Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

ABŞ və Rusiya Moskvanın tələblərini yanvarda müzakirə edəcəklər


ABŞ dövlət katibinin müavini Karen Donfrid
ABŞ dövlət katibinin müavini Karen Donfrid

Ağ evin məlumatına görə, Sallivan ABŞ-ın ikitərəfli dialoq, NATO-Rusiya Şurası, ATƏT daxil, çoxsaylı kanallarla danışıqlara hazır olduğunu bildirib

Birləşmiş Ştatlar və Rusiya arasında Moskvanın təhlükəsizliklə bağlı son təkliflərinin müzakirəsi üçün danışıqlar böyük bir ehtimalla gələn ay keçiriləcək.

Bu barədə məlumatı ABŞ dövlət katibinin müavini Karen Donfrid dekabrın 21-də verib:

“Biz dəqiq tarixi Rusiya ilə razılaşdıracağıq və fikrimcə, bu görüş yanvar ayında keçiriləcək”.

Donfrid deyib ki, bu danışıqlarda NATO və ATƏT də iştirak edəcək.

Rusiya dekabrın 17-də NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmasını tələb edən təkliflər verib.

Rusiya habelə Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qəbul olunmayacaqlarına dair qarantiya tələb edib.

ABŞ Rusiyayla dialoqa ‘hazırdır’

Vaşinqton Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi ilə bağlı diplomatiyaya hazırdır. Amma istənilən dialoq Avropadakı müttəfiqlər və tərəfdaşlarla koordinasiya çərçivəsində aparılmalıdır. Bunu ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan rusiyalı həmkarı, Prezident Vladimir Putinin xarici siyasət müşaviri Yuri Uşakova deyib.

Ağ evin məlumatına görə, Sallivan ABŞ-ın ikitərəfli dialoq, NATO-Rusiya Şurası, ATƏT daxil, çoxsaylı kanallarla danışıqlara hazır olduğunu bildirib.

Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına 100 minədək hərbçi cəmləməsi Avropada gərginliyi artırıb. Rusiya isə bu hərəkətin Ukraynaya hücum niyyəti güdmədiyini, Ukraynanın NATO ilə münasibətlərinin inkişafının gərginlik yaratdığını bildirir.

Aydın mövqe

Sallivan Uşakovla telefon söhbətində “aydın şəkildə qeyd edib ki, istənilən dialoq qarşılılığa əsaslanmalı, Rusiyanın hərəkətləri sarıdan narahatlığımızı yoluna qoymalı, avropalı müttəfiqlər və tərəfdaşlarımızla tam koordinasiya çərçivəsində baş verməlidir”, – Ağ evin sözçüsü Jen Psaki deyib.

Moskva ötən həftə danışıqlar aparmaq istədiyi təhlükəsizlik təklifləri siyahısını açıqlayıb. Təkliflərə NATO-nun şərqə doğru genişlənməsini dayandırmaq vədi, alyansın Şərqi Avropada hərbi fəaliyyətini, eləcə də Ukrayna və Gürcüstanla əməkdaşlığı məhdudlaşdırmaq daxildir.

Psaki ABŞ-ın mövqeyini bir daha ifadə edib: suveren ölkələrin alyansları seçmək hüququ var və NATO-nun Ukrayna ilə münasibəti “yalnız Ukraynanın və NATO-nun 30 müttəfiqinin qərar verəcəyi məsələdir”.

Moskva da hazır olduğunu deyir

Uşakov deyib ki, Moskva təhlükəsizlik təminatları ilə bağlı sənəd layihələri üzrə danışıqlara başlamağa hazırdır, Rusiyanı danışıqlarda Xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edəcək. Açıqlamanı Kremlin sözçüsü Dmitri Peskov verib.

Ryabkov isə Moskvanın indiyədək Birləşmiş Ştatlardan cavab almadığını bildirib.

“Məncə, onlar bunu ləng bir prosesə çevirməyə çalışacaqlar. Biz isə prosesin təcili getməsini istəyirik, çünki vəziyyət çox çətindir, kəskindir, daha da mürəkkəbləşməyə meyllidir”, – RIA Ryabkova istinadla xəbər verir.

XS
SM
MD
LG