Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

10-yaşlı Nərminin anası məhkəmədə nə dedi


 Aynurə İsmayılova
Aynurə İsmayılova

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi ilə bağlı məhkəmə araşdırmaları davam edir

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi, meyitinin yandırılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində bu işlə bağlı prosesdə bir neçə iclasdır ki, azyaşlının anası Aynurə İsmayılova dindirilir.

Sentyabrın 29-da məhkəmə iclasında məlum olub ki, ananın istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər var.

Söhbət evdən çıxarkən uşağın əynində olmuş paltarlardan tutmuş, hadisəni törətməkdə suçlanan İlkin Süleymanovun yaxınlarıyla bağlı səslənən fikirlərə qədər bir çox ziddiyyətlərdən gedir.

“Ola bilər, əsəbi olmuşam”

O, istintaqa ifadəsində iddia edib ki, təqsirləndirilən Süleymanov böyük qızını oğurlamaq istəyib, lakin elə olub ki, ortancıl övladı olan Nərmini apara bilib. Həmçinin iddia edib ki, Nərmin girovluqda saxlandığı ay yarım ərzində Süleymanovların evindən qaçmaq istəyib, lakin İlkinin qohumları onu tutub saxlayıb.

Ana məhkəmədə isə bildirib ki, belə ifadə verməyini xatırlamır:

"Yadımda deyil, ola bilər, əsəbi olmuşam, fikrim özümdə olmayıb, demişəm".

İsmayılova deyir ki, uşağı tapılandan sonra onun meyitini görməyib. İstintaqa ifadəsində isə bildirib ki, onu gedib baxmağa qoymayıblar, ona görə görməyib.

Hakim də, vəkillər də maraqlanıblar ki, onun uşağının meyitinə baxmasına imkan verməyən kimlər olub? Ana yenə də konkret cavab verməyib:

"Onda özümdə olmamışam, neylədiyimi bilməmişəm..."

Bu barədə təkrar suala isə "Bakıdan gələnlər qoymadılar" cavabını verərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarını nəzərdə tutduğunu söyləyib.

“Bizim evdə heç telefon işlədilməyib”

Hakimin daha bir sualı isə azyaşlının kiminləsə sevgi münasibəti olması, yazışması haqda olub. İsmayılova "elə şey olmayıb, bizim evdə heç telefon işlədilməyib" desə də, hakim onun nəzərinə çatdırıb ki, cinayət işinin materiallarında bu barədə ifadələr, materiallar var.

İsmayılova suallara cavabında ailələrinin mehriban olduğunu, heç vaxt ər-arvad münaqişəsi yaşamadıqlarını desə də, vəkillər ortaya qoyublar ki, həyat yoldaşı Şərif Quliyev onun işlədiyi kafeyə gəlib dava-dalaş salırdı. Buna görə İsmayılova ərindən Tovuz rayon Polis Şöbəsinə şikayət edib.

İş materiallarında ananın qızının ölümüylə bağlı da müxtəlif orqanlara ərizələri var. Dindirmədə o, etiraf edib ki, ərizələri onun adından Tovuz rayon Polis Şöbəsinin əməkdaşları yazıblar.

Məhkəmə araşdırmaları oktyabrın 20-də davam edəcək.

“Niyə belə edirlər, özləri bilir”

Məhkəmədən sonra İlkin Süleymanovun vəkili Əlibaba Rzayev AzadlıqRadiosu-na bildirib ki, prosesin gedişi, hakimlərin işi dərindən araşdırmaq cəhdi onları qane edir:

"Bizi təəccübləndirən odur ki, sanki valideynlər bu işin araşdırılması, əsl qatilin tapılmasında maraqlı deyil. İstəyirlər ki, bu iş İlkinin boynunda qalsın və bu cür də bağlansın. Normalda isə onlar uşaqlarını öldürənin cəzalanmasında maraqlı olmalıdır, məhz İlkinin yox. Niyə belə edirlər, özləri bilir..."

Aynurə İsmayılova isə İlkin Süleymanovla yanaşı, onun yaxın qohumlarını da ittiham edir.

"Başqa heç nə danışmayacam", – İsmayılova AzadlıqRadiosuna bildirib.

Vəkil Əlibaba Rzayev
Vəkil Əlibaba Rzayev

Xatırlatma

48 yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir.

İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

Onun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG