Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

Azərbaycanda məhkəmə sədri hökuməti cərimələtdirdi


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Vaxtilə Quba Rayon Məhkəməsinin sədri olmuş Ramiz Cəfərova hökumət 5000 avro kompensasiya ödəməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 22-də buna qərar verib.

R.Cəfərovun şikayəti Avropa Məhkəməsində araşdırılanda Azərbaycan hökuməti ona barışıq təklif edib. Hökumət sabiq məhkəmə sədrinə münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 4-cü əlavə protokolun 2-ci (sərbəst hərəkət etmək hüququ) maddələrinin pozuntusunu etiraf edib. Bu pozuntulara görə 5000 avro təzminat ödəməyə razılaşıb.

R.Cəfərov 1977-ci ilin avqustundan 2000-ci ilin sentyabrına qədər prokurorluq orqanlarında müstəntiq, prokuror köməkçisi və prokuror vəzifələrində işləyib. 2000-ci il sentyabrın 1-dən 2007-ci il iyulun 27-nədək isə Quba Rayon Məhkəməsinin sədri olub.

Onun Avropa Məhkəməsinə şikayət etməsinin səbəbi isə ölkədən çıxışına qadağa qoyulması olub. Keçmiş məhkəmə sədri yol qəzası törədib və buna görə haqqında ittiham hökmü çıxarılıb. Cəza müddəti başa çatsa da, onun ölkədən çıxışına qadağa aradan qaldırılmayıb. Dəfələrlə dövlət orqanlarına şikayət etsə də, xeyri olmayıb. R.Cəfərovun bununla bağlı yerli məhkəmələrə şikayəti də nəticəsiz qaldığına görə o, 2019-cu ildə Avropa Məhkəməsinə ərizə göndərib. Bu şikayət üzrə kommunikasiya mərhələsində Azərbaycan hökuməti barışıq təklif edib. R.Cəfərov da razılaşıb və Avropa Məhkəməsi bunun əsasında qərar çıxarıb.

Hökumət pozuntu etirafı, kompensasiya ödənişi ilə yanaşı, R.Cəfərovun ölkədən çıxışına qadağanı da götürüb.

Keçmiş məhkəmə sədrinin Avropa Məhkəməsinin icraatında daha bir şikayəti var. Bu isə pensiya məsələsi ilə bağlıdır.

R.Cəfərovun hüquqlarını Avropa Məhkəməsində vəkil Aqil Layıc təmsil edib. O da AzadlıqRadiosuna məlumatı təsdiqləyib. Vəkil bildirib ki, bu, Azərbaycanla əvvəllər hakim olmuş şəxsin şikayəti üzrə Azərbaycanla bağlı ilk qərardır.

XS
SM
MD
LG