Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

R.Cəfərov: 'Mənim üçün bu proses bitdi'


R.Cəfərov Bakıda aksiyada saxlanarkən
R.Cəfərov Bakıda aksiyada saxlanarkən

Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra durumunun müzakirə edildiyi üçgünlük toplantı başa çatıb. Sentyabrın 1-dən 3-nə qədər davam edən toplantının yekununda Azərbaycanla bağlı da qərar verilib. Nazirlər Komitəsi Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərovun işi üzrə Avropa Məhkəməsinin çıxardığı qərarların icra olunduğu qənaətinə gəlib. Bu işlər üzrə qərarların icrasına nəzarətin qapadılmasına qərar verilib.

Azərbaycana aid, icrasını gözləyən digər qərarlarla bağlı isə yeniliklərin olmadığı vurğulanıb.

Azərbaycan İ.Məmmədov və R.Cəfərovun işinə Avropa Məhkəməsinin qərarları əsasında yeni açılmış hal üzrə yenidən baxıb. Aprelin 23-də Ali Məhkəmənin Plenumu hər ikisi haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarıb. Qanunsuz həbsdə saxlandıqlarına görə İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 500 manat kompensasiya ödənilməsi də qərarda əksini tapıb.

Kompensasiyalar ödənib

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, kompensasiyalar da ödənilib.

R.Cəfərov AzadlıqRadiosuna kompensasiyanı aldığını təsdiqləyib. O bildirib ki, kompensasiyadan da vacib olan təqsirsizliyinin rəsmi şəkildə təsdiqlənməsi, bəraət alması idi. Bu da Plenumun qərarında açıq şəkildə yazılıb:

"Mənimlə bağlı qərarı icra olunmuş hesab edirəm. Plenumun qərarında yazılıb ki, "əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsaslarla cinayət işinə xitam verilməlidir". Bu cümlə mənə kifayət edir".

R.Cəfərov qərardan bir müddət sonra Daxili İşlər Nazirliyinə sorğu verərək artıq məhkumluğunun olmaması haqda cavab alıb. "ASAN Xidmət"dən də ona eyniməzmunlu arayış verilib. Bu barədə o, Avropa Şurası Nazirlər Komitəsini də məlumatlandırıb.

"Kompensasiyanı dövlət ödəyib, qanunsuz qərarlar verən hakimlər yox"

Onun haqqında qanunsuz hökm və qərarlar vermiş hakimlərin, müstəntiqlərin cəzalandırılması üçün hüquqi addımlara gəlincə, R.Cəfərov hesab edir ki, bu məsələ hökumətin özünün marağında olmalıdır:

"Bizə istər Avropa Məhkəməsinin təyin etdiyi kompensasiya, istərsə də Ali Məhkəmənin Plenumunun qanunsuz həbsdə saxlanmaya görə müəyyənləşdirdiyi kompensasiyanı dövlət ödəyib, qanunsuz qərarlar verən hakimlər, müstəntiqlər yox. Bu mənada, onlar dövlətə maddi baxımdan da ziyan vurublar. Həmçinin, onların çıxardığı qanunsuz qərarlara görə dövlətin nüfuzuna da ziyan dəyib. Yəni, dövlətə və siyasi idarəetmədə olan hakimiyyətə ziyan vurublar. Ona görə də özləri maraqlı olmalıdır ki, bu şəxslər cəzalansın, belə hallar təkrarlanmasın".

R.Cəfərov onu da qeyd edib ki, baş verənlərə hüquqi yox, daha çox siyasi məsələ kimi baxır. Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarında da bu fikir əksini tapmışdı: "Əgər hökumət hesab edirsə ki, siyasi yox, hüquqi prosesdir, o zaman qanunsuzluq edənləri cəzalandırsın. Mənim üçün bu proses bitdi".

XS
SM
MD
LG