Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:51

Çin Çjaonun qələbəsini niyə qeyd etmədi


Xloya Çjao
Xloya Çjao

Çin builki "Oskar" mükafatlandırma mərasiminin nəticələri ilə öyünə bilərdi. Pekində doğulmuş Xloya Çjao "Köçərilər ölkəsi" (Nomadland) filminə görə "ən yaxşı kinorejissor" mükafatına layiq görülməklə tarix yazdı. O bu nüfuzlu mükafata layiq görülən ilk asiyalı və ikinci qadın kinorejissor oldu. Çjaonun işi əsas nominasiyalardan biri olan "ən yaxşı film" nominasiyasında da mükafatı qazandı.

"Çinin fəxri" və...

Ancaq Çin bunu rəsmən qeyd etmir. Əksinə, builki "Oskar" təqdimetmə mərasimi Çinin heç bir yerində, o cümlədən iki əsas striminq platformasında yayımlanmayıb. Həmin platformalar əvvəlki illərdə "Oskar" mərasimini yayımlayıb. Honq-Konqun əsas teleyayımçısı yarım əsrdən də uzun müddət ərzində ilk dəfə mərasimi yayımlamamaq qərarına gəlib.

Çjaonun qələbəsi bütün dünyanın xəbər başlıqlarını bəzəsə də, Çinin dövlət mətbuatı bu mövzuda tamamilə sakitdir. Xəbərin yayılmasından saatlar keçməsinə baxmayaraq, "Xinhua" dövlət agentliyi və CCTV dövlət televiziyasının saytlarında bu xəbəri tapmaq mümkün deyil. Bu azmış kimi, Çjaonun qələbəsi haqda xəbərləri paylaşan sosial media postları da senzuraya məruz qalıb.

Maraqlıdır ki, martda Çjao "Qızıl Qlobus" mükafatına layiq görüləndə rəsmi mətbuat özünü belə aparmırdı. O zaman Çinin dövlət mətbuatı tələsik Çjaonu "ən yaxşı rejissor" nominasiyasında qalib olması münasibətilə tezcə təbrik etmişdi. "Global Times" adlı millətçi tabloid isə hətta onu "Çinin fəxri" adlandırmışdı.

"Hər yerdə yalanların olduğu yer"

Ancaq bu uzun çəkmədi. Çinli internet istifadəçiləri Çjaonun hələ 2013-cü ildə "Filmmaker" adlı bir Amerika jurnalına verdiyi müsahibəni axtarıb tapıblar. Bu müsahibədə o uşaqlığında gördüyü Çini tənqid edirmiş kimi görünür.

Çjao müsahibədə Çini hər yerdə yalanların olduğu yer kimi təsvir edir. Yaxın tarixdə Avstraliya mətbuatına verdiyi müsahibədə isə Çjao ABŞ-ı "öz ölkəsi" adlandırıb. Daha sonra sayt Çjaonun sözlərinin təhrif edildiyini bildirib və onun əslində "ABŞ mənim ölkəm deyil" dediyini yazıb. Amma olan olmuşdu. Çinin onlayn millətçiləri Çjaoya hücum edərək onu Çini ləkələməkdə suçlayıblar. Bəziləri hətta filmi boykot etməyə çağırdı.

Çox keçmədən Çjaonun "Köçərilər ölkəsi" filminin reklam materialları Çinin Twitter-ə bənzər Weibo platformasından yoxa çıxdı. Çində aprelin 23-ü kinoteatrlara çıxması planlaşdırılan filmin adı ölkənin əsas kino saytlarından götürüldü.

Çjaonun məruz qaldığı hücum prezident Si Cinpinin idarəçiliyi dövründə millətçi hisslərin nə qədər çox yayıldığını bir daha nümayiş etdirir. Çjao məşhurlaşandan bəri Çini tənqid etməyib. Görünür, səkkiz il öncə edilmiş kiçik bir şərh onun ölkədəki imicinə xələl yetirmək və filmini kinoteatrlara buraxmamaq üçün kifayət edib.

Digər səbəblər

Bundan başqa, Çinin hakim Kommunist Partiyasının gözündə Çjaonun imtiyazlı mühitdə böyüməsi və Qərb təhsili alması onun Çin üçün ideal uğur hekayəsi olmasını çətinləşdirir. Çjao Nyu-York Universitetinin kino məktəbinə daxil olmazdan əvvəl Britaniya və ABŞ-da oxuyub.

Çin hökumətinin qəzəbinin başqa səbəbi də var. Honq-Konqda 2019-cu ildə baş qaldırmış demokratik hərəkatın xronikasını əks etdirən 35 dəqiqəlik "Bölünməmək" (Do Not Split) filmi "ən yaxşı qısa sənədli film" nominasiyasında namizəd göstərilmişdi.

Amma Çində Çjaonun tərəfdarları da var. Weibo sosial şəbəkəsində qeyri-rəsmi hesablar onun qələbəsi haqda xəbəri yayıblar. Çox sayda istifadəçi şərh yazaraq Çjaonu təbrik edib və ona qarşı millətçi hücumları pisləyib. Ancaq tezliklə senzura işə düşüb və həmin şərhlər bir neçə saatın içində yoxa çıxıb.

XS
SM
MD
LG