Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:38

Ödənişsiz iş saatları necə artır


Modern Workaholic Couple
Modern Workaholic Couple

BBC yazır ki, Britaniyada pandemiyadan əvvəl 5 milyondan artıq işçi həftədə orta hesabla 7.6 saat artıq işləyirdi. Bu isə ümumilikdə 35 milyard funt (47.068 milyard dollar) pulsuz əlavə iş deməkdir.

ADP Araşdırma İnstitutunun apardığı qlobal tədqiqata görə, hazırda hər 10 nəfərdən biri həftədə azı 20 saat pulsuz işlədiyini deyir. Orta hesabla işçilər hər həftə 9.2 saat artıq və pulsuz işləyirlər.

Məsafədən iş

COVID-19 kontekstində isə bütün dünyada əlavə iş rəqəmləri kəskin artıb. Xüsusilə də Şimali Amerikada ödənişsiz iş saatları iki dəfədən çox artıb.

Məsafədən işləmək vəziyyəti daha da ağırlaşdırıb. Dünya üzrə ortalama iş günü iki saata yaxın uzanıb. Bir araşdırmanın nəticələrinə görə, Britaniyada işəgötürənlər əməkdaşlarının hər gün əlavə və ödənişsiz saatları işlədiyini etiraf edirlər. Əvvəllər insanlar işə gəlməyin özünə, nahar fasilələrinə vaxt sərf edirdilərsə, indi bu da yoxa çıxıb. İşin nə zaman başladığı və nə zaman bitdiyi bilinmir. Səhər yeməyi ərzində inbokslar dolur, son tarixlərsə (deadline) iş vaxtından sonraya, axşamın gec saatlarına qədər aşıb-daşa bilir. "Zoom" görüşləri isə, əslində, iş vaxtı sayılmayan erkən saatlarda da baş verə bilir.

Sənaye dövrü

Bir çox işçilər üçün iş vaxtından sonra da işləmək istisna hal olmaqdan çıxaraq gözləntiyə çevrilib. Ancaq bu, nəinki yazılı, heç şifahi də ifadə olunmayıb. Bu, sadəcə, işəgötürənlə işçi arasında sözsüz anlaşmadır: müqavilədəki saatları unut, yalnız günlük işini bitirəndən sonra çıxa bilərsən.

Bəs, məsələ bu yerə necə gəlib çıxıb? Bundan sonra nə olacaq?

COVID-19 problemi ağırlaşdırsa da, ödənişsiz əlavə iş on illərlə mövcud olub. Sənaye dövründə işçilərin müəyyən olunmuş iş saatları var idi. İş saatından əlavə işləmək əlavə kompensasiya demək idi. XX əsrin ortalarında ofis mədəniyyəti çiçəklənir, maaşlar artır, orta sinif peşəkarlar meydana gəlirdi. Müasir iş yerində isə vəzifələr zavoddakı kimi çərçivəyə salınmır və işin nə zaman bitib, əlavə iş saatının (overtime) nə zaman başladığı bilinmir.

Beş saatlıq zehni iş

İş yerlərinin ofis saatlarını sənaye dövrünün səkkiz saatlıq iş günü çərçivəsinə uyğunlaşdırması artıq zehni işdə çalışanların iş masasında həddindən çox vaxt keçirməsi demək idi. Nyukasl Universiteti Biznes Məktəbinin işin gələcəyindən dərs deyən professoru Ebiqeyl Marks deyir ki, bu gün çoxunun gördüyü, kompüter arxasında zehni yüklü bu tip intensiv əmək gündə beş saatdan artıq sürə bilməz. Buna rəğmən iş günləri qısalmaqdansa tədricən daha da uzanıb.

London İqtisadiyyat Məktəbinin davranış elmləri professoru Qreys Lordan 1980-ci illəri dönüş nöqtəsi kimi görür. Britaniya və ABŞ-da Tetçerizm və Uoll-strit get-gedə artan uzun iş saatlarını populyarlaşdırıblar. Əgər karyera nərdivanında böyük irəliləyiş əldə etmək istəyirdinsə, özünü işə həsr etməli idin. İş saatlarından artıq işləmək status rəmzinə çevrilmişdi. Onun sözlərinə görə, əgər 1950-ci illərdə ofis işçiləri ailə üzvlərini şam yeməyində görürdülərsə, 1980-ci illərdə onları həftəsonu görəndə sevinirdilər.

İş e-mail-ini telefona yükləyən andan...

Ancaq sonra texnologiya inqilabı başladı. 2010-cu illərdə artıq hamının işə bağlı cihazları, hər an yanında olan inboksları var idi. İşlə bağlı zəng və mesajlar insanların əvvəllər sosiallaşmaq üçün işlətdiyi cihazları zəbt etdi. "İş e-mail-ini telefona yükləyən andan etibarən insanlar bundan istifadə etməyə başlayacaq. Bundan sonra siz hər an əlçatan olmağa öyrəşirsiniz", – Marks deyir.

Pandemiya başlayandan bəri bu əlçatanlıq daha da rəqəmsallaşdı. Məsafədən iş elə bir şərait yaratdı ki, artıq müdirlər işçilərinə sutka boyu zəng edə, mesaj və e-mail göndərə bilirlər.

Bəzi ölkələrdə mədəni gözləntilər ifrat iş saatlarını daha da ağırlaşdırıb. Məsələn, Yaponiyada həddindən çox işləmə mühüm peşə üstünlüyü sayılır.

XS
SM
MD
LG