Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:34

Bethovenin 10-cu Simfoniyasını belə tamamladılar


Lüdviq van Bethoven
Lüdviq van Bethoven

Lüdviq van Bethoven 1827-ci ildə dünyasını dəyişəndə 9-cu Simfoniyanı üç il idi ki, tamamlamışdı. Bir çoxları artıq o zaman 9-cu Simfoniyanın bəstəkarın şah əsəri olduğunu deyirdilər. 10-cu Simfoniya üzərində işləməyə başlayan Bethoven sağlamlığı get-gedə pisləşdiyi üçün çox çalışa bilməyib. Buna görə də bu əsərdən bizə yalnız ayrı-ayrı sketçlər qalıb. O zamandan bəri Bethoven pərəstişkarları və musiqişünaslar bu əsərin tamamlanmış versiyasının necə ola biləcəyi haqda baş sındırıblar.

Nəhayət ki, bir qrup musiqi tarixçisi, musiqişünas, bəstəkar və kompüter aliminin səyləri ilə bu əsərin bir tamamlanmış versiyası yaradılıb.

İki ilə ərsəyə gələn iş

ABŞ-ın Ratqers Universitetinin İncəsənət və Süni Zəka Laboratoriyasının direktoru Əhməd Elqammalın "Playform AI" adlı bir kreativ süni zəka startapı maşına həm Bethovenin bütün əsərlərini, həm də bəstəkarın yaradıcılıq prosesini öyrədib.

10-cu Simfoniyanın iki illik layihə nəticəsində tamamlanmış versiyası oktyabrın 9-da dünyaya təqdim edilib. Eyni gündə əsərin Almaniyanın Bonn şəhərində dünya premyerası keçirilib.

1817-ci ildə Londondakı Kral Filarmoniya Cəmiyyəti Bethovenə 9-cu və 10-cu simfoniyaları yazmağı həvalə edib. Orkestr üçün yazılan simfoniyalar çox vaxt dörd hissədən ibarət olur. Birinci hissə sürətli, ikinci daha yavaş, üçüncü orta və ya sürətli, dördüncü hissə isə sürətli tempdə ifa edilir.

Bethoven "Sevinc odası" kimi tanınan və bütün dövrlərdə sevilən 9-cu Simfoniyanı 1824-cü ildə tamamlayıb. 10-cu Simfoniyaya gələndə isə, bəstəkar yalnız bir neçə maraqlı ideya və musiqi notu qoyub gedib.

Öncəki cəhdlər

Keçmişdə də Bethovenin 10-cu Simfoniyasını rekonstruksiya etmək üçün cəhdlər edilib. 1988-ci ildə musiqişünas Berri Kuper günümüzə gəlib çatmış qaralamalardan yararlanaraq əsərin birinci və ikinci hissələrini bitirməyə cəhd edib və son nəticədə yalnız birinci hissəni tamamlaya bilib.

Əldə olan sketçlərin çox az olması simfoniya mütəxəssislərinin bundan artıq nəticə qazanmasını qeyri-mümkün edib.

2019-cu ilin əvvəlində Avstriyanın Zalsburq şəhərində yerləşən Karayan İnstitutunun direktoru doktor Mattias Röder Bethovenin 250-ci ildönümü ərəfəsində 10-cu Simfoniyanı tamamlamaq üçün komanda topladığını bildirib. Onun topladığı komandanın tərkibində "Intel"in məşhur cinqlını yazan avstriyalı bəstəkar Uolter Verzova, kompüter musiqisi mütəxəssisi Mark Qotem və Harvard Universitetindən eyni zamanda həm də gözəl pianoçu olan musiqişünas Robert Levin də daxil olub. Levin bundan öncə də Motsart və Baxın XVIII əsrdən qalan yarımçıq əsərlərini tamamlaması ilə tanınırdı.

Qrup öhdəsinə çox çətin vəzifə götürmüşdü. Bu iş əldə olan qaralamaları maşına daxil edib düyməni basmaqla başa gəlmir. Süni zəkanın bu yarımçıq musiqi əsərləri üzərində bu zamana qədərki işi isə bir neçə saniyədən o yana getməmişdi.

Süni zəkanın işini ayır edə bilməyiblər

Bunun üçün Bethovenin yaradıcılıq tərzi və prosesini maşına öyrətmək lazım idi. Nəticədə maşın cəmi bir neçə musiqi notundan çıxış edərək bütöv simfoniya, kvartet və sonatalar yaza bilməli idi. Maşın Bethovenin, məsələn, 5-ci Simfoniyanı necə bəstələdiyini anlamalı idi. Üstəlik, dörd notlu sadə bir motivdən çıxış edərək.

Qrup 2019-cu ilin noyabrında Bonnda keçirdiyi görüşə jurnalistləri və musiqi alimlərini də dəvət edib. Auditoriyadan Bethovenin orijinal musiqisinin hansı notda bitdiyini və süni zəkanın işinin hansı notdan sonra başladığını ayırd etməsini istəyiblər. Heç kim bunu edə bilməyib.

Əlbəttə, süni zəkanın insanın yaradıcı prosesinə qarışmalı olmadığını deyənlər də var. Ancaq Doktor Elqammal süni zəkanı insan yaradıcılığını əvəz edən bir şey kimi görmür. Onun fikrincə, süni zəka sənətçilərin özlərini yeni üsullarla ifadə etmələri üçün yeni qapılar açır.

Əslində, bu layihənin özü də insanların – tarixçilərin və musiqişünasların sayəsində mümkün olub. Mütəxəssislərdən biri süni zəkanı hər gün öz üzərində işləməklə günü-gündən daha da kamilləşən çalışqan musiqi tələbəsinə bənzədib.

XS
SM
MD
LG