Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Azərbaycanda verilən QR-kod Avropada keçmir


Saxta COVID pasportu nə ilə nəticələnə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Saxta COVID pasportu nə ilə nəticələnə bilər?

Azərbaycanda koronavirusa qarşı peyvənd olunmuş şəxslərə verilən sertifikatın Avropa Birliyi ölkələrində tətbiq olunan elektron sistemdə tanınmadığı və oxunmadığı bildirilir.

Avropada təhsil alan Səyyad Yusifli "Turan"a deyib ki, ölkədən getməzdən qabaq bəzi sənədləri oxuduğu ölkənin rəsmi qurumlarına göndərib: "Viza, uçuş bileti, burdan aldığım COVID sertifikatı, bir də tələbə olduğum üçün universitetdən aldığım qəbul məktubu. Ora çatanda bir neçə gün sonra özləri yeni QR-kod (Quick Response - çevik cavab) atdılar. Dedilər ki, orada ancaq özlərinin atdığından istifadə eləyə bilirəm, Azərbaycanda verilən QR-kod Avropada keçmir".

"Əksər yerlərə QR-kod olmadan buraxmırlar"

Onun sözlərinə görə, bu məsələ onun özünə çətinlik yaratmayıb: "Çünki çatan kimi yeni QR-kod ala bildim . Amma gecikdirəndə problem yarana bilir, çünki əksər yerlərə QR-kod olmadan buraxmırlar".

V.Bayramov
V.Bayramov

Deputat Vüqar Bayramov isə bildirib ki, 2021-ci ilin ilk ayından sonra sərt karantin tədbirləri tətbiq etmədən yoluxma sayında kəskin artımın qarşısının alınması təqdirəlayiqdir. Onun sözlərinə görə, Peyvənd Sertifikatının elektronlaşması və eləcə də onun regional qəbul edilməsi baxımından, təəssüf ki, problemlər qalmaqdadır: "Azərbaycanda verilən Peyvənd Sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınılmır və oxunmur. Bu isə Peyvənd Sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropada qapalı məkanlara daxil olmasını əngəlləyir. Bizim vaksin sənədində olan QR kodunu Avropada elektron sistem oxuya bilmir. Hətta "Pfizer" (Avropada tanınır) peyvəndindən istifadə edən vətəndaşlarımız da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər".

"Hər hansı əngəl yoxdur"

Deputat qeyd edib ki, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Avropa Birliyi elektron sisteminə inteqrasiyaya ehtiyac var. Avropa Birliyinə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımından hər hansı əngəl yoxdur. Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar".

COVID-19-un yeni növünə tutulanlar hələlik xəstəliyi yüngül keçirir
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Onun sözlərinə görə, Avropa Birliyinə daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub: "Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukrayna elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır, oxunur. Bizim Peyvənd Sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır".

Rəsmi: "İlkin müzakirələr keçirilib"

Səhiyyə Nazirliyindən isə "Turan"a bildirilib ki, Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb. Nazirlikdən vurğulandığına görə, İşçi Qrupun təklifləri əsasında Nazirlər Kabinetinin qərarı da olub: "Həmin qərardan irəli gələrək aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib. Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq".

Z.Əkbər
Z.Əkbər

"Bu, hökumətin məsuliyyətindədir"

Hüquq müdafiəçisi Zaur Əkbər isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda da Peyvənd Sertifikatı verilməyə başlayan zamandan hökumətin müvafiq qurumları inteqrasiya məsələsini həll etməli idi: "İnsanlar səfərlərə gedir və belə bir problemlərlə üzləşirsə, bu, hökumətin məsuliyyətindədir. İnsanlara COVID-pasport verilirsə, sənəd beynəlxalq sistemə daxil edilməlidir. Avropanın müvafiq qurumları, Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparılmalı idi".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə dekabrın 20-nə kimi ümumilikdə 610 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktının müəyyən edildiyi, onlardan 8 min 199-nun vəfat etdiyi bildirilir. Ölkədə vaksinasiyaya isə bu ilin əvvəlindən başlanıb.

XS
SM
MD
LG