Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:45

Avstriya 20 günlük tam qapanmaya gedir


Avstriyada etiraz aksiyası
Avstriyada etiraz aksiyası

Avstriyada minlərlə insan hökumətinin pandemiya ilə bağlı yeni  tədbirlərinə qarşı yürüş keçirib.

Vyana polisinin məlumatına görə, təxminən 35 min insan hökumətdən COVID-19 epidemiyasının yayılması ilə əlaqədar tam karantin rejimindən imtina etməyi tələb edib.

Etiraz aksiyası ilə əlaqədar Vyananın mərkəzində avtomobillərin hərəkəti iflic olub, polis 10 nəfəri saxlayıb.

Beləki, noyabrın 22-dən Avstriya hökuməti bütün ölkə sakinlərinə, o cümlədən peyvənd olunmuş və xəstə olanlara şamil ediləcək ümummilli karantin rejimi tətbiq edəcək.

Bu bəyanatla noyabrın 19-da Avstriyanın federal kansleri Aleksandr Şallenberq çıxış edib.

Bu qərar koronavirusa yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar qəbul edilib.

Üzrlü səbəb olmadan evdən çıxmaq qadağan olunacaq. Ölkədə bütün mədəni və istirahət tədbirləri ləğv ediləcək. Kansler qapanma qərarını "çox çətin" adlandırıb.

Amma o, söz verib ki, yeni məhdudiyyətlər 20 gündən çox olmayacaq və dekabrın 13-dən gec olmayaraq peyvənd olunmuş və xəstə vətəndaşlar daha çox azadlıqdan istifadə edəcək 2G qaydası qüvvəyə minəcək.

Karantin rejiminin ilk nəticələrinin 10 gün sonra qiymətləndirilməsi planlaşdırılır.

2022-ci il fevralın 1-dən isə Avstriyada koronavirusa qarşı peyvənd vurulmasının məcburi olacağı açıqlanıb.

Almaniya və Çexiyada

Bu arada Almaniyada da koronavirusla bağlı vəziyyət getdikcə pisləşir. 20 Noyabr şənbə günü ölkə üzrə virusun orta yayılması hər yüz min əhaliyə 362 hadisə təşkil edib. Bu, epidemiya başlayandan bəri ən yüksək göstəricidir.

Deutsche Welle xəbər verir ki, hökumət koalisiyası haqqında danışıqlar aparan partiyaları təmsil edən alman siyasətçiləri isə məcburi peyvənd olunmaya qarşıdırlar.

Noyabrın 20-də Çexiyada da pandemiyanın başlanmasından bəri ən yüksək gündəlik yoluxma qeydə alınıb- sutka ərzində 22 min 936 yoluxma.

Noyabrın 22-dən Avropanın bu ölkəsində də restoranlara, otellərə və kütləvi toplantılara yalnız peyvənd olunmuş və ya son altı ayda xəstəlikdən sağalmış şəxslər buraxılacaq.

Bir doza peyvənd almış insanlar və 12-18 yaşlı uşaqlardan bu cür yerlərə daxil olarkən 72 saatdan çox olmayan PCR testi tələb olunur.

Peyvənd olunmamış işçilər üçün şirkətlərdə həftəlik test tələb olunacaq. İş yerləri də daxil olmaqla bütün qapalı yerlərdə və ictimai nəqliyyatda maskalardan istifadə məcburi olaraq qalacaq.

XS
SM
MD
LG