Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:42

HRW Qarabağ müharibəsini araşdırıb


Gəncə raket zərbələrindən sonra, 21 oktyabr, 2020-ci il
Gəncə raket zərbələrindən sonra, 21 oktyabr, 2020-ci il

Azərbaycan tərəf 44 günlük müharibədə 100-ə yaxın dinc sakinin öldürüldüyünü, 400-dən çoxunun yaralandığını bildirir

“Human Rights Watch” insan haqları təşkilatı dekabrın 11-də Dağlıq Qarabağ müharibəsində beynəlxalq humanitar hüququn pozulması ilə bağlı iki hesabat yayıb. Hesabatın birində Azərbaycan silahlı qüvvələrinin, digərində isə Ermənistan tərəfin yol verdiyi pozuntulardan söz açılır. Qurum hər iki hesabatın onlarla müsahibə, peyk təsvirləri, fotolar və videolarin təhlili əsasında hazırlandığını bildirir.

Azərbaycanla bağlı hesabatda müharibə zamanı Dağlıq Qarabağın mərkəzi Xankəndinə hədəfsiz zərbələr endirilməsindən söz açılır. Qurum bildirir ki, şəhərdə apardığı təhqiqat Azərbaycan tərəfin klastr bombaları, artilleriya və digər silahlardan hərbi hədəflərə və mülki obyektlərə fərq qoymadan atəş açdığını göstərir.

Bir dəqiqədən də az vaxt ərzində...

Məsələn, oktyabrın 4-də bir dəqiqədən də az vaxt ərzində yaşayış binalarına çoxsaylı zərbələr endirildyinə dəlil olduğu bildirilir.

“Azərbaycan qüvvələrinin Dağlıq Qarabağın ən böyük şəhərinə hədəfsiz endirdiyi raket və quru zərbələrində mülki strukturlara dəyən ziyan qərəzsiz şəkildə araşdırılmalıdır. Əməliyyatlar dayansa da, mülki əhali vacib infrastruktura qeyri-mütənasib hücumlardan əziyyət çəkməkdədir”, – təşkilatda böhran və münaqişə üzrə direktoru Lama Fakih deyib.

Oktyabrın əvvəlinədək şəhərin 50 mindən artıq sakininin Gorus və Yerevana getdiyi qeyd olunur.

Ancaq münaqişə dövründə Azərbaycan rəsmiləri dəfələrlə ancaq hərbi hədəfləri vurduqlarını bəyan ediblər. Prezidentin müşaviri Hikmət Hacıyev oktyabrın 18-də BBC-yə deyirdi ki, Xankəndində yalnız hərbi hədəflər vurulub, mülki itkilər yalnız qanuni zərbələr nəticəsində baş verib. Prezident İlham Əliyev də “BBC”yə müsahibəsində hədəfsiz zərbələr endirilməsini, klastr bombalardan istifadəni “saxta xəbər” adlandırıb. Prezident həmin müsahibədə Dağlıq Qarabağın erməni əhalisinin sayını da sual altına almışdı.

Türkiyəli professor: "NATO təlimi görmüş Azərbaycan əsgərləri..."
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Azı dörd insident zamanı

Qurum Ermənistan hərbi qüvvələrinin də müharibə vaxtı Azərbaycana hədəfsiz raket zərbələri endirdiyini bildirir.

“Human Rights Watch” 11 belə insidenti sənədləşdirib. Azı dörd insident zamanı aşkar hərbi hədəflərin olmadığı ərazilərə zərbələr endirilib. “Azərbaycan hərbi obyektləri sıx yaşayış məskənlərinə yerləşdirməklə, yaxud mülkiləri hərbi əməliyyatların yaxınlığından köçürməməklə dinc sakinlərin həyatını gərəksiz yerə riskə atıb”, – hesabatda vurğulanır.

“Ermənistan qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıb, ağır artilleriya zərbələri endirib. Altı həftəlik müharibə boyunca bu hücumlar qanunsuz olaraq mülkilərin həyatını, evlərini dağıdıb və qərəzsiz şəkildə araşdırılmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.

“Human Rights Watch” Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərə zərbələri araşdırıb. Hesabatın əhatələdiyi 18 zərbədə 40 dinc sakin öldürülüb, onlarla insan yaralanıb.

Nazir sualdan yayınıb

Ümumilikdə isə, Azərbaycan tərəf 44 günlük müharibədə 100-ə yaxın dinc sakinin öldürüldüyünü, 400-dən çoxunun yaralandığını bildirir. Azərbaycan hökuməti son müharibə nəticəsində 40 mindən çox insanın köçkünə çevrildiyini deyib.

Ermənistanın ovaxtkı xarici işlər naziri Zohrab Mnatsakyan BBC-yə müsahibəsində Gəncədə dinc şəxslərin ölümüylə nəticələnmiş hücumla bağlı sualdan yayınıb. O, sualı cavablama əvəzinə Azərbaycan tərəfin Xankəndinə zərbələrində dinc sakinlərin öldürüldüyünü deyib.

Beynəlxalq humanitar hüquq, yaxud müharibə qanunları mülkilərə məqsədli hücumları qadağan edir. “Human Rights Watch” nə Azərbaycanın, nə də Ermənistanın 110 ölkənin qoşulduğu klastr bombaları üzrə sazişə üzv olmadığını vurğulayır, tərəfləri konvensiyaya qoşulmaqdan ötrü gərəkən addımları atmağa çağırır.

Azərbaycan qüvvələri sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ ətrafındakı dörd rayonu, eləcə də Şuşa şəhərini, Hadrut qəsəbəsini işğaldan azad edib. Noyabrın 10-da açıqlanmış atəşkəs sazişi ilə qalan 3 rayon da dekabrın 1-dək Azərbaycana qaytarıldı. Eyni zamanda tərəflərin təmas xəttinə və Laçın dəhlizinə 2 min Rusiya sülhməramlısı yerləşdirilib.

XS
SM
MD
LG