Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:44

İlham Əliyev: 'Biz qonşular kimi yanaşı yaşamalıyıq'


İ.Əliyev
İ.Əliyev

Prezident: ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfəsini verə bilər

Mayın 20-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr keçirilib.

Müzakirələrdə müxtəlif ölkələrin sabiq rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak ediblər.

Müzakirələrdə prezident İlham Əliyev də çıxış edib .

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı deyib:

“İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımından bugünkü müzakirələrin mövzusu çox aktualdır. Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda yeni reallıq yaranıb”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb:

“Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bugün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır”.

Prezident: ...Yeni təkliflər irəli sürülə bilər.

Prezident daha sonra deyib ki, ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər :

“ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı:

“Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu, ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bugün Ermənistan cəmiyyətində revanşist meyllər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir”.

"...Azərbaycana heç təşəkkür də etməyiblər"

Dövlət başçısı bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. O əlavə edib ki, bu da insanların minaya düşərək həlak olmasına səbəb olur:

“Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermişik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər. Biz Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsi) açılmasını təklif etmişik və düşünürəm ki, bu proses çətin olsa da, artıq işə başlamışıq”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi şair Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da Azərbaycanın Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.

Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir.

Prezidenti ABŞ-la münasibətlərə də toxunub

Azərbaycan prezidenti ABŞ-la münasibətlərə də toxunub.

O deyib ki, ABŞ Azərbaycanın həyata keçirdiyi enerji layihələrini və digər layihələri daim dəstəkləyib:

“Lakin biz bu münasibətlərin daha da şaxələndirilməsini istərdik. Ticarət sahəsində daha sıx əməkdaşlıq etmək istərdik. Həmçinin müdafiə sənayesində də əməkdaşlıq edə bilərik.”

Dövlət başçısı deyib ki, Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir, bizim təmaslarımız var:

“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə telefon danışığım olub və bir çox məsələləri müzakirə etmişik”.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsində vasitəçi tərəf olub.

ABŞ, Rusiya və Fransa qrupda həmsədrdilər.

XS
SM
MD
LG