Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:50

'Onlara nə ödənilsə belə azdır'


Azərbaycan hərbçiləri Kəlbəcərdə
Azərbaycan hərbçiləri Kəlbəcərdə

44 günlük savaş (ikinci Qarabağ müharibəsi) bitəndən sonra həlak olanların ailələrinə və yaralanan hərbiçilərə müavinət məsələsi indi Azərbaycanda ən qızğın müzakirə olunan mövzulardandır.

Mövcud qanunvericilikdə nələr var...

Əslində, 2019-cu ildə Azərbaycan prezidentinin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ilə sosial müavinətlərin məbləği artırılıb. Bununla da I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırılıb. Əvvəllər bu rəqəm eyni qrup üzrə ümumi səbəbdən əlillərə 82 manat, müharibədə sağlamlıqlarını itirənlərdən ötrü 101 manat, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün isə 94 manat idi.

Hazırda II qrup əlilliyə görə müavinət 130, III qrup əlillərdə isə 110 manatdır.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, ikinci Qarabağ müharibəsi zamanı həlak olan hərbçilərin ailələrinə və yaralanan əsgərlərə veriləcək müavinətlərin məbləği orta əməkhaqqı səviyyəsində olmalıdır:

"Bakı üzrə bu rəqəm 700 manatdan bir az yuxarıdır"

"Müharibə iştirakçıları və həlak olanlar vətəni qorudu. Bu gün Azərbaycan ordusunun qələbələri nəticəsində torpaqların böyük bir qismi, demək olar ki, işğaldan tamamilə azad edildi. Onlara nə ödənilsə belə azdır. Amma bu, ölkənin iqtisadi potensialına bağlıdır və məbləği ümumi rəqəmlə ölçmək lazımdır. Yəni, şəhid ailələrin sayı, qazilərin sayı məlum olmalıdır. Ümumi aylıq müavinətlərin həcmi müəyyənləşdirilməlidir və Azərbaycanın indiki iqtisadi imkanlarına uyğunlaşdırılmalıdır. Təbii ki, ilkin olaraq orta aylıq əməkhaqqı götürülə bilər. Məsələn, Bakı üzrə bu rəqəm 700 manatdan bir az yuxarıdır".

N.Cəfərli
N.Cəfərli

İqtisadçı hesab edir ki, burada minimal əməkhaqqından söhbət gedə bilməz, çünki bu, çox aşağı rəqəmdir.

N.Cəfərlinin fikrincə, onlara verilən müavinətlərin məbləğinə hər il yenidən baxılmalıdır:

"Hər ilin sonunda baş verən inflyasiya rəqəmlərinə görə..."

"Bu məbləğlərin hər il indeksləşdirilməsi əvvəlcədən qaydalara salınmalıdır. Yəni, əvvəlcədən həmin şəhid ailələri və qaziləri bilməlidirlər ki, hər ilin sonunda baş verən inflyasiya rəqəmlərinə görə indeksləşmə aparılacaq və bunun nəticəsində onların ən azından inflyasiyadan itirdiklərinin büdcə tərəfindən qarşılanması olacaq".

N.Cəfərli vurğulayıb ki, bu məsələdə birinci Qarabağ müharibəsinin iştirakçıları da unudulmamalıdır: "Çünki onların ordu quruculuğunda, müstəqillik, Qarabağ uğrunda gedən savaşlarda öz payları var. Sadəcə, burada bir məsələ var ki, əvvəlki müharibə iştirakçıları və şəhid ailələrinə müəyyən müavinətlər ödənilib bu illər ərzində, sosial müdafiə addımları atılıb, maşınlar, evlər də verilib. Həmin şəxslərdən kimlər kənarda qalıb, hansılara bu ödənişlər çatmayıb, bunları müəyyənləşdirmək lazımdır. Bundan sonra da heç kimin kənarda qalmadığı şəkildə birinci və ikinci Qarabağ savaşı iştirakçıları, şəhidləri və qaziləri – hamısı dövlət tərəfindən qiymətləndirilməlidir".

Onun fikrincə, bu, dövlətin gələcək təhlükəsizliyi üçün çox vacibdir.

Rəsmilər nə deyir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə "Turan" agentliyinə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəxslərin ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar: "Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir. Bundan əlavə, müharibə əlillərinə sığorta ödənişi ödənilir. I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat məbləğində ödənişlər həyata keçirilir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

F.Talıbov qeyd edib ki, həlak olanların ailə üzvlərinə, müharibə əlillərinə də əmək stajından asılı olaraq orta məbləği 400 manat olan pensiya və ya müavinət ödənilir: "Onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat ödənilir. Həmçinin, 210-300 manat məbləğində prezidentin aylıq təqaüdü ödənilir. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur. Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar, sanator-kurort müalicəsi üçün ildə bir dəfə pulsuz göndərişlərlə təmin olunurlar".

"...Bir sıra güzəştlər də nəzərdə tutulub"

F.Talıbovun deməsinə görə, bundan əlavə, aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir: "Onların məşğulluğunun təmin edilməsi üçün bütün dövlət və özəl işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində... bir sıra güzəştlər də nəzərdə tutulub".

F.Talıbov habelə vurğulayıb ki, onlara mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər təqdim edilir:

"Bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev..."

"İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar".

ƏƏSMN sözçüsü qeyd edib ki, ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində davamlı iş aparılır.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG