Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Pandemiyanın ikinci Ramazanı


Tehran, 13 may, 2021-ci il
Tehran, 13 may, 2021-ci il

Malayziyada virusun yeni ştammları yoluxma dalğasını gücləndirib, ölümləri artırıb. Hökumət həftənin əvvəlindən ölkəboyunca lokdaun elan edib

Dünya müsəlmanları artıq ikinci ildir müqəddəs Ramazan bayramını COVID-19 pandemiyası şəraitində keçirirlər.

Bir çox ölkələrdə ayın görünməsilə mayın 13-də başlanan bayram üç gün çəkir. Məscidlərdə namaz qılınır, dualar oxunur, ailə üzvləri bir-birini, yaşlı qohumları ziyarət edirlər.

Koronavirusu önləməkdən ötrü qadağa və lokdaunların qüvvədə olduğu bir vaxtda əhalinin onları pozacağıyla bağlı narahatlıq var.

Dünyanın ən sıx məskunlaşmış müsəlman ölkəsi İndoneziyada hökumət artıq ikinci ildir adamların doğulduğu yerlərə ziyarətini yasaqlayır. Onmilyonlarla insanın səyahətə çıxdığı bu adət “mudik” adlanır.

Ölkədə yoluxmaların yüksək olduğu bəzi yerlərdə məscidlər bağlanıb. Cənub-şərqi Asiyanın ən böyük məscidi sayılan Cakartadakı Böyük İstiqlal Məscidi də bu sıradadır.

Şəhərdə bayram günlərində ticarət mərkəzləri, restoranlar, əyləncə yerləri qapadılıb.

Malayziyadan Türkiyəyə

Malayziyada virusun yeni ştammları yoluxma dalğasını gücləndirib, ölümləri artırıb. Hökumət həftənin əvvəlindən ölkəboyunca lokdaun elan edib.

Banqladeşdə isə milyonlarla insanın Eyd əl-Fitr bayramında koronavirus lokdaununu gözardı etdiyi bildirilir.

200 milyon müsəlmanın yaşadığı Hindistanda ruhanilər əhalini bayramı evlərində keçirməyə çağırıblar. Bir çox ştat hökumətləri məhdudiyyətlər, lokdaunlar tətbiq edib.

İraqda 10 günlük lokdaun elan olunmasına baxmayaraq, əhali bir qayda olaraq qadağaları pozur.

Misir kütləviliyi azaltmaq üçün mayın 21-dək mağazaların axşam 9-da bağlanması göstərişi verib. Tunisdə mayın 16-dək komendant saatı, hərəkət məhdudiyyətləri tətbiq olunub.

Türkiyədə Ramazandan sonra qadağaların tədricən qaldırılacağı gözlənir. Prezident Recep Tayyip Erdoğan mayın 12-də bu haqda açıqlama verib. “Pandemiya səbəbindən bayramı acı keçirməyimizə baxmayaraq, yaxşı günlər qabaqdadır”, – o deyib.

Yoluxmalarda artımdan dolayı Türkiyədə aprelin sonundan ölkə boyunca lokdaun elan olunub.

Əfqanıstanda atəşkəsdir

Əfqanıstanda isə Ramazan münasibətilə üçgünlük atəşkəs elan olunub.

ABŞ və beynəlxalq qüvvələrin sentyabrın 11-dək ölkədən çıxarılması planlaşdırılır və bu dönəmdə Taliban qruplaşması ilə hökumət qüvvələri arasında toqquşmalar qızışmışdı.

Mayın 13-də əhali məscidlərə axışıb, açıq havada bayram namazı qılınıb, dualar oxunub. Bayram mayın 15-dək davam edəcək.

Kabildə bir sıra məscidlərə təhlükəsizlik qüvvələri yerləşdirilib.

Prezident Əşrəf Qani illik Ramazan müraciətində Talibanı ABŞ və beynəlxalq qüvvələr çıxandan sonra daimi atəşkəsə razılaşmağa çağırıb.

Ötən ilin sentyabrından Kabillə Taliban arasında Qətərdə başlanmış danışıqlar dalana dirənib.

XS
SM
MD
LG