Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:31

Qətldə ittiham olunan generaldan 1 milyon 200 min manat istəndi


Rövşən Əkbərov
Rövşən Əkbərov

Elçin Əliyevin qətlində ittiham olunan general Rövşən Əkbərovun işinə Bakı Hərbi Məhkəməsində baxılır

Qəsdən adam öldürməkdə ittiham edilən general Rövşən Əkbərov iyulun 16-da hakim önünə çıxarılıb.

20 il öncə Ukraynada azərbaycanlı gəncin - Elçin Əliyevin qətlində ittiham edilən generalın işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Generalın vəkilləri istintaqdan narazı qalıblar. Onlar iddia edirlər ki, xeyli qanun pozuntularına yol verilib və o pozuntular aradan qaldırılmadan bu işə məhkəmədə baxıla bilməz.

Müdafiəçilərin daha bir istəyi generalın ev dustaqlığına buraxılması olub. Vəkilləri deyirlər ki, o, nə vaxt prokurorluğa çağırılıbsa, gedib və heç vaxt istintaqdan yayınmayıb, yaşadığı yer də məlumdur.

Ev dustaqlığına etiraz edilib

Ancaq qarşı tərəf – mərhum Elçin Əliyevin atası Fəday Əliyevin vəkili bu vəsatətə etiraz edərək deyib ki, Əkbərov hadisədən 20 il sonra cinayət məsuliyyətinə cəlb edilib:

“İllər boyu məsuliyyətdən yayınıb. Xaricdə dostları çoxdur, onların köməyilə gizlənə bilər”.

Generalın vəkillərinin bir vəsatəti də şahid kimi dindirilmiş fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun ifadələrinin sübutlar siyahısından çıxarılması olub.

Müdafiəçilər bu vəsatəti belə əsaslandırıblar ki, adları çəkilən şəxslər daha öncə dəfələrlə bu iş üzrə dindiriliblər. Hər dəfə də Rövşən Əkbərovun Elmin Əliyevi öldürdüyünü görmədiklərini deyiblər. Amma sonuncu dəfə fərqli ifadə veriblər.

Vəsatətlərdən heç biri təmin olunmayıb

Məhkəmə generalın vəkillərinin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib. Onlara bildirilib ki, bu məsələlərə məhkəmə araşdırmalarında qiymət veriləcək.

Zərərçəkmiş tərəfsə generala qarşı 1 milyon 200 min manatlıq mülki iddia qaldırıb. Zərərçəkmişin vəkili Elçin Sadıqov deyib ki, bunun 1 milyonu mənəvi, 200 mini isə maddi ziyana görədir.

Rövşən Əkbərovun vəkilləri etirazla qarşılasalar da, hakimlər mülki iddianın qəbuluna qərar veriblər.

Bildirilib ki, mülki iddianın qəbul edilməsi hələ onun təmin olunması demək deyil. Təmin olunub-olunmamasına yekunda qərar veriləcək.

İyulun 30-da bu cinayət işi üzrə dindirmələr başlanacaq.

Xatırlatma

Rövşən Əkbərov 2001-ci il iyunun 1-də Kiyevdə 1971-ci il doğumlu Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur.

İddia olunur ki, o, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdəki “Sikora” kafesində yeyib-içəndən sonra onların arasında mübahisə yaranıb. Bu zaman Əkbərov Əliyevin ürək nahiyəsinə kəsici alətlə zərbə vurub.

Generala qarşı CM-in 12.1, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Baş Prokurorluğun məlumatına görə, olaydan 2 il sonra, hələ 2003-cü ildə Ukrayna hüquq-mühafizə orqanları cinayət işinin materiallarını Bakıya göndərib. Amma Azərbaycanda cinayət işi üzrə icraat dayandırılıb:

“Həmin cinayət işi üzrə Hərbi Prokurorluğun və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb”.

2020-ci ildə Baş Prokurorluqda bu iş yenidən araşdırılıb və rəhbərlik icraatın dayandırılması haqda qərarı ləğv edib. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaq hərəkətlərindən sonra Əkbərovla bağlı sübutlar toplanıb və o, cinayət məsuliyyətinə cəlb olunub.

1965-ci il doğumlu Rövşən Əkbərov sözügedən qətl hadisəsindən sonra – 2002-ci ildə general-leytenant rütbəsinə layiq görülüb. O, 2011-ci ildə korpus komandiri olub. 2020-ci ildə isə ehtiyata buraxılıb.

O, 1994-cü ildən Azərbaycanın Milli Qəhrəmanıdır. Həmin il Surət Hüseynovun dsətəsinə qarşı əməliyyatlara qatıldığına görə təltif olunub.

Bir il sonra – 1995-ci ildə Rövşən Cavadov və onun tərəfdarlarına qarşı əməliyyatın da əsas iştirakçılarından biri olub.

XS
SM
MD
LG