Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Bollivud kiçik ekrana 'girişir'


Hindistan filmi Kann Kino Festivalında
Hindistan filmi Kann Kino Festivalında

BBC yazır ki, Hindistanda bu ilin yayı çox qeyri-adi keçib. Çünki ölkənin milyonlarla kinosevəri bu yay martdan bağlı qalan sevimli kinoteatrlarına gedə bilməyib. Ancaq evdə oturmalı olan ailələrin köməyinə striminq xidmətləri gəlib.

Çox sayda film, ümumiyyətlə, böyük ekrana çıxarılmayıb. Əvəzində Bollivud kiçik ekrana "girişib". Get-gedə daha çox tanınmış, A kateqoriyalı aktyor Netflix, Amazon Prime Video və Disney+ Hotstar striminq şirkətlərinin orijinal filmlərində çəkilməyə razılıq verir. Pandemiya onsuz da güclənməkdə olan bu prosesi daha da sürətləndirib. Beləliklə, Hindistanda da kiçik ekran böyük ekranı sıxışdırmaqdadır.

İyunda Bollivudun ən böyük ulduzlarından olan Amitabh Baççanın "Gulabo Sitabo" adlı satirik filmi çıxıb. Onun ardınca Hindistanın görkəmli riyaziyyatçısı haqda hamının gözlədiyi "Shakuntala Devi" bioqrafik filmi, Hindistanın ilk qadın pilotuna həsr olunmuş "Gunjan Saxena" filmi və 1991-ci ildə çəkilmiş filmin sekveli olan "Sadak 2" trilleri çıxıb.

"Striminq təkcə gələcək deyil"

Bu filmlər kinoteatrda göstərilmək üçün çəkilib. Ancaq indiki vəziyyətdə striminq platformaları onlar üçün yeganə seçim oldu. Striminq platformalarının tamaşaçı kütləsi də gənc şəhər auditoriyasıdır. Onların çoxu Bollivudun ənənəvi musiqili tamaşa tərzini və çeynənmiş metaforalarını sorğulayır.

"Çoxları anlayıb ki, striminq təkcə gələcək deyil. Striminq bugündür", –Netflix India-nın vitse-prezidenti Monika Şerqil BBC-yə deyib.

Netflix və Amazon Prime Video Hindistanda kino bazarının ən böyük hissəsinə nəzarət edir. Netflix bu ilin 9 ayı ərzində 18 orijinal filmi ekrana çıxarıb. Amazon Prime isə 2020-ci ildə 14 film buraxacağını bəyan edib.

Disney+ Hotstar ilkin olaraq kinoteatrlarda göstərilməsi nəzərdə tutulan yeddi Bollivud filminin premyerasını keçirəcəyini vəd edib. O bu filmləri iyulun 24-dən etibarən özünün yeni Multiplex xidməti vasitəsilə strim etməyə başlayıb.

Bu xidmətlər Hindistanda TV və kino arasındakı kəskin bölgünü yumşaltmağa başlayıb. ABŞ-da bu bölgü daha yumşaqdır. Bir çox Hollivud aktyorları kino sahəsinə keçməzdən əvvəl karyeralarına TV-də başlayıblar. Hindistanda isə bu karyera trayektoriyasına çox az rast gəlinir.

Bir ay davam edən spekulyasiyalardan sonra Bollivudun ən yüksək gəlirli aktyoru Akşay Kumar çəkdiyi "Laxxmi Bomb" adlı qorxu komediyasının Disney+ Hotstar-da göstəriləcəyini elan edib. O, həm də bu platformanın gələn il çəkib yayımlayacağı internet serialında çəkiləcək.

Bu, striminq şirkətləri üçün böyük uğurdur. Çünki Kumar bütün Hindistanda, həm şəhər, həm də kənd auditoriyası arasında çoxlu pərəstişkarı olan aktyordur.

Geriyə addım...

Kino jurnalisti Asim Çhabra deyir ki, cəmi bir neçə il bundan əvvəl Akşay Kumarı striminq platformasında görmək ağlasığmaz idi.

Vikram Malhotra "Abundantia Entertainment" studiyasının baş icraçı direktorudur. Bir neçə il əvvəl onun studiyasının striminq platformaları üçün kontent çəkməyə başlaması cəmiyyətdə böyük təəccüblə qarşılanmışdı.

"Bu qərara aktyor və rejissorlar üçün geriyə addım kimi baxırdılar. Bu işi kinoda iş tapa bilməyənlər üçün autlet (ikinci dərəcəli) yeri kimi görürdülər", – o deyir. Ancaq kinoteatrlar bağlanandan sonra onun studiyasının iki filmi onlayn strim olunmağa başlayıb. Studiya öz zəhmətinin bəhrəsini görməyə başlayıb.

Hindistanda get-gedə daha çox meynstrim aktyor onlayn debütünü etməyə başlayıb. Bu siyahıda Anil Kapur, Nasiruddin Şah və Şabana Azmi kimi veteran aktyorlar da var, Kacol və Karişma Kapur kimi 90-cı illərin ən çox sevilən aktrisaları da.

XS
SM
MD
LG