Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:43

'Rusiyanın təklifindən imtina Azərbaycan üçün asan deyil'


V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

Azərbaycan və Ermənistan xarici işlər nazirləri məsləhətləşmələrin aparılması üçün bu gün, oktyabrın 9-da Moskvaya dəvət ediliblər.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiya tərəfi Bakı və Yerevana həlak olanların cəsədlərinin döyüş meydanından götürülməsi və əsirlərin dəyişdirilməsi məqsədilə humanitar zəmində atəşkəs çağırışı edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, artıq Ermənistan və Azərbaycan Moskvada nəzərdə tutulan müzakirələrə qatılacaqlarını təsdiqləyiblər.

Kremlin oktyabrın 8-də bildirməsinə görə, Xarici İşlər naziri Sergey Lavrov danışıqlara vasitəçilik etməlidir.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı "Turan" agentliyinə mövzu ilə bağlı açıqlamasında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan prezidenti və Ali Baş Komandan İlham Əliyevin mövqeyindən fərqli mövqeyi yoxdur: "Prezidentin də mövqeyi birmənalı olaraq ortadadır. Ermənistan hərbi birlikləri, Qarabağa gətirilən terrorçular Azərbaycan ərazisindən çıxmalıdır. Odur ki, əvvəlcə Ermənistan qoşunları Azərbaycandan çıxarılmalıdır. Ondan sonra hansı danışıqlar, hansı məsləhətləşmələr olursa-olsun...".

"30 il danışıq oldu, nəticə görünmədi"

Deputat əlavə edib ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir: "Heç kəsin torpağında gözümüz yoxdur. Amma öz torpaqlarımızı da heç kimsəyə vermərik. 30 il danışıq oldu, nəticə görünmədi. İndi olsa, nə olacaq ki?".

Onun fikrincə, Cenevrədə olan danışıqlar (oktyabrın 8-də Azərbaycan Xarici İşlər naziri C.Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb) və indiki atəşkəs çağırışı da oyundur.

H.Hacızadə
H.Hacızadə

Amma politoloq Hikmət Hacızadə isə bir qədər fərqli düşünür.

"Bu, əməliyyatların dayandırılması demək deyil"

H.Hacızadə hesab edir ki, bu, əməliyyatların dayandırılması demək deyil. Onun fikrincə, burada əsas məsələ odur ki, Azərbaycana Rusiya tərəfindən təzyiq görünmədi.

"Meyitlərin götürülməsi ilə bağlı müvəqqəti atəşkəsə gəlincə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi də istəyirdi. Bu barədə məsələ də qaldırmışdı. Bu, ciddi məsələ və ya əməliyyatların dayandırılması demək deyil. Əslində meyitlər götürülməli idi", - AzadlıqRadiosuna bildirib.

Politoloq sonda da deyib: "İndi son söz demək Azərbaycanın ixtiyarındadır ki, təklifi qəbul etsin və ya etməsin, meyitləri götürmək üçün erməni tərəfə vaxt versin və ya verməsin. Verirsə, neçə gün vaxt versin...".

"...müvəqqəti atəşkəs haqqında razılaşma açıqlanacaq"

Politoloq Şahin Cəfərli də xatırladıb ki, döyüş meydanından meyitlərin çıxarılması, əsirlərin mübadiləsi və atəşkəs elan olunması barədə təkliflər oktyabrın 8-i, gecə Rusiya prezidentinin saytında yerləşdirilən bəyanatda öz əksini tapıb: "Əslində, bu bəyanat bir az qeyri-adi göründü. O baxımdan ki, əsirlərin dəyişdirilməsi, meyitlərin döyüş meydanından çıxarılması texniki xarakterli məsələdir. Bu məsələnin Rusiya prezidenti səviyyəsinə qaldırılması bu mənada təəccüb doğurdu. Amma bunun səbəbi də aydındır".

Ş.Cəfərli
Ş.Cəfərli

Onun fikrincə, ötən günlərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun atəşin dayandırılması, xarici işlər nazirlərinin görüşünün təşkil edilməsi ilə bağlı çağırışı səslənmişdi, amma Azərbaycan tərəfdən bu təkliflərə ciddi münasibət bildirilməyib: "Görünür, buna görə Moskva belə qərara gəlib ki, məsələ bilavasitə prezident səviyyəsində qaldırılsın. Düşünüblər ki, məsələyə Putin səviyyəsində müdaxilə olsa, Azərbaycan tərəfi üçün həmsədr ölkənin prezidentinə, döyüşlər başladıqdan bu yana ermənilərə münasibətdə bitərəf mövqe saxlamağa çalışan ölkənin başçısına rədd cavabı vermək bir az çətin olacaq".

O deyib ki, Rusiyanın bu mövqeyinə cavab olaraq prezident İ.Əliyev də ORT televiziya kanalına müsahibəsində deyib ki, bu münaqişənin həllində Rusiya və Türkiyə əsas rol oynaya bilər.

Politoloqa görə, belə bir şəraitdə Rusiyanın təklifindən imtina etmək Azərbaycan üçün asan məsələ deyil: "Odur ki, Azərbaycan bu görüşə razılıq verdi, görüş baş tutacaq, bu gün, oktyabrın 9-u axşam və oktyabrın 10-u səhər müvəqqəti atəşkəs haqqında razılaşma açıqlanacaq".

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 25 civarında kəndi, Cəbrayıl şəhərini və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Bərdə raket zərbələri altında
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG