Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Qarabağın Rusiya protektoratına çevrilməsi – Qərb mediası


Rusiya hərbçiləri Qarabağda
Rusiya hərbçiləri Qarabağda

"Rusiyanın bu qurumları ləğv etmək fikri yoxdur, əksinə, onlarla işləyir. İlkin mərhələdə bu əməkdaşlıq gizlin gedir, Rusiya Bakının hisslərinə toxunmamağa çalışır"

2020-ci ilin noyabrında Rusiyanın Azərbaycanın Dağlıq Qarabağ regionuna hərbi “sülhməramlı” müdaxiləsi de-fakto Rusiya protektoratının əsasını qoydu. Ceymztaun Fondunun təhlilçisi Vladimir Sokor bu prosesin gedişatına nəzər salır.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri aldı. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi.

Ərazinin üçdə ikisi...

Noyabrın 9-da əldə olunmuş atəşkəs razılaşmasından sonra Azərbaycan Dağlıq Qarabağın üçdə birinə nəzarət edir. Rusiya hərbçiləri və Ermənistan hakimiyyəti isə Qarabağın mərkəzi Xankəndinə cəmləşib və regionun üçdə ikisi onların əlindədir.

Müəllif qeyd edir ki, artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” nə ərazi, nə də siyasi birlik kimi mövcud deyil, qalan hissəsi də həm hərbi, həm də mülki işlər baxımından Rusiya protektoratına çevrilir. Bütün bu faktlar isə status məsələsini cəncəlli edir.

Yerevan və Xankəndi hazırda Dağlıq Qarabağ əhalisinin 105 min- 110 min arasında olduğunu bildirir, Qarabağdan Ermənistana sığınmış müharibə qaçqınları da bu siyahıdadır. Ermənistan hökuməti həmin qaçqınların sayını 20 min, Xankəndi isə 35 min-40 min arası göstərir. “Yerevan və Xankəndi anlayırlar ki, Dağlıq Qarabağdan ermənilərin miqrasiyası onların bu ərazini Azərbaycandan almaq cəhdlərinə zərbə vura bilər. Bu səbəbdən əhali sayı ilə bağlı rəsmi rəqəmlərdə şişirtmə ola bilər”, – məqalədə deyilir.

Missiyanın mandatı

Digər tərəfdən, müəllifin fikrincə, miqrasiya Rusiyanın Qarabağ ermənilərinin təhlükəsizliyi üçün orada olması bəhanəsini sarsıda bilər. Buna görə Rusiya “sülhməramlı” qüvvələri müharibə qaçqınlarının Dağlıq Qarabağa kütləvi qayıdışının təşkilinə kömək edir.

Müəllif Rusiya “sülhməramlı” missiyasının Azərbaycan ərazisində mandatının razılaşdırılmadığını da vurğulayır. Bakı, 9 noyabr atəşkəs razılaşması çərçivəsində buna ölçülü-biçili formada razılıq verib.

Bəzi müşahidəçilər Qarabağda Rusiya pasportları veriləcəyini, bu sənədi alanların Rusiya vətəndaşları və potensial əməkçi miqrantlara çevriləcəyini yazır. Bununla da Abxaziya, Cənubi Osetiya və Dnestryanı modeli işə salına bilər.

“Amma Dağlıq Qarabağın məsələsi fərqlidir. Xankəndi, eləcə də Yerevan əhalini ‘respublika’ formasında torpağa bağlı saxlamaqda maraqlıdır. Çünki əhalinin azalması Ermənistanın ərazi iddialarını zəiflədər. Elə Rusiya da gələcək protejelərinin öz yerində qalmasında maraqlıdır, bununla özünün ərazidə hərbi mövcudluğu əsaslandırılmış olur”, – məqalədə deyilir.

Qarabağın fərqi

Müəllif Rusiyanın Qarabağı işlək strukturları, “konstitusiya, prezidenti, hökumət nazirləri, parlamenti, siyasi partiyaları, ədliyyəsi, hərbi və təhlükəsizlik qüvvələri” ilə birlikdə himayəsinə aldığını qeyd edir. Rusiyanın bu qurumları ləğv etmək fikri yoxdur, əksinə onlarla işləyir. İlkin mərhələdə bu əməkdaşlıq gizlin gedir, Rusiya Bakının hisslərinə toxunmamağa çalışır.

Artıq Qarabağ “parlamenti”nin iki üzvü Rusiya Dövlət Dumasında olub, qurumun tanınmış üzvü Konstantin Zatulinlə görüşüblər.

“20 ilə qabaq Zatulin Dövlət Duması ilə Ukraynanın muxtar Krım vilayətinin qanunverici orqanı ilə əlaqələrin təməlini qoydu. Həm bu, həm də digər münaqişə səhnələrində Rusiya hökuməti özü üçün erkən saydığı dönəmdə Zatulin işə qarışır”, – Sokor yazır.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan həlak olub.

XS
SM
MD
LG