Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:40

Koronavirus musiqiçilərə belə təsir göstərib


"The Rolling Stones" qrupu
"The Rolling Stones" qrupu

Britaniyanın 30 min üzvü olan Musiqiçilər Birliyi hökuməti musiqi sahəsində çalışan, pandemiya dövründə problemlərlə üzləşən şəxsləri dəstəkləməyə çağırıb.

Britaniyanın "NME" (New Musical Express) musiqi saytı yazır ki, ölkədə musiqiçilərin 1/3-i koronavirus pandemiyasının doğurduğu maliyyə itkiləri səbəbindən bu sahəni tərk edə bilər.

Sayt bu məlumatı musiqiçilərin həmkarlar ittifaqı sayılan birliyə istinadən yayıb.

Apreldə Musiqiçilər Birliyi bildirib ki, üzvlərinin 19%-i təcrid rejimi dövründə hökumətdən kifayət qədər dəstək almadığı üçün karyerasına son qoymaq haqda düşünür. Qurumun Baş katibi Hores Trubridc daha sonrakı müsahibəsində bu sayın əslində daha artıq olmasından narahatlığını bildirib.

34 faiz gedir

Aparılan yeni araşdırmanın nəticələrinə görə, Britaniyada musiqiçilərin 34%-i pandemiya dövründə verdikləri itkilərə görə bu sahəni tərk etmək haqda düşünür. Musiqiçilər Birliyinin üzvlərinin yarıya qədəri isə artıq alternativ iş yeri axtarmağa məcbur olub. Üzvlərin 70%-i hazırda adətən gördüklərinin 1/4-i qədər və daha az iş görə bilirlər.

Məlumatda daha sonra deyilir ki, gələn ay Xəzinədarlığın Kansleri Rişi Sunakın ödənişli məzuniyyət sxemi başa çatınca, musiqiçilərin 87%-i maliyyə çətinlikləri ilə üz-üzə qalacaq. Birliyin üzvlərinin 88%-i hesab edir ki, Britaniya hökuməti pandemiya dövründə musiqi sahəsinə dəstək vermək üçün yetərincə iş görməyib.

Musiqiçilər Birliyi hökuməti ödənişli məzuniyyət sxeminin bitməsindən sonra yerlərin uyğunlaşdırılması sxemini işə salmağa və koronavirus məhdudiyyətlərinə görə iş yerlərinə qayıda bilməyən musiqiçilərə ünvanlı dəstək verməyə çağırıb.

Trubridc Birliyin apardığı bu yeni araşdırmadan danışarkən belə deyib: "Bu rəqəmlər dəhşətlidir və nə qədər musiqiçinin maliyyə çətinliyi içərisində və musiqini birdəfəlik tərk etməklə …risk qarşısında olduğunu göstərir. Daha yaxşı zamanlarda üzvlərimiz öz istedadları ilə 5 milyard funtluq (6.4 milyard dollar) musiqi industriyasını irəli aparıblar. Bir sənətkarın getməsi iş yerlərini domino effekti ilə yox edəcək. İşıqçılardan tutmuş, bilet satanlara qədər. Bir musiqiçi işdən getsə, əmin ola bilərsiniz ki, bu, bir çox digərlərinə də təsir edəcək.

Biz hökumətin ödənişli məzuniyyət və müstəqil işləyənlərə yardım sxemləri vasitəsilə üzvlərimizə verdiyi bütün dəstəyə görə təşəkkür edirik. Ancaq onlar indi musiqiçilərimizi tərk etməməlidirlər. Sosial məsafə qaydalarının hələ də qüvvədə olduğu indiki zamanda məkanlar öz adi normalarının yalnız 30%-i üçün bilet sata bilirlər. Biz hökuməti biletlərin uyğunlaşdırılması sxemini tətbiq etməyə çağırırıq. Bu sxem məkanların potensial gəlirini 60%-ə qaldırmaqla musiqiçilər və bütün industriya üçün xilas yolu təmin etmiş olardı".

Ünvanlı maliyyə yardımı istənilir

Trubridc daha sonra əlavə edib ki, musiqiçilərin işə qaytarılması prioritet olmalıdır: "Ancaq bu, sosial məsafə qaydalarının qüvvədə olduğu müddətdə bizim bir çox üzvlərimiz üçün real deyil. Biz hökuməti üzvlərimizin düşdüyü vəziyyətin unikallığını nəzərə alaraq, musiqiçilərə… ünvanlı maliyyə yardımı ayırmağa çağırırıq".

Trubridc NME saytına daha əvvəlki müsahibəsində koronavirus böhranının musiqi industriyasının son 100 ildə üzləşdiyi ən böyük böhran olduğunu bildirmişdi.

Britaniya hökuməti koronavirus böhranı zamanı, iyul ayında incəsənət məkanlarını vəziyyətdən çıxarmaq üçün 1.57 milyard funt sterlinq (2 milyard dollar) vəsait ayırıb. Ancaq ortaya çıxan rəqəmlər bu sxemin bu sahədə çalışan insanları tam qoruya bilməyəcəyini göstərirdi.

İyulda 1500-dək sənət adamı birləşərək hökuməti canlı musiqiyə vurulan "dəhşətli" ziyana son qoymağa çağırdı. #LetTheMusicPlay adı ilə keçirilən bu kampaniyadan sonra incəsənət, mədəniyyət və irs sahələrinə koronavirusun təsirinə davam gətirmək üçün daha çox vəsait ayrılıb.

XS
SM
MD
LG