Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

Rusiya qazı Ermənistana Azərbaycandan gedəcək


Qaz kəməri
Qaz kəməri

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiya qazının Azərbaycan ərazisindən Ermənistana nəqlinə dair məlumatlara münasibət bildirib.

"Turan" agentliyinin xəbərinə görə, şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib: ""Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində aparılan təmir işləri nəzərə alınaraq, Rusiya tərəfi Rusiya qazının Gürcüstan ərazisinə tranziti üçün Azərbaycana müraciət edib. Xahiş yerinə yetirilib və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana müvəqqəti olaraq çatdırılacaq".

İ.Əhmədov qazın Gürcüstan istiqamətində getdiyini vurğulayaraq tranzit ödənişinin məbləğ və tədarük həcmi barədə fikir bildirməyib.

Bununla bağlı məlumatı "Interfax" "Qazprom eksport"a istinadən yaymışdı. ""Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən nəql ediləcək. "Qazprom eksport" MMC və Azərbaycan Dövlət Neft Şirkəti martın 16-da Rusiya qazının Azərbaycan ərazisindən nəqli haqqında qısamüddətli müqavilə imzalayıb", xəbərdə yazılırdı.

Təmir işlərinin təxminən üç həftəyə qədər çəkə biləcəyi qeyd olunur.

Agentliyin xəbərinə görə, 2020-ci ildə "Qazprom" Ermənistana 2.209 milyard kubmetr qaz tədarük edib.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG