Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Paşinyan sülhməramlıların 5 ildən çox qalmasından danışır


Laçın dəhlizində yoxlama, 19 noyabr, 2020-ci il
Laçın dəhlizində yoxlama, 19 noyabr, 2020-ci il

“Ermənistanın Dağlıq Qarabağın statusu məsələsində mövqeyini bilirsiniz və əlbəttə ki, mövqeyimiz dəyişməyib”, – deyən Paşinyan danışıqlar prosesini tam bərpa etməyə çağırıb

Növbəti beş il ərzində regionda təhlükəsizlik və sabitliyə təminat yaratmaq lazımdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın TASS agentliyinə müsahibəsində deyib. Müxbir 9 noyabr atəşkəs sazişi çərçivəsində regiona Rusiya sülhməramlılarının beş il müddətinə yerləşdirilməsi və bu müddətin avtomatik uzadılmasının mümkünlüyü haqda soruşub.

“Bu, siyasi razılaşmadır. Beş il ərzində regionda təhlükəsizlik və sabitliyə təminat yaratmağı çatdırmaq lazımdır. Ancaq Qarabağ münaqişəsi çox çəkdiyindən düşünmürəm ki, Rusiya sülhməramlılarının burda qalma müddəti beş illə məhdudlaşacaq. Beşillik müddət prosesin başlanğıcıdır və onun avtomatik uzadılması mümkündür. Məncə, hazırda başlıca məsələ Dağlıq Qarabağda və regionda sabitliyi, Dağlıq Qarabağ vətəndaşları üçün təhlükəsizliyi təmin etməkdir. Ümid edirəm ki, Rusiya sülhməramlıları uğurla fəaliyyət göstərəcək və bu missiyanı həyata keçirə biləcəklər”, – Paşinyan deyib.

Üçtərəfli bəyanata Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin salınmamasına gəlincə, Paşinyan deyir ki, birgə sənəddə yer almayan məsələlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların predmeti olmalıdır.

“Mövqeyimiz dəyişməyib”

“Ermənistanın Dağlıq Qarabağın statusu məsələsində mövqeyini bilirsiniz və əlbəttə ki, mövqeyimiz dəyişməyib”, – o, sözlərinə əlavə edib və danışıqlar prosesini tam bərpa etməyə çağırıb.

Azərbaycan Prezidenti İlham Əliyev sözügedən sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı maddənin yer almadığını xüsusi vurğulamışdı. O, prezident olduğu müddətdə bu məsələnin gündəmə gətirilməyəciyini deyib. Amma atəşkəsdən bir neçə gün sonra artıq Ermənistan tərəfdən Dağlıq Qarabağın tanınması çağırışları səslənməyə başladı.

Ermənistan müxalifəti Paşinyanın istefasını tələb edir. Prezident Armen Sarkisyan vaxtından əvvəl parlament seçkisinin qaçılmaz olduğunu bildirib. Baş nazir isə müsahibəsində deyir ki, hazırda hökumətin və ölkənin bütün siyasi qüvvələrinin qarşısında duran əsas məsələ tam sabitlik və təhlükəsizliyin bərpasıdır. O, altı aylıq yol xəritəsi dərc etdiyini yada salıb, bu müddətdə situasiyanın sabitləşdirilməsi üzərində işləyəcəklərini deyib.

“İndi qarşımızda vətəndaşların Artsaxa – Dağlıq Qarabağa öz evlərinə qayıdışı ilə bağlı xeyli məsələ dayanır. Dağlıq Qarabağ vətəndaşlarına, qan itirənlərə bəzi sosial təminatlar verilməlidir. Ermənistanda sosial-iqtisadi vəziyyət sabitləşdirilməlidir”, – deyən Paşinyan artıq qaçqınlarla bağlı iki proqram qəbul olunduğunu, yaxın günlərdə daha beş sosial proqram qəbul ediləcəyini sözlərinə əlavə edib.

Azərbaycanlılar Xankəndinə qayıdacaqmı? 'Orda bizim bayraq olmalıdı'
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Dağlıq Qarabağa 25 min qaçqın qayıdıb

O, artıq Dağlıq Qarabağa 25 min qaçqının qayıtdığını, ilin sonunadək əksər əhalinin qayıdacağını, onlar üçün hər cür şərait yaradılacağını deyib. Paşinyan Rusiya Federasiyasının Dağlıq Qarabağa köçkünlərin qayıtmasını təmin etmək üçün tədbirlər nəzərdə tutmasını çox vacib hesab edir.

Azərbaycanın nəzarətinə keçən kəndlərə qaçqınların qayıtmasına gəlincə, Paşinyan bəyanatın bu bəndi üzrə konkret mexanizmlər yaratmağın, konkret təhlükəsizlik təminatları verməyin vacibliyini vurğulayıb.

“Sputnik Armeniya” isə mənbələrə istinadla xəbər verir ki, Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan Moskvada yüksək rütbəli məmurlarla görüşlər keçirib.

Danışıqların detalları açıqlanmır. Hazırda Arutyunyanın Yerevanda olduğu, Paşinyanı dəstəkləyən “Mənim addımım” fraksiyasından deputatlarla görüşdüyü xəbər verilir.

Daha öncə isə Arutyunyan Xankəndidə Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovla görüşmüşdü.

Moskva ilə Ankara Qarabağda nəyi razılaşdıra bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, münaqişə tərəfləri hazırda tutduqları mövqelərdə qalırlar. Noyabrın 20-də Ağdam rayonu, 25-də isə Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Dekabrın 1-dək Laçın rayonunun da Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

XS
SM
MD
LG