Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Rüşvətdə suçlanan klinika direktoru: 'İpotekada olan ev, maşından başqa nəyim var?'


Pərviz Abbasov
Pərviz Abbasov

Bakıda pandemiya ilə əlaqədar, əsasən, koronavirusa yoluxanların müalicə olunduğu "Yeni Klinika"nın sabiq direktoru, rüşvət almaqda suçlanan Pərviz Abbasov bu ittihamın yalan olduğunu deyir. O bildirir ki, rüşvətdən uzaq biri olduğu, yalnız özünün bilik və təcrübəsi ilə pul qazandığı halda, belə bir əməldə suçlanmasından həm də mənəvi əzab çəkir.

"Nəticəsi də budur ki..."

"Kimsə deyə bilməz ki, mən ondan indiyədək 1 manat rüşvət almışam. Müxtəlif xəstəxanalarda işləmişəm, Tibb Universitetində dərs demişəm. İndiyədək yaşadığım ömrün böyük bir hissəsini səhiyyəyə vermişəm, uzun illər cərrah işləmişəm. Nəticəsi də budur ki, indi dörd divar arasına salınmışam. Araşdırın, görün ki, mənim ipotekada olan ev və bir maşından başqa nəyim var?..", - Abbasov öz məhkəməsində belə deyib.

2020-ci ilin aprelindən həbsdə olan keçmiş klinika direktorunun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onunla yanaşı, məhkəmə qarşısına daha dörd nəfər çıxarılıb – "Buta" Klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov, "Avrasiya" Klinikası və "Viola" MMC-nin meneceri Vüsalə Əliyeva və rəsmi heç yerdə işləməyən Samir Mirzəyev.

3-5 min manat rüşvət

"Yeni Klinika"nın sabiq direktoru adları çəkilən şəxslərlə əlbirlikdə, koronavirusa yoluxmuş şəxslərin klinikaya yerləşdirilib müalicə olunması üçün onların yaxınlarından bu adamların vasitəsilə 3-5 min manat rüşvət almaqda suçlanır.

İstintaq dövründə yalnız Abbasov həbsdə idi. Amma məhkəmənin ilk iclasında, qadın istisna olmaqla, digər təqsirləndirilən şəxslərdən üçü məhkəmə zalında həbs olundu.

Sabiq klinika rəhbəri deyir ki, əlbirlikdə ittiham olunduğu dörd nəfərdən yalnız birini - Samir Mirzəyevi tanıyır: "Samir də atasının, yaxın adamının klinikaya yerləşdirilməsini xahiş edib, yardım etmişəm. Buna görə nə ondan, nə də bir başqasından bir qəpik pul almışam...".

"Pərviz həkimə bir qəpik də verməmişəm"

Mirzəyev də onun dediklərini təsdiqləyib. O bildirib ki, istintaq dövründə prokurorluqda təzyiq yoluyla Abbasovun əleyhinə ifadəyə imza atmağa məcbur edilib: "Mən Pərviz Abbasova bir manat pul verməmişəm. Hətta atam sağalandan sonra rayonda bir qoyun kəsdirib gətirmişdim, onu da götürmədi. Düzdür, mən onunla tanışlığımdan istifadə edib başqalarının klinikaya yerləşdirilməsi üçün onlardan pul almışam. Amma Pərviz həkimə bir qəpik də verməmişəm. Elə xahiş eləmişəm, demişəm, yaxın adamdır, problemsiz yerləşdirib, müalicə ediblər".

Mirzəyevin sözlərinə görə, digər təqsirləndirilən şəxslər onun tanışı olub.

Abbasovun vəkili məhkəmədə çıxışında müvəkkilinin qurban seçildiyini desə də, konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG