Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

COVID-19-dan əslində nə qədər adam ölüb


Şimali Makedoniyada kütləvi vaksinasiya məntəqəsi
Şimali Makedoniyada kütləvi vaksinasiya məntəqəsi

Vaşinqton Universiteti tədqiqatçılarının fikrincə, ölümlərin az göstərildiyi ölkələrdən biri Hindistandır

Mayın 7-də Yaponiya hökuməti COVID-19-la əlaqədar Tokioda və daha üç ərazidə fövqəladə vəziyyəti mayın sonunadək uzatmağı nəzərdən keçirəcək. Məqsəd Yay Olimpiya oyunları öncəsi koronavirusa yoluxmalarda artımı önləməkdir.

İqtisadiyyat naziri Yasutoşi Nişimura mayın 6-da deyib ki, Tokio və Osakada yoluxmalar hələ də yüksək səviyyədədir.

11 mindən çox atlet

“Osaka özəlliklə təhlükəli vəziyyətdədir”, – Nişimura söyləyib.

Təklif olunan fövqəladə vəziyyət rejimində barlar, restoranlar, karaoke zalları, alkoqol satılan digər yerlər bağlanacaq. Adamlardan evdən gərəksiz yerə çıxmamaq tələb olunacaq.

Tokio Olimpiya oyunları iyulun 23-də başlanacaq. Ötən il təxirə salınmış oyunlara 11 mindən çox atletin qatılacağı gözlənir. Yaponiya xaricdən tamaşaçıların gəlişinə qadağa qoyub.

Yaponiyaya virus digər ölkələr kimi ziyan vurmayıb. Məsələn, Hindistanda mayın 7-də rekord 414 mindən çox yoluxma qeydə alınıb. Üstəlik, vaksinasiya prosesi çox ləng gedir.

Rusiyada da peyvəndləmənin ləng getdiyi bildirilir. Baş nazirin müavini Tatyana Qolikovanın sözlərinə görə, mayın 6-dək 13.4 milyon nəfər, yaxud 146 milyonluq əhalinin cəmi 9 faizinə COVID-19 vaksininin azı bir dozası vurulub. 6 faiz isə tam peyvənd olunub.

Birdozalı vaksin

Mayın 6-da Rusiyada Sputnik V vaksininin birdozalı versiyası olan “Sputnik Light” təsdiqlənib. Vaksinin təhlükəsizliyi və effekti üzrə son mərhələ sınaqları hələ davam edir.

İkidozalı Sputnik V “Rusiyada vaksinasiyanın əsas mənbəyi” kimi qalacaq, Rusiya Birbaşa İnvestisiya Fondunun icraçı direktoru Kiril Dmitriyev deyib. Sputnik V-ni məhz bu qurum maliyyələşdirir.

Onun sözlərinə görə, “Sputnik Light” bir çox ölkələrdə peyvəndləmənin sürətini artırmaqdan ötrü beynəlxalq tərəfdaşlara göndəriləcək.

Dmitriyev deyib ki, birdozalı vaksin “daha qısa zaman kəsimində böyük qruplara peyvənd vurmaq” imkanı verir ki, bu da koronavirusa yoluxmaların kəskin fazasında kütləvi immunitetin sürətlə əldə olunmasından ötrü vacibdir.

Rusiya ötən il Sputnik V-ni son mərhələ sınaqları başlamamışdan təsdiqlədiyi, hələ sınaqlar gedərkən onu tibb işçilərinə vurdurduğuna görə tənqidlərlə üzləşib.

Amma Sputnik V sonradan bir neçə ölkədə təcili istifadəyə təsdiqləndi. Üstəlik, “The Lancet” tibb dərgisi onun təhlükəsiz və COVID-19-a qarşı 91.6 faiz effektli olmasına dair rəy dərc elədi.

Real ölü sayı

Mayın 6-da Vaşinqton Universitetinin tədqiqatçıları COVID-19-dan ölü sayı ilə bağlı yeni rəqəm ortaya qoyub. Bu isə Rusiya və digər ölkələrin rəsmi statistikasına dair sualları yenidən gündəmə gətirib.

Universitetin Səhiyyə Göstəriciləri və Dəyərləndirməsi İnstitutu dünyada koronavirusdan 6.9 milyon nəfərin öldüyünü açıqlayıb. Bu, Cons Hopkins Universitetinin statistikasından iki dəfədən də artıqdır.

Hesablama zamanı pandemiyadan öncəki ölüm tendensiyaları pandemiya zamanı bütün səbəblərdən ölüm səviyyəsi ilə müqayisə olunub, virusla birbaşa əlaqəsi olmayan ölüm halları çıxılıb.

Elə pandemiya yayılandan belə bir fikir var ki, hökumətlərin təqdim etdikləri rəqəmlər reallığı əks etdirmir. Çünki ölümlərin hamısı xəstəxanalarda baş vermir, yaxud COVID-19-dan ölümlərin hamısını testlə təsdiqlətmək mümkün deyil.

Vaşinqton Universiteti tədqiqatçılarının fikrincə, ölümlərin az hesablandığı ölkələrdən biri Hindistandır. Rəsmi statistikanın 221 min olmasına baxmayaraq, real rəqəm ondan 3 dəfə böyükdür. Yaxud Rusiyada rəsmi 109 min ölü sayı real rəqəmdən 5 dəfə azdır.

“Ölü sayının ən az göstərildiyi ölkə Rusiya Federasiyasıdır”, – institutun direktoru Kristofer Murrey deyib.

Araşdırmaya görə, ABŞ-da COVID-19-dan real ölüm 905 mindən çoxdur. Cons Hopkins statistikasında bu rəqəm 580 mindən artıqdır.

XS
SM
MD
LG