Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:41

Pozner Tbilisini tərk etməli olub (VIDEO)


Poznerin səfərinə etiraz edənlər
Poznerin səfərinə etiraz edənlər

Martın 31-də müxalifət tərəfdarları və digər tənqidçilər Poznerin Tbilisidə qaldığı otelin qarşısına yığışıb, onu “Kremlin təbliğatçısı”, “Putinin ideoloqu” adlandırıblar, polislə toqquşublar

Rusiyalı veteran jurnalist və teleaparıcı Vladimir Pozner 87-ci doğum gününü qeyd etməyə getdiyi Gürcüstana səfərini yarımçıq kəsməli olub. Yerli fəallar və müxalifət qrupları onun Gürcüstanın ərazi bütövlüyü ilə bağlı mövqeyindən dolayı səfərinə etiraz edirdilər.

Etirazçılar Rusiya-ABŞ vətəndaşı olan Poznerin olduğu avtobusu yumurta atəşinə tutub, ad günü keçirdiyi məkanın işığını kəsib, onu “Kremlin təbliğatçısı” adlandırıblar.

Poznerin aprelin 1-də səhər ölkəni tərk etdiyi bildirilir. Onu müşayiət edən şəxslərin çoxuna isə pandemiya qadağalarını pozduqlarına görə cərimə kəsilib.

“Ən destruktiv qüvvədən istifadə olunub”

Bu gözlənilməz hadisədən sonra Baş nazir İrakli Qaribaşvili hakim “Gürcü arzusu” hökumətinin səfərə icazə verməklə bağlı qərarını müdafiə edib. Onun sözlərinə görə, Pozner giriş zamanı COVID-19 testini təqdim edib, işğal qanunlarını pozmayıb. Söhbət Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarını Rusiyanın hərbi işğalını pisləyən qanunlardan gedir.

İkili vətəndaşlığı olan Pozner Gürcüstana ABŞ pasportu ilə gedib, Qaribaşvili deyib.

Ötən ay hakimiyyətə gəlmiş baş nazir müxalifətin Millətçi Hərəkatını və onun tərəfdarlarını ittiham edərək deyib ki, insidentlər zamanı “ən destruktiv qüvvədən istifadə olunub”, “ölkəmizin beynəlxalq imicinə ziyan dəyib”.

“Ad günü keçirməyə gedib”

2008-ci ildə beşgünlük müharibədən sonra Rusiya əsgərləri Abxaziya və Cənubi Osetiyadan çıxmayıb, Moskva bu regionların müstəqilliyini dəstəkləyib.

Pozner 2010-cu ildə deyib ki, “Gürcüstan Abxaziyanı birdəfəlik itirib” və bu region “bir daha Gürcüstan ərazisi olmayacaq”. O, Tbilisini Rusiya-Gürcüstan münaqişəsinə aparıb çıxarmış vəziyyətə görə ittiham edib.

Martın 31-də müxalifət tərəfdarları və digər tənqidçilər Poznerin Tbilisidə qaldığı otelin qarşısına yığışıb, onu “Kremlin təbliğatçısı”, “Putinin ideoloqu” adlandırıblar, polislə toqquşublar.

Pozner gileylənib ki, “Gürcüstana siyasətdən danışmağa deyil, ad günü keçirməyə gedib”.

Daxili İşlər Nazirliyinin bildirməsinə görə, Pozner və onu müşayiət edən 41 nəfərdən 31-i sanitar qaydaların pozulmasına görə hərəyə 2 min lari ($585) cərimə olunublar. Onların iki otel arasında hərəkət edərkən koronavirus qadağalarını pozduqları bildirilir.

Əvvəl qaldıqları “Vinotel” oteli isə ad günü tədbirinin təşkilinə görə 10 min lari ($2,925) cərimələnib. Pandemiya dövründə restoranlarda kütləvi tədbirlər də qadağandır.

Qaribaşvili isə etirazların “sivil normaları və Gürcüstan standartlarını pozduğunu” bildirib.

XS
SM
MD
LG