Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:32

Qışa hazırdılarmı? -Dövlət qurumlarının cavabları...


Adətən Bakıya qar yağanda vəziyyət "paytaxtda həyat iflic olub" ifadəsi ilə təsvir edilir.
Adətən Bakıya qar yağanda vəziyyət "paytaxtda həyat iflic olub" ifadəsi ilə təsvir edilir.

Dünən, dekabrın 25-də Bakıya sulu qar, ölkənin digər bölgələrinə isə qar yağıb. Adətən Bakıya qar yağanda vəziyyət "paytaxtda həyat iflic olub" ifadəsi ilə təsvir edilir. Nəqliyyatın işində fasilələr yaranır, küçələr, yollar buz bağlayır, qaz və işıq təminatında problemlər yaranır. Bəs bu il paytaxt 2020/21-ci il qış mövsümünə hazırdırmı?

BŞİH: "Paytaxt qışa tam hazırdır"

Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) "Turan" İnformasiya Agentliyinə bildirilib ki, paytaxt qışa tam hazırdır: "Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib. Bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb…".

Qurumdan qeyd olunub ki, görülən işlərə nəzarət məqsədilə hər bir rayona cavabdeh şəxs təyin edilib: "Həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda payız-qış mövsümünə hazırlıq tədbirlərinin keçirilməsini təmin edir. Bütün paytaxt rayonlarında monitorinqlər keçirilir".

BŞİH-dən habelə bildirilib ki, güclü qar yağan vaxtı onun təmizlənməsi məqsədilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin xüsusi texnikaları, o cümlədən müvafiq qurumların texnikaları səfərbər olunacaq: "Bu məsələlərə yaradılmış xüsusi qərargah nəzarət edəcək. Həmçinin, duz və qum ehtiyatı görülmüşdür...".

Cəngi camaatı: 'Odun yoxdu, kərmə yandırmağa məcburuq'
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

"Azəriqaz": "Az işçi cəlb etməklə çox işlər görməyə..."

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov da agentliyə deyib ki, soyuq aylarda əhali problemlərlə tez-tez rastlaşmasın deyə, qurum aprel-may aylarında qaz təsərrüfatının dayanaqlığını, yararlığını saxlamaq və istismara yararsız xətlərin yenilənməsi ilə bağlı Tədbirlər proqramı tərtib edir: "Bu il bir az gərginliklər onunla bağlı olub ki, biz koronavirus pandemiyası dövründə az işçi cəlb etməklə, çox işlər görməyə çalışmışıq...".

C.Səfərov bildirib ki, 2020-ci ilin 11 ay ərzində 1361 kilometr yeni qaz xətti çəkilib, 554 kilometr qaz xətti təmir edilib: "O cümlədən regional qaz istismar idarələrinin imkanları hesabına da 321 kilometr qaz xətti təmir edilib".

Qurumun sözçüsü əlavə edib ki, ötən illərlə müqayisədə qaz təchizatının dayandırılması halları xeyli azalıb: "Özüm sosial şəbəkələri izləyirəm, bizə gələn şikayətlərə də baxırıq və görürük ki, bu hallar xeyli azalıb. Bu da bizim qaz təsərrüfatındakı müəyyən problemləri vaxtında aradan qaldırmağımızdan irəli gəlir. Lakin qəza hallarından heç kim sığortalanmayıb. Tez-tez qaz sızmaları baş verirsə, qaz təchizatı dayandırıla bilər və bu halları aradan qaldırmaq üçün 5-6 saat vaxt tələb olunur".

Avropaya qaz satan Azərbaycanda odunla qızınanlar
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

"Abonentlərimizdən xahiş edərdim ki..."

C.Səfərov qazın təzyiqinin aşağı olması məsələsinə də toxunub: "Belə olan halda abonentlərimizdən xahiş edərdim ki, "104" və "185" Çağrı Mərkəzlərinə məlumat versinlər... Vətəndaşlar həmin nömrələrə düşməyə çətinlik çəkirlərsə, 077 310 4104 Whatsapp nömrəsinə mesaj göndərə bilərlər. Bəzi hallarda qaz təzyiqinin aşağı olması ilə bağlı fərdi şəkildə müraciətlər olur ki, o da vətəndaşın özünün qaz xəttində tıxanma hallarının olması ilə bağlıdır".

Onun deməsinə görə, Bakı kəndlərində qaz təzyiqinin aşağı düşməsi bəzi hallarda onunla bağlı olur ki, ora qanunsuz qoşulmalar olur: "Ona görə burada ictimai nəzarət və qınaq lazım olur ki, belə hallar baş verməsin".

"Azərişıq": "Genişmiqyaslı tədbirlər həyat keçirilib"

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu da agentliyə bildirib ki, qurum qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyat keçirib: "Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik xətlərinin qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi, təxirəsalınmaz tədbirlər həyata keçirilib. Abonentlərimizin hər hansı bir sualı yaranarsa, dərhal 199 qısa nömrəsi ilə Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar...".

V.Aydınoğlu qeyd edib ki, paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldılması da diqqətdə saxlanılır.

Koronavirus vaxtı işığı kəsilən Qəbələ sakini: 'Dedim indi çətin vəziyyətdi, dedilər yox'
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

"...Hiss olunmur"

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli isə AzadlıqRadiosuna bildirib ki, nəinki Bakı, Azərbaycan qışa hazır deyil: "Qışa hazırlıq mərhələsinə start verildiyi belə hiss olunmur. Bakı kəndlərində istilik sistemləri, qaz təchizatı ilə bağlı çox ciddi problemlər var. Binəqədi rayonunun bir çox ərazilərində qazlaşdırma, ümumiyyətlə, aparılmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Məsələn, elə ərazilər var ki, onlar mübahisəli ərazilər hesab olunur".

Ekspertin vurğulamasına görə, bəzi əraziləri "Azəriqaz" İB SOCAR-ın əraziləri kimi təqdim edərək ora qaz verməkdən imtina edir: "İmişli rayonunun Xəlfəli bələdiyyəsi üç kəndi birləşdirir. Həmin kəndlərdə 10 mindən çox əhali yaşayır, amma bu günə qədər həmin kəndlərin qazlaşdırma prosesi başa çatmayıb (Rəsmilərin bildirməsinə görə, ölkədə qazlaşmanın səviyyəsi 96 faizi keçib). Bu da ona gətirib çıxarır ki, vətəndaşlar ətrafda olan yaşıllığı məhv edirlər".

Ekspert qeyd edib ki, sərt şaxtalar, güclü qar dövründə nəqliyyatın hərəkətinin ümumiyyətlə iflic olması halları tez-tez baş verir: "Dünyanın inkişaf etmiş ölkələrində öncədən yol kənarlarında, prospektlərdə qum və duz depolaşdırılır. Amma təəssüflər olsun ki, bu günə qədər biz bunu Bakıda görməmişik".

XS
SM
MD
LG