Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:40

Saleh Rüstəmov azadlığa buraxıla bilərmi?


Saleh Rüstəmov
Saleh Rüstəmov

Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun artıq 31 gündür aclıq aksiyası keçirdiyi bildirilir. Bu gün, dekabrın 6-da vəkilləri Nizami Rayon Məhkəməsinə S.Rüstəmovun səhhəti ilə bağlı azadlığa buraxılması üçün ərizə təqdim ediblər.

Məlumatı vəkil Aqil Layıc yayıb: "Onun ciddi xəstəlikləri var, böyrək çatışmazlığından da əziyyət çəkir. Məhkəmənin onu çəkilməmiş cəzadan azad etməsi üçün heç bir maneə yoxdur…".

Dekabrın 1-də bir sıra siyasi fəallar və müxalifətçilər də Bakının mərkəzində S.Rüstəmovun azadlığı tələbiylə aksiya keçirmişdilər. Aksiya zamanı 40-a yaxın şəxs saxlandı, onlardan altı nəfər koronavirusla bağlı tətbiq edilən karantin qaydalarını pozmaqda günahlandırılaraq inzibati qaydada həbs edildi. Saxlananlardan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyülməsi ilə bağlı açıqlaması isə ictimai etirazları gücləndirdi. Amma Daxili işlər Nazirliyi onun polis bölməsində döyüldüyünü təkzib etdi.

R.Səfərov
R.Səfərov

"Baş prokuror Kamran Əliyevə müraciət etmişik"

"Müdafiə xətti" təşkilatının təmsilçisi Rüfət Səfərov AzadliqRadiosuna açıqlamasında deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yasaq edilib. O əlavə edib ki, ölkə Konstitusiyanın 49-cu, Avropa Konvensiyasının 28-ci maddələri yığıncaq azadlığını təsbit etsə də, hakimiyyət bunları nəzərə almır: "Bu dəfə polis işgəncələri və pis rəftarı sanki nümayişkaranə şəkildə ortaya qoydu. Tofiq Yaqublunu misal olaraq göstərmək olar. Əvvəllər bu kimi işgəncələr olduğu halda qurbanları həbs edib cəmiyyətdən təcrid edirdilər. Yəni xəsarətlərin izlərinin itməsi gözlənirdi".

O vurğulayıb ki, təkzibə baxmayaraq, T.Yaqublunun döyülməsi faktı ortadadır: "Biz təşkilat olaraq polislər barəsində hüquqi məsuliyyət məsələsinin həlli üçün Baş prokuror Kamran Əliyevə müraciət etmişik".

Hələlik, bu məsələyə Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

E.Nəsirov
E.Nəsirov

"Şəhərin mərkəzində iğtişaş yaratmaq istəyiblər"

Deputat Elman Nəsirov isə "Turan"a açıqlamasında dekabrın 1-də aksiya keçirmək cəhdinin qanunazidd olduğunu bildirib. Onun fikrincə, şəhərin mərkəzində belə bir aksiyanın keçirilməsi insanların təhlükəsizliyinə və asudə vaxtlarını keçirmələrinə problemlər yaradır. O əlavə edib ki, aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Deputat hesab edir ki, təşkilatçılar şəhərin mərkəzində iğtişaş yaratmaq istəyiblər: "Nəhayət, həmin gün xalqımız 14 şəhidimizlə vida mərasimi keçirirdi. İnsanların matəm içində olduğu belə vəziyyətdə qanunazidd addımlar atılır".

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə mövzu ilə bağlı Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın müraciətini xatırladıb: "Biz Tofiq Yaqubluya qarşı həmin hərəkətləri törədənlərin aşkarlanıb cəzalandırılmasını tələb etmişik. Bu istiqamətdə də respublika prokurorluğunda da müvafiq araşdırmalar gedir və Tofiq Yaqublunu da dörd saat dindiriblər. Məsələnin tamam araşdırılacağına ümid edirəm".

Ə.Nuriyev
Ə.Nuriyev

"Əgər siyasi iradə olsa"

S.Rüstəmovun həbsinə gəldikdə isə R.Səfərov deyib ki, yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyır. O, vəkillərinin məhkəməyə müraciətini xatırladıb: "Əgər siyasi iradə olsa, Saleh Rüstəmovun azadlığa çıxması mümkündür. Məsələ ondadır ki, Saleh Rüstəmovun azadlığa çıxmasında yalnız daxili auditoriyanın çağırışları kifayət deyil, ABŞ Dövlət Departamenti, Avropa Şurası və Avropa Birliyi təkidli praktik addımlar atmalıdır".

"Azərbaycanda siyasi məhbus yoxdur"

Deputat E.Nəsirov isə deyib ki, Azərbaycanın müxalif siyasi dairələri özlərinə yaxın saxlanılan hər bir şəxsi siyasi məhbus kimi görmək istəyir: "Amma Azərbaycanda siyasi məhbus yoxdur, çünki Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir. Bilmək lazımdır ki, demokratiya prosesdir, onun son nöqtəsi yoxdur. Heç bir dövlət də demokratiyanın zirvə nöqtəsində olduğunu söyləyə bilməz. Ona görə də aclıq keçirənin siyasi məhbus olması haqqında iddiaların heç bir əsası yoxdur. Onun əməlində cinayət tərkibi olduğu üçün saxlanıb. Məhkəmənin qərarıyla da hər bir insanın taleyinə hüquqi müstəvidə baxılır".

Bakıda 'Saleh Rüstəmliyə azadlıq' aksiyası
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

"Azadlığa çıxması üçün hüquqi imkanlar var"

Əfv Komissiyasının üzvü Ə.Nuriyev ötən həftə S.Rüstəmovla görüşdüklərini vurğulayaraq əlavə edib ki, ətraflı müzakirələr olub və müvafiq qurumlar qarşısında məsələ qaldırılıb: "Əlbəttə, Saleh Rüstəmovun azadlığa çıxması üçün hüquqi imkanlar var. Ali Məhkəmənin Plenumu işə baxıb müvafiq qərar qəbul edə bilər. İkinci isə əfv olunmaqdır. Hazırkı şəraitdə yalnız bu hüquqi imkanlar yarana bilər".

Xatırlatma

S.Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar. AXCP ittihami yalanlamışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG