə, hökumətlər karantininin sosial və iqtisadi təsirləri ilə səhiyyə tədbirlərinin icrasının vacibliyini balanslaşırmalıdırlar. Məktəblərin uzun müddət bağlı qalmasının uşaqlara mənfi təsiri də çoxdan sənədləşdirilib.

UNICEF və tərəfdaşları apreldə məktəblərin təhlükəsiz fəaliyyəti üçün qaydalar açıqlamışdılar.

Həmin qaydalara gigiyena tədbirləri, şəxsi qoruyucu vasitələrdən istifadə, təmizləmə və dezinfeksiya, təmiz su, sabunla əl yuma və təmiz tualetlərin təmin olunması daxildir.

UNICEF və DST bütün dünyada adekvat su, sanitariya və gigiyena xidmətlərinə bərabər çıxışın təmin olunması öhdəliyini bir daha vurğulayır.

Azərbaycanda da hazırda təhsil ocaqlarının açılması ən çox müzakirə olunan mövzulardandır. Hələlik, orta və ali məktəblərdə tədris prosesinin necə təşkil olunacağı bəlli deyil. Müşahidəçilər məktəblilərin gigiyena qaydalarına əməl etməsinin çətin məsələ olduğunu bildirir, özəlliklə kənd yerlərində, Bakıətrafı qəsəbələrdə məktəblərdə su şəbəkələrinin, tualetlərin yaxşı vəziyyətdə olmadığını vurğulayırlar.

İndiyədək yeni növ koronavirusdan Azərbaycanda 500 nəfər vəfat edib, 34 minə yaxın yoluxma təsdiqlənib. İyunun 21-dən yenidən tətbiq olunan sərt karantin rejimi son həftələr tədricən qaldırılır.

XS
SM
MD
LG