Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

Omikron sürətlə yayılır, yeni qadağalar gəlir


ABŞ-da aeroport
ABŞ-da aeroport

Almaniya parlamenti bir neçə həftəyə ölkədə vaksinin məcburi edilməsini müzakirəyə çıxaracaq

Birləşmiş Ştatlarda koronavirusun Omikron ştammına yeni yoluxmalar aşkarlanıb. Hindistan dekabrın 2-də ilk yoluxmanın qeydə alındığını bildirib. Hökumətlərsə yenidən qadağalar tətbiq edirlər.

Evdə COVID-19 testi

Ötən həftə Cənubi Afrikada aşkarlanan Omikron ştammı sürətlə yayılmaqdadır. Dekabrın 2-də onlarla ölkədə yeni yoluxmalar qeydə alınıb.

Avropa Birliyinin səhiyyə agentliyinin məlumatına görə, bu ştamm növbəti aylarda Avropada COVID-19-a yoluxmaların yarıdan çoxunu əhatələyə bilər.

Artıq ABŞ-ın dörd ştatında Omikrona ümumilikdə səkkiz yoluxma aşkarlanıb. Pasiyentlərin hamısı tam peyvəndlənmiş olublar, simptomları da yüngüldür.

Prezident Co Bayden dekabrın 2-də beynəlxalq səyahətçilər üçün yeni test qaydaları elan edib. O, amerikalılara vəd edib ki, tezliklə evdə pulsuz COVID-19 testləri əldə edəcəklər.

COVID-19-un yeni növünə tutulanlar hələlik xəstəliyi yüngül keçirir
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Almaniya

Alimlər Omikronun Delta ştammından daha yoluxucu olub-olmadığını, vaksinlərin ona necə təsir göstərdiyini araşdırırlar. DST bu sualların bir neçə həftəyə cavablandırılacağını bildirib.

Almaniya Kansleri Angela Merkel elan edib ki, peyvənd olunmayanlar, yaxud COVID-19-a indiyədək yoluxmayanlar ictimai həyatın əksər hissəsindən kənar qalacaqlar. Vəzifəsindən getməkdə olan Merkel bu tədbirləri xəstəxanaların həddən artıq yüklənmə riskiylə izah edib.

Sözügedən şəxslərin barlara, restoranlara, kinoteatrlara girişi yasaqlanacaq.

Hazırda ölkədə həftəlik yoluxma əmsalı hər 100 min nəfərə 350-dir.

Almaniya parlamenti bir neçə həftəyə ölkədə vaksinin məcburi edilməsini müzakirəyə çıxaracaq.

Norveç

Norveç Oslo və ətrafında COVID-19-a qarşı yeni qaydalar elan edib. Çünki ötən həftə Milad naharına qatılmış onlarla peyvəndli şəxslər arasında şübhəli yoluxma dalğası başlayıb. İndilik Omikrona yalnız bir yoluxma təsdiqlənib.

İctimai nəqliyyatda, ticarət mərkəzlərində, mağaza və taksilərdə üz maskaları məcburi elan edilib. İnsanlar mümkün olduqca evdən işləyəcəklər. Qapalı özəl tədbirlərə 100-dən çox adamın qatılmasına icazə verilməyəcək.

Deltaya yoluxmaların artması onsuz da Avropanın bir çox ölkələrində müxtəlif qadaların yenidən tətbiqinə səbəb olmuşdu.

DST başçısı Tedros Adhanom Gebreyesus xəbərdarlıq edib ki, aşağı vaksinasiya və test səviyyəsinin “zəhərli qarışımı” “ştammların çoxalaraq yayılması”na səbəb olur.

XS
SM
MD
LG