Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:52

Erdoğanın səfəri Rusiyanı qıcıqlandıra bilər


Recep Tayyip Erdoğan (sağda) və İlham Əliyev dekabrın 9-da birlikdə şam ediblər
Recep Tayyip Erdoğan (sağda) və İlham Əliyev dekabrın 9-da birlikdə şam ediblər

Erdoğan və Putin Suriya münaqişəsində rəqib tərəfləri dəstəkləsələr də, durumu idarə edə biliblər. Ancaq Türkiyənin Qafqazda nüfuzunu genişləndirmə cəhdləri gərginliyi qızışdıra bilər.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın Azərbaycana ikigünlük səfəri Rusiyanı qıcıqlandıra bilər. Təhlilçilər “Amerikanın Səsi” radiostansiyasına belə deyiblər.

Erdoğan Ankarada Bakıya yola düşməzdən öncə jurnalistlərə deyib ki, “bu qələbə bizim iki dövlət, bir millətə inamımızı daha da gücləndirəcək”.

Türkiyə prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlarda Ankaranın bu ölkədə sülhyaratma əməliyyatındakı hərbi rolunu müzakirə edəcəyi bildirilir.

“Türkiyə üçün Azərbaycanın istənilən yerində hərbi iştirak Ankaranın təhlükəsizlik mənzərəsində vacib element olacaq. Azərbaycanlılar üçünsə Türkiyənin varlığı nəhəng mənəvi dəstəkdir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təminatçı kimi qəbul olunur”, – Bonn Universitetində Rusiya və Qafqaz üzrə mütəxəssis Zaur Qasımov deyib.

Qasımov onu da vurğulayır ki, ermənilər Türkiyənin hərbi iştirakına qarşı çıxırlar, Moskva və Tehran da bunu qəbul etməyə meylli deyil.

Minsk qrupunda həmsədr niyyəti

Türkiyə və Rusiya hərbçiləri ötən ay atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzi ilə bağlı razılaşma əldə ediblər. Ancaq Türkiyə qüvvələrinin sayı və harada yerləşəcəyi bəlli deyil.

Erdoğanın ATƏT-in Minsk qrupuna Türkiyənin həmsədr ölkə kimi salınmasını da müzakirə edəcəyi gözlənir.

“Minsk qrupunda aparıcı rol əldə edəcəyimizi gözləyirik”, – Türkiyə prezidentinin müşaviri Mesut Caşın deyib.

Moskva indiyədək Minsk qrupunun tərkibində hər hansı dəyişikliyi rədd edir, Fransa Prezidenti Emmanuel Makron da bu yanaşmanı dəstəkləyir.

Son illər Moskva və Ankaranın iqtisadi və diplomatik münasibətləri dərinləşdirməsi Türkiyənin NATO tərəfdaşlarını əndişələndirir. Erdoğan və Putin Suriya münaqişəsində rəqib tərəfləri dəstəkləsələr də, durumu idarə edə biliblər. Ancaq Türkiyənin Qafqazda nüfuzunu genişləndirmə cəhdləri gərginliyi qızışdıra bilər.

“Putinlə Erdoğanın əvvəlki kimi yaxın olduğunu düşünmürəm. Məncə, Erdoğan Putinə demək istəyir ki, Putinin onu incitdiyi qədər o da Putini incidə bilər və Azərbaycan məsələsindən Suriyada güzəştlər əldə etmək üçün yararlanmaq niyyətindədir”, – ABŞ-da mənzillənən Qlobal Mənbə Tərəfdaşları təşkilatından Atilla Yeşilada söyləyib.

İranlı təhlilçi Qarabağ müharibəsində Tehranın itirdiklərindən danışır
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Gürcüstan, Ukrayna

Həm də Moskvanı narahat edən daha bir məsələ Ankaranın ambisiyalarının Qafqazla məhdudlaşmamasıdır. “Türkiyə indi Qafqazda balans yaradan qüvvədir. Türkiyə Azərbaycanı dəstəkləyir; Türkiyə Qafqazda Gürcüstanı dəstəkləyir. Türkiyə Gürcüstana pulsuz bir çox hərbi avadanlıq verir”, – Türkiyə prezidentinin müşaviri Mesut Caşın deyib.

Digər tərəfdən, Erdoğan Rusiyanın regiondakı daha bir rəqibi Ukrayna ilə yaxınlıq edir. “Türkiyə Ukraynanı regionda sabitlik, təhlükəsizlik, sülh və rifahın təminatında əsas ölkə hesab edir”, – Erdoğan oktyabrda İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyirdi. O, Krım daxil olmaqla, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etmişdi.

Türkiyə oktyabrda Ukrayna ilə müdafiə sazişi də bağlayıb. Tərəflər dron texnologiyası daxil olmaqla, müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirəcəklər.

Ticarət

Ekspertlər Türkiyə və Rusiyanın vacib ticarət əlaqələrinə də diqqət çəkirlər. Rusiya hazırda Türkiyədə ilk nüvə enerjisi stansiyası tikir. Rusiyanın Qazprom şirkəti Türkiyənin əsas enerji təchizatçısıdır. Rusiyalı turistlər Almaniyadan sonra Türkiyə kurortlarında dincələnlər içində ikinci yerdədirlər. Rusiyanın Türkiyə ilə müsbət ticarət saldosu ildə 15 milyarda yaxındır.

Müşahidəçilərin fikrincə, Ankara Qafqazdan tutmuş Suriya və Liviyadakı maraqlarına Moskvanın zərbə vurmaq bacarığını yaxşı bilir. Yeşilada deyir ki, Türkiyənin Rusiyayla münasibətində hər hansı yerdəyişmə Qərbdəki ənənəvi müttəfiqləri ilə əlaqələri yaxşılaşdırmasından asılı olacaq.

“Rus ayısının pəncəsindən çıxmazdan öncə Erdoğanın Rusiyanın Türkiyəyə qarşı edə biləcəklərinə qarşı sığortası olmalıdır, bu da ya Birləşmiş Ştatlardan gələ bilər, ya da NATO-dan”, – Yeşilada vurğulayıb.

XS
SM
MD
LG