Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:45

BƏƏ-nin İsraili tanımasına reaksiyalar


İllüstrativ foto
İllüstrativ foto

Trump bunu “həqiqi tarixi an” adlandırıb, əlavə edib ki, “indi buz sınandan sonra daha çox ərəb və müsəlman ölkəsinin bu yolla gedəcəyini gözləyirəm”

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail hərtərəfli diplomatik münasibətlər qurmağa razılaşıblar. Bu addımı Birləşmiş Ştatlar, bir neçə Körfəz ölkəsi alqışlasa da, İran, Türkiyə və fələstinlilər qınayıb.

ABŞ Prezidenti Donald Trump-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya görə, BƏƏ İsraillə tam diplomatik münasibətlər quran ilk Körfəz ərəb ölkəsi, aktiv münasibətləri olan üçüncü ərəb ölkəsinə çevrilir.

Razılaşmaya əsasən, İsrail Qərb sahilinin fələstinlilər tərəfindən tutulmuş hissələrini ilhaq planını “təxirə salmalıdır”.

“Həqiqi tarixi an”

Bir neçə həftəyə İsrail və BƏƏ-nin nümayəndə heyətləri görüşərək investisiya, turizm, birbaşa uçuşlar, təhlükəsizlik, səfirliklərin təsis olunması və digər məsələlərlə bağlı ikitərəfli sazişlər imzalamalıdırlar.

Trump bunu “həqiqi tarixi an” adlandırıb, əlavə edib ki, “indi buz sınandan sonra daha çox ərəb və müsəlman ölkəsinin bu yolla gedəcəyini gözləyirəm”.

İsrailin Baş naziri Benjamin Netanyahu televiziya ilə çıxışında İsrail və ərəb dünyası arasında yeni sülh erasının başlandığını deyib. “Getdikcə daha çox ərəb ölkəsinin bu genişlənən sülh halqasına qoşulacağını görmək şansımız artır”, – o vurğulayıb.

Ancaq Netanyahu deyib ki, Qərb sahilin ilhaqı planlarının ləğvinə deyil, yalnız təxirə salmağa razılaşıb, “torpağımıza hüquqdan heç vaxt əl çəkməyəcəyik” deyə sözlərinə əlavə edib.

Bu, İsrail 1948-ci ildə müstəqilliyini elan edəndən bəri onun hər hansı ərəb ölkəsi ilə üçüncü razılaşmasıdır. Belə bir razılaşma Misirlə 1979-cu, İordaniya ilə 1994-cü ildə imzalanıb.

İsrail və BƏƏ həmsərhəd deyillər, heç vaxt müharibə aparmayıblar. Ancaq BƏƏ davamlı olaraq fələstinliləri müdafiə edib, diplomatik münasibətlərin qurulması üçün 1967-ci ildə İsrailin işğal etdiyi torpaqlarda Fələstin dövlətinin qurulmasına dair sülh sazişini şərt qoyub.

İran, Türkiyədən reaksiyalar

İranla Türkiyə sözügedən razılaşmanı pisləyib, BƏƏ-ni Fələstinə xəyanətdə suçlayıblar.

İranın Xarici İşlər Nazirliyi razılaşmanı “BƏƏ-nin ədalətsizcəsinə Fələstin xalqı və bütün müsəlmanların kürəyinə batırdığı xəncər” adlandırıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, region xalqları BƏƏ-nin “bu ikiüzlü davranışını heç vaxt bağışlamayacaq və unutmayacaq”, onun fələstinlilər adından İsraillə danışıq aparmaq səlahiyyəti yox idi.

Qəzzaya nəzarət edən Fələstinin islamçı Hamas qruplaşmasının sözçüsü sənədi pisləyib.

“Normallaşma xalqımıza arxadan zərbədir”, – deyən Fawzi Barhoum bunu “İsrailin işğalının cinayətləri üçün mükafat” adlandırıb.

Fələstinin Xarici işlər naziri Riyad al-Malki deyib ki, Fələstinin BƏƏ-dəki səfiri razılaşma açıqlanan kimi geri çağırılıb.

Bu hadisə Trump üçün xarici siyasətdə qələbə sayılır, onun 3 noyabr prezident seçkisində təkrar seçilmək şansını gücləndirir.

Trump-ın demokratlardan rəqibi, keçmiş senator və vitse-prezident Joe Biden də razılaşmanı alqışlayıb. Biden deyib ki, BƏƏ-nin İsraili açıq şəkildə tanıması “alqışlanası, cəsarətli, çox lazımlı dövlətçilik hərəkətidir” və İsrailin Yaxın Şərqin “tərkib hissəsi” kimi qalmasına kömək edəcək.

XS
SM
MD
LG