Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Deputat: 'Bunun mütləq cəzası olmalı idi'


Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmədə, 22 avqust 2020
Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmədə, 22 avqust 2020

Bəxtiyar Hacıyev: “ Ramiz Mehdiyev də özünə dərs çıxarmalıdır”

“Karantin dövründə Nazirlər Kabinetinin qərarları, məhdudiyyətləri kasıb, sadə xalqa ən sərt şəkildə tətbiq edilirsə, uzun müddət dövlət qulluğunda olan, dövlətçilikdən danışan məmurların və bu qanunları qəbul edən Milli Məclis üzvlərinin qanunları pozması təbii ki, cəmiyyətdə birmənalı, xoş qarşılanmamalıdır. Bu qaydaları pozan hamı, o cümlədən məlum toyda iştirak edən, onu təşkil edən şəxslər cəzalandırılmalıdır”

“Sosial şəbəkələrdə başqa rəsmi şəxslərin də övladlarının toy… məclislərinin keçirilməsi barədə fotolar yayıldı”

Bəxtiyar Hacıyev, 4 iyun 2012
Bəxtiyar Hacıyev, 4 iyun 2012

Bunu isə gənc fəal Bəxtiyar Hacıyev deyib. Bununla belə o düşünür ki, burada söhbət təkcə qanunların pozulmasından yox, eyni zamanda, hakimiyyət daxilində siyasi çəkişmədən də gedir:

"Çünki, sosial şəbəkələrdə başqa rəsmi şəxslərin də övladlarının toy və nişan məclislərinin keçirilməsi barədə fotolar, videolar yayıldı. Ancaq onlarla bağlı heç bir tədbir görülmədi. Eyni zamanda, məhkəmə zalından hakimiyyətin nəzarətində olan kanalların canlı yayım etməsi, inzibati xətada təqsirləndirilən şəxslərin qollarının qandallanması və digər məqamlar onu göstərir ki, bu məhkəmə cəzası ictimai rəyi nəzərə alaraq, qanunları pozan şəxslərin cəzalandırılması deyil. Hakimiyyətin bir klanının digər klanına meydan oxumasıdır".

B.Hacıyev qeyd edib ki, Azərbaycanda indiyə qədər müstəqil qaydada bu miqyasda məmurların işinə baxıb, müstəqil qərar verəcək hakim və məhkəmə tanımır:

"Bu gün ( avqustun 22-də) verilən qərar Prezident Administrasiyasından gələn komanda ilə sinxron qaydada verilmiş qərardır. Bu tapşırıq hakimiyyətin nəzarətində olan kütləvi informasiya vasitələrinə (KİV) də verilib ki, oradan canlı yayım etsinlər. Eyni qaydada, polislərə tapşırıq verilib ki, inzibati iş üzrə məhkəməyə çıxarılmış şəxsə qandal taxılsın” “Bu sadəcə iki klan arasında döyüşün növbəti epizodudur".

Bextiyar Haciyevin qeyd etməsinə görə, Milli Məclis üzvləri əvvəl susmuşdular, indi ard-arda "qanun qarşısında hamı bərabərdir" məzmunlu açıqlamalar verirlər:

“ Sanki, cəmiyyəti inandırmaq istəyirlər ki, burada qanunları pozan hər kəsə eyni münasibət var. Cəmiyyət isə ayıqdır və anlayır ki, bu sadəcə iki klan arasında döyüşün növbəti epizodudur".

“Digər rəsmi şəxslər də anlamalıdırlar ki,…”

Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Heydər Əliyev" ordeni ilə təltif edir, 23 oktyabr 2019
Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Heydər Əliyev" ordeni ilə təltif edir, 23 oktyabr 2019

O, düşünür ki, burada Ramiz Mehdiyev də özünə dərs çıxarmalıdır: "Uzun illər vəzifədə olarkən yüzlərlə belə sifarişli məhkəmələr olub, müstəqil şəxslərə beləcə qandallar taxılıb, hakimiyyət nəzarətində olan KİV-lər yüzlərlə müstəqil şəxsi beləcə qaralayıblar. Ramiz Mehdiyev özünün də qurucusu olduğu sistemin zərbələrini yeməyə başlayır. Digər rəsmi şəxslər də anlamalıdırlar ki, ədalətli məhkəmə olmayanyerdə bir gün onlar da bu sistemin qurbanı olacaqlar".

Bu fikirlərə, hələlik, Ramiz Mehdiyevin, onun yaxınlarının və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

“Biri güclüdür, ya da birinin imkanı var, qabağa düşürsə…”

“Əgər, ölkə rəhbərliyi səviyyəsində bu xəstəliklə ( koronavirus pandemiyası-red) bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri nəzərə alınıbsa, hər bir ailə, hər kəs öz adından, sanından, şöhrətindən asılı olmayaraq qanun tələblərinə uymalıdır”

Bunu, “Turan” agentliyinə açıqlamasında deputat Sabir Rüstəmxanlı deyib. O, karantin rejimi zamanı, avqustun 18-də Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızına toy keçirməsini dəyərləndirərkən həmin sözləri söyləyib.

Sabir Rüstəmxanlı, arxiv foto
Sabir Rüstəmxanlı, arxiv foto

Deputat əlavə edib ki, Azərbaycanda minlərlə ailə var ki, toyunu təxirə salıb ölkədə uyğun vəziyyətin yaranmasını gözləyir:

"Ona görə də hər kəs qanuna uymalıdır. Biri güclüdür, ya da birinin imkanı var, qabağa düşürsə və heç nəyi nəzərə almırsa, mən buna normal baxmıram".

S. Rüstəmxanlı Abşeron Rayon Məhkəməsinin İlham Əliyev və onun qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs edilməsi ilə bağlı qərarına gəldikdə isə bildirib ki, hazırda belə hərəkətlər edən şəxslər buna hazır olmalıdır:

"Bu çətin vəziyyətdə cəsarət edib, bu addım atıblarsa bunun mütləq cəzası olmalı idi. 5 sutka və ya 15 sutka fərqi yoxdur. Bu cəzadır və cəza mütləq olmalı idi. O cəza yerdə qalan vətəndaşlara da bir işarədir ki, burada kimin qohumu və ya yaxını olursan ol, heç kəsə güzəşt olmayacaq".

Xatırlatma

Keçmiş deputat İlham Əliyev avqustun 22-də 15 sutkalıq həbs edilib. Abşeron Rayon Məhkəməsinin qərarına əsasən o, karantin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Bundan başqa məhkəmə onun qudası Rövşən Mustafayev haqqında da eyni qərarı verib. Verilən məlumatlara görə, avqustun 18-də İlham Əliyev qızına toy mərasimi edib. Koronavirus pandemiyası ilə bağlı, mart ayından Azərbaycanda toylara icazə verilmir Amma qərara onlardan və vəkillərindən, hələlik, münasibət almaq mümkün olmayıb. İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkənidir. Ramiz Mehdiyev 1995-ci il fevralın 7-dən 2019-cu il oktyabrın 23-nə qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına rəhbərlik edib.

XS
SM
MD
LG